Bu yaxınlarda yeni təşkil edilən 152 nömrəli müntəzəm marşrut xətti Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirir. Xəttin əsas özəlliyi onun bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrut olmasıdır.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, marşrut xətti Zirə sakinlərinin və bələdiyyəsinin agentliyə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilib.
Marşrut xətti üzrə sərnişindaşıma bu sahədə mövcud tələblərə cavab verən iki ədəd müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir. Ay ərzində bu marşrut xətti üzrə Zirə-Mərdəkan, eləcə də əks istiqamətdə 15-16 min sərnişin daşınır. Marşrut xəttinin istifadəyə verilməsi ilə Zirə qəsəbəsi sakinlərinin ictimai nəqliyyatdan istifadə etməklə şəhər mərkəzi, eləcə də ətraf yaşayış yerlərinə gediş-gəlişi asanlaşıb.