Azərbaycan və Türkiyə təhsil sahəsində əməkdaşlığı dərinləşdirir

749

Tarixi günlərdə yaşayırıq. 30 ilə yaxın düşmən əsirliyində olan torpaqlarımızı 44 gündə azad etdik. Nə xoş bizə ki, bu günlərin şahidi olduq. Və bir şeyə də tam əmin olduq ki, Ali Baş Komandanımızın qeyd etdiyi kimi: “Biz birlikdə  güclüyük!”.  Bəli,  gücümüz dövlətlə xalqın birliyindədir və biz bu günün nələrə qadir olduğunu gördük. Uzaqgörənliklə müxalif qüvvələri  belə öz ətrafında cəmləşdirən Prezidentimiz bu birliyi dəmir yumruğa çevirdi.  Eyni zamanda gücümüz qardaş ölkə Türkiyə ilə birlikdə olmaqda özünü göstərdi. II Qarabağ müharibəsi dövründə Türkiyənin nəfəsini,  mənəvi dəstəyini hər an hiss etdik, arxamızda böyük bir gücün olduğunu gördük. “Bir millət, 2 dövlət olaraq  qələbə paradında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev çiyin-çiyinə durdular, dostlara sevinc, düşmənlərə qorxu bəxş etdilər.

Qardaş Türkiyə ilə bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur. Bu istiqamətlərdən biri də təhsildir. Bir neçə gün öncə Türkiyə  Cümhuriyyətinin Milli Təhsil Naziri Ziya Selçuk Azərbaycana işgüzar səfərə gəldi və Respublika Prezidenti cənab İlham Əliyev onu qəbul etdi. Qəbulda hər iki respublikanın təhsil sahəsindəki əməkdaşlığından danışıldı və qarşıda duran vəzifələr müəyyənləşdirildi. Cənab İlham Əliyev Türkiyə və Azərbaycan gənclərinin bir-biri ilə daha sıx bağlanmasında, hər sahədə bir-birinə arxa-dayaq olmasında, gələcəkdə də bugünkü dostluğu, qarşılıqlı münasibəti dərinləşdirməkdə təhsilin böyük rolu olduğunu xüsusilə vurğuladı. Hər iki dövlətin ali məktəbləri həm türk, həm də azərbaycanlı tələbələrin üzünə açıq olmalı, həm Türkiyədə, həm də Azərbaycanda həmin gənclərin təcrübə keçməsinə şərait yaradılmalıdır. Beləliklə, təhsilin keyfiyyətini artırmaq, ixtisaslı kadrların yetişdirilməsinə nail olmaq mümkündür. Bu proses respublikalarımız arasında neçə vaxtdır ki, davam edir. Amma bu ənənəni daha da genişləndirmək, aktual məsələ kimi önə çəkmək lazımdır. Gənclər forumları, birgə təhsil proqramları və s. tədbirlər keçirməklə dili bir, ruhu bir, soy-kökü, adət-ənənəsi bir olan iki qardaş xalqın gənclərini sıx tellərlə elə bağlamaq olar ki, qoşa Zirvə kimi mərdanə durub, heç bir düşmən təxribatına uymazlar. Axı Türkiyədə “can Azərbaycan” deyirlər, Azərbaycanda “bir millət, iki dövlət” söyləyirlər. Bu məhəbbətin, bu bağlılığın kökləri daha dərindədir. Daha dərinlərə kök atması isə qarşılıqlı əməkdaşlığa söykənən təhsil olacaq. Millətlərimiz məktəblərimizdə doğulanda bu laylanı eşitməlidir:

Bir əldə Misri qılınc,

Bir əldə “Quran” olsun.

Böyüsün gündən-günə

Əbədi Turan olsun

Azərbaycan-Türkiyə!

Qəbul zamanı cənab İlham Əliyev peşə təhsilinin səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirməyi tövsiyə etdi. Azad olunan torpaqlarımızda müxtəlif təsərrüfat sahələrinin fəaliyyət göstərdiyi yaxın gələcəkdə peşəkar kadrlara böyük ehtiyac olacaq və bu kadrları birgə əməkdaşlıqla yetişdirmək məqsədəuyğundur. Regionlarımızın potensialına uyğun olaraq bacarıqlı bənnalar, elektriklər, sürücülər, kənd təsərrüfatı işçiləri Qarabağımızı cənnətə çevirəcək. Həmin cənnət məkanda artıq əsası qoyulmuş (Şuşada, Ağdamda) məktəblər tikiləcək, həmin məktəblərdə oxuyan uşaqlar qürurla deyəcəklər: “Qarabağ Azərbaycandır!”

Təhsil təkcə ayrı-ayrı elm sahələrini dərindən öyrənməkdən ibarət deyil, təhsil həm də mənəvi dəyərlərin aşılanması prosesidir. Yaxşı vətəndaş, vətənpərvər gənc, mənəvi dünyası zəngin şəxsiyyət təhsil ocaqlarında formalaşır. Tarixi həqiqətləri örənmək, tarixin dərslərindən nəticə çıxarmaq üçün tariximizin yeni dövrü-II Qarabağ müharibəsi dövrü olduğu kimi qələmə alınmalı, bütün dünyaya 44 günlük müharibənin salnaməsi bəyan edilməli, düşmənlərimizin yalan məlumatlarının mətbuata yol açmasının qarşısı tarixi faktlarla alınmalıdır.

Zəfər dastanımızı yazan, yeni tariximizi yaradan Ali Baş Komandanımızın qətiyyəti, bu qətiyyəti döyüş meydanında həyata keçirən hərbçilərimizin şücaəti, ölümün üstünə mahnı oxuya-oxuya gedən şəhidlərimizin fədakarlığı,  arxa cəbhədə xalqla ordunun birliyi oldu. Bu tarix ali və orta məktəb dərsliklərinə salınmalı və öyrənilməlidir. Çünki bu tarix böyük vətənpərvərlik məktəbidir.  Bu tarix öyrətdi ki, vətəni necə sevmək, vətən üçün necə qurban getmək olar.

“Gənclər tarixi olduğu kimi bilməlidir. Təhrif edilmiş tarixin böyük təhlükəsi var.”  Bu sözlər liderimizin-İlham Əliyevin sözləridir.

Bəli, tarixi yaratdıq, indi əsas vəzifə həmin tarixi olduğu kimi yazmaqdır. Bu tarixin qəhrəmanı Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Onun dəmir yumruğunun gücü, ermənipərəst dövlətlərin məkirli siyasətini ifşa edən məntiqi, təxribatçı suallara aydın, əsaslandırılmış, kəskin cavabları, xalq arasında aforizmə çevrilən sözləri yazılacaq tarixin qızıl səhifələri olacaq. Hərb meydanında Ali Baş Komandan, siyasət arenasında ali siyasətçi, ölkəsində xalqın sevdiyi və arxasınca getdiyi ali prezident, “ Ata vəsiyyətini həyata keçirdim, Şuşa azad oldu” deyəndə gözləri yaşaran ali övlad və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Qardaşım sayın İlham Əliyev” deyə müraciət etdiyi Ali Türk Alilər alisi .  Hər birimizin Prezidenti. (“Mən hər bir azərbaycanlının prezidentiyəm”)  Azərbaycan durduqca əbədi olacaq.  Çünki  “Tarixdə heç nə silinmir” (H. Əliyev).

Müstəqillik yollarımız qərənfil yağışından (şəhidlərimizin qanından) başladı və xarıbülbüllə (zəfərlə) möhkəmləndi. İnanıram ki, bu müstəqillik, bu zəfər daha böyük töhfələrlə zənginləşəcək, əbədi olacaq. Bir-birindən güc alan qoşa zirvələrə – Azərbaycan və Türkiyəyə əsən küləklər, yağan yağışlar, çaxan ildırımlar neyləyə bilər ki ?!  Axı biz birlikdə güclüyük!

Elmira Allahverdiyeva, Əməkdar müəllim

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər