Azərbaycan xalqı tarixi ədaləti döyüş meydanında bərpa etdi

790

Bildiyimiz kimi, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Bu görüşdə türkdilli ölkələrin prezidentləri çıxış  edərək bir sıra iqtisadi, siyasi və mədəni məsələlərə toxunublar. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi türkdilli ölkələr arasında yeni əlaqələrin yaranması üçün münbit şərait formalaşdırıb. Beləliklə, Cənubi Qafqazda sabitlik təmin olundu və gələcəkdə iqtisadi əlaqələrin inkişafına və Böyük İpək yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açdı.

Görüşdə müzakirə olunan ən vacib məsələlərdən biri də II Qarabağ müharibəsi oldu. Prezident İlham Əliyev çıxış edərək bildirdi ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayıb. Bu işğal nəticəsində xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, mədəni və dini abidələrimiz məhv edilib, təbii resurslarımız talan olunub və nəticədə, Azərbaycan iqtisadiyyatına ciddi ziyan dəyib. Beynəlxalq təşkilatlar və bir sıra aparıcı ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəkləsələr də, lakin heç bir praktiki addım atmadılar. BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilən torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilib və icrasız qalmışdı. Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılıb və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmayıb. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.

Bundan əlavə, Ermənistan rəhbərliyinin təxribatçı addımları da məsələnin sülh yolu ilə həllini daha da çətinləşdirmişdi. Ermənistan rəhbəri bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Digər təxribat xarakterli addımlardan biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Nəhayət, Azərbaycan xalqının səbri tükəndi və 2020-ci il sentyabr ayının 27-də Müzəffər Azərbaycan ordusu “Dəmir yumruq” adlı əks-hücum əməliyyatına başladı. 44 gün davam edən bu müharibə Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələndi, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, 300-dən çox şəhər və kənd düşmən tapdağından təmizləndi. Beləliklə, məsələ hərbi-siyasi yolla həll olundu. Artıq tam əminliklə deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hər hansı bir ərazi vahidi yoxdur.

Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti oldu. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da bizə öz siyasi dəstəyini göstərib.

Artıq torpaqlarımız azaddır. Lakin bu torpaqlardan erməni vandalizmi yan keçməyib. Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilib. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb. Tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 60-dan çox məscid erməni təcavüzünün qurbanına çevrilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Hər şeyi məhv edən erməni vandalları hətta qəbiristanlıqlardan da yan keçməyiblər. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilmişdir.

Azad olunmuş torpaqlarda geniş quruculuq işləri həyata keçirmək üçün ilk növbədə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı aparılmalıdır. Təcavüzkar Ermənistan bugünə qədər minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməyib. Müharibədən sonra bir neçə mülki şəxs və hərbçi minaya düşərək həlak olub. Bu da öz növbəsində azad edilmiş ərazilərdə infrastruktur layihələrin həyata keçirilməsini, şəhər və kəndlərin bərpasını və məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə törədir. Bu, növbəti hərbi cinayətdir. Ona görə də minalardan təmizləmə işi daha çox vaxt aparacaq.

Artıq o ağrılı günlər geridə qalıb. Qarşımızda yeni imkanlar yaranıb ki, onların içərisində də ən mühümü nəqliyyat imkanlarıdır. Buna misal olaraq, Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasının birləşməsini göstərmək olar. Vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana verilməsi də məhz Türk dünyasını parçalamaq məqsədi daşıyırdı. Əminik ki, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək.

Vaqif Süleymanov

Əməkdar Mədəniyyət işçisi, Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər