AZƏRBAYCANA YÜKSƏLİŞ VƏ QALİBİYYƏT BƏXŞ EDƏN SİYASƏT

176
Xalqımızın Vətən müharibəsindən başlanan və bu gün də davam edən şərəf salnaməsindən bəhs edərkən ulu öndər Heydər Əliyevi xatırlamaya bilmirik. Çünki Azərbaycanı böyük uğurlara aparan yolun təməlləri məhz əbədiyaşar Heydər Əliyevin müəllifliyi ilə yaradılıb.
Heydər Əliyev bütün zamanlarda, bütün tarixi mərhələlərdə, ən çətin anlarda öz xalqının yanında olub. Ötən əsrin 70-ci illərində respublikamızda yaşanan milli, iqtisadi və sosial intibah birmənalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. O dövrdə Heydər Əliyev Azərbaycanı yalnız inkişaf yoluna çıxarmamışdı. Dövlət tədbirlərində ana dilində danışan, Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olan, şair və yazıçılarımızı repressiyalardan xilas edən ulu öndər xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin qorunması, yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün nə lazımdırsa, hamısını etmişdi. Bu baxımdan ilk dəfə onda xalqımız öz dahi oğlunun vətənpərvərliyinə, cəsarətinə, milli hissələrə bağlılığına şahidlik etmişdi.
Məhz Heydər Əliyevin sayəsində Azərbaycan ittifaq miqyasında sosial-iqtisadi göstəricilərinə görə sonuncu yerlərdən qabaqcıl mövqeyə yüksəlmişdi. Heydər Əliyev respublikamızda elə bir möhkəm iqtisadi baza yaratmışdı ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da xalqımız onun bəhrəsini hiss etdi. Həmin iqtisadi potensial Azərbaycan üçün böyük imkanlar açmış və bu gün də müstəqil dövlətimizə xidmət göstərir.
 Mənim doğulduğum və bu gün Milli Məclisdə təmsil etdiyim Sumqayıt şəhəri də ilk intibahını Heydər Əliyevin respublikamıza ilk rəhbərliyi dövründə yaşayıb. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin ən əlamətdar səhifələri yazılıb. Sumqayıtlılar  ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Ölkəmizə rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb. Sumqayıtın böyüməsi, ittifaq əhəmiyyətli sənaye şəhərinə çevrilməsi, 700-dən artıq şəhərə məhsul göndərməsi məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdu.
Heydər Əliyev mühüm dövlət vəzifələrində çalışmayanda da xalqının yanında idi. Ağır 20 yanvar günərini hər birimiz yaxşı xatırlayırıq. Azərbaycan rəhbərliyinin susduğu, qətiyyətsizlik nümayiş etdirdiyi bir vaxtda etiraz səsini ilk ucaldan Heydər Əliyev oldu. Moskvadakı Azərbaycan nümayəndəliyində Heydər Əliyevin faciəni törədənləri ifşa etməsi cəsarətin, qətiyyətin təcəssümü oldu. Xalqımız bir daha öz övladının vətən sevgisinə, milli hissələrə nə qədər bağlı olmasına şahidlik etdi.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanda tamamilə yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu, xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu. Heydər Əliyevin zəngin təcrübəsinin nəticəsi idi ki, Azərbaycanda 1993-cü ildən sonra hüquqi-demokratik dövlət quruculuğunun uğurla həyata keçirilməsinə başlanıldı. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, dövlət təsisatları yaradıldı. Ölkədə siyasi və milli-ideoloji birliyin təməli qoyuldu, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrildi, azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən amala çevildi. Ulu öndərin müəllifliyi ilə hazırlanan neft strategiyası Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə yüksəltdi, iqtisadi və sosial inkişafın uğurlu təməlləri formalaşdırıldı.
Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Heydər Əliyev öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Zəmanəmizin ən görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın ümummilli liderinə çevrildi. Heydər Əliyevin ümummilli lider obrazı  ilk növbədə, onun şəxsi keyfiyyətlərində özünü təcəssüm etdirirdi. Onun şəxsi keyfiyyətlərinin prinsipiallıq və siyasi iradə komponentləri üzərinə götürdüyü tarixi missiyanın uğurunu zərurətə çevirən başlıca amil kimi nəzərdən keçirilir.

 

 Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 19 ildə bu siyasətin dövlətimizə və xalqımıza bəxş etdiyi nailiyyətlər möhtəşəmliyinə, əzəmətinə və əhatəsinə görə bir neçə onilliyə bərabərdir.  Təbii ki, respublikamızın bu dövrdə nail olduğu daxili və beynəlxalq uğurları təmin edən əsas amil Prezident İlham Əliyevin mütərəqqi idarəçiliyi, ölkəyə müdrik rəhbərliyi, qətiyyəti və siyasi iradəsidir. Dövlətimzin başçısının qlobal nüfuzu, dünyada baş verən proseslərə təsir etmək imkanları, uğurlu müdrik diplomatik gedişləri, dünyada şəxsiyyətinə və fəaliyyətinə hörmətlə yanaşılan lider olması da dövlətimizin uğurlarını təmin edən amillər kimi çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində qazanılan nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin daha işıqlı gələcəyinə dərin inam hisslərini gücləndirir.
Bu dövrdə iqtisadiyyatımızın bir nesə dəfə artması, əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yüksəlməsi, vətəndaşlara göstərilən tibbi xidmətlərinin keyfiyyətinin ən müasir standartlar səviyyəsinə çatdırılması cənab  İlham Əliyevin inkişaf siyasətinin uğurlu nəticələridir. Fəxrlə deyə bilərik ki, cənab İlham Əliyev Azərbaycanı öz tarixinin  ən qüdrətli dövlətinə çevirməyə müvəffəq olan fenomenal şəxsiyyətdir.
2020-ci ilin Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə isə Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin və Azərbaycanın artan gücünün təcəssümü oldu.Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimzin qaytarılması ilə nəticələndi. 44 gün davam edən  bu savaş tariximizin parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Tariximizin ən möhtəşəm uğurlarına nail olan İlham Əliyev bu dəfə Azərbaycanı həm də qalib dövlət etdi.
Torpaqlarımızı azad edən Prezident İlham Əliyev indi onlara yeni həyat bəxş edir. Cənab İlham Əliyevin müdrikliyi ilə azad olunan Qarabağ və Şərqi Zəngəzur dövlətimizin başçısının qətiyyəti ilə də bərpa olunur.Cəmi 1 ərzində Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası olduqca böyük, möhtəşəm və əzəmətlidir.
Vətən müharibəsindən sonra Azərbaycan yüksəlişinin yeni mərhələsinə qədəm qoyub. Torpaqlarımızın azad edilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, o cümlədən pandemiyanın çətinliklərinin geridə qalması, iqtisadiyyatdakı artım tendensiyaları respublikamızı yeni uğurlara aparır. Görünən odur ki, nailiyyətlərimiz və qələbələrimiz davamlıdır.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər