“Rus məktəblərinin saxlanılması Azərbaycan vətəndaşlarının “çox dil bilmək” imkanlarının genişləndirilməsi kimi cəmiyyətə sırınır”.
elieliyev
Bu fikirləri Yenicag.az-a açıqlamasında Estoniyada rus dilində təhsilin qadağan olunması təcrübəsinin Azərbaycanda da tətbiq olunmasının zəruriliyi haqda danışan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Əli Əliyevin fikrincə, Azərbaycanda təhsil istisnasız olaraq, dövlət dilində aparılmalıdır:
“Çox təəssüf ki, Azərbaycanda təhsilin hansı dildə aparılması və əhalinin dil bilmək məsələləri bir çox hallarda qarışdırılır.
Konkret desək, rus məktəblərinin saxlanılması Azərbaycan vətəndaşlarının “çox dil bilmək” imkanlarının genişləndirilməsi kimi cəmiyyətə sırınır.
Ancaq ölkədə təhsilin istisnasız olaraq, dövlət dilində aparılmasının tərəfdarı olan bizlər bu yanaşmanı doğru saymır və qəti şəkildə qəbul etmirik.
Bu mövqedə olan insanlar, o cümlədən, mən də hesab edirəm ki, təhsil dövlət dilində aparılmalıdır.
Bununla belə, Azərbaycan məktəblərində başqa xarici dillər, həmçinin də rus dili altını cızaraq deyirəm, əcnəbi dil statusunda tədris edilməlidir.
Rus dilində təhsili ləğv edən Estoniya, Litva, eləcə də slavyan ölkəsi olan Ukrayna düzgün yoldadırlar. İnanıram ki, Azərbaycanda da əvvəl-axır bu addım atılacaq”.
Qeyd edək ki, Estoniyada rus dilində təhsilin çoxdan ləğv olunduğunu ölkə prezidenti Kersti Kalyulayd bəyan edib.