Azərbaycanın ali məktəblərində ödənişli təhsil problemi tez-tez gündəmə gəlir. Bəziləri düşünür ki, təhsil, ümumiyyətlə ödənişsiz olmalıdır. Digərlərinin fikrincə, bu, indiki reallıqda bunu mümkün deyil.
Ali məktəblərə qəbulun nəticələrinin elan olunacağı ərəfədə bu məsələni “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, ekspert Qadir İbrahimli bir daha qabardıb. O hesab edir ki, dövlət ali məktəblərində ödəniş ləğv edilməlidir.
Ekspertin sözlərinə görə, orta aylıq gəlirin 550 manat olan ölkədə illik təhsil haqqının 5500-6500 manat olması absurddur: “Ümumiyyətlə, dövlət universitetlərində təhsil pullu ola bilməz. Ödənişli təhsil yalnız özəl unversitetlərdə və dövlət universitetlərində oxuyan əcnəbi tələbələrə aid olmalıdır”.
Universitetlərin muxtariyyatı tanınmalıdır
Bununla bağlı Lent.az -a açıqlama verən deputat Fazil Mustafa hesab edir ki, problemi həll etmək üçün ilk növbədə universitetlərin muxtariyyatı tanınmalıdır: “Universitetlər yalnız ödənişlə deyil, əmək bazarı hesabına da gəlir əldə edə bilməlidir. Dövlət məktəblərində daha çox bal toplayanlarla digərlərini fərqləndirmək üçün simvolik ödəniş saxlamaq olar. Amma bütövlükdə universitetlərin gəlir mənbəyi məsələsini həll etmək lazımdır. Ali məktəblərə ayrılan vəsait yetərli deyil. Dövlətin imkanı artıqca bunu daha da artıra bilər. Qeyd etdiyim kimi, universitetlərə muxtariyyat verilsə, onlar rahatlıqla gəlir əldə edər və prosesi tənzimləyə bilərlər”.
O, dövlət məktəblərinin hamısında tələbələri ödənişdən azad etməyin çətin məsələ olduğunu, bunun problemə yol aça biləcəyini deyib. İstisna hal kimi bir neçə sahədə ödənişi tamamilə götürmək olar, – deyən deputat Tibb Universitetinin adını çəkib: “Tibb sahəsində ödənişi tamamilə ləğv etmək olar. Bunun kimi bir neçə spesifik sahə var ki, cəmiyyət üçün olduqca vacibdir və həmin universitetlərdə dövlət hər hansı şəkildə ödənişsiz təhsili təmin etməlidir. Eyni zamanda, pedaqoji sahədə təhsil verən ali məktəbləri qeyd edə bilərəm. Bu iki sahədə dövlətin xüsusi marağı var”.
F.Mustafa onu da bildirib ki, dövlət sifarişli yerlərin sayı artdıqca universitet gəlir götürmək üçün başqa yollar axtarır və nəticədə digər tələbələrin ödənişini yüksəldir: “Ödənişin artırılması pullu təhsil alanlar üçün çətinlik yaradır. Təhsilin səviyyəsi ilə ödəniş arasında təzad yaranır. Ödənişsiz təhsil alanların sayının artması yaxşıdır, amma bu addım ödənişli təhsil alan tələbələrin qayğısını artırır. Çünki universitetlər pullu təhsil alanların ödənişini yüksəltməyə məcbur olur. Universitet vəsait qazanmalıdır ki, təhsil verə bilsin. Bunun üçün də indiki şəraitdə ən əlverişlisi tələbələrin ödədiyi vəsaitdir”.
Ən yaxşı təcrübə 50 faizi ödənişli, 50 faiz ödənişsiz təhsilin həyata keçirilməsi ola bilər
Təhsil eksperti Etibar Əliyev Lent.az -a bildirib ki, indiki şəraitdə dövlət ali məktəblərinin ödənişdən tamamilə imtina etməsi mümkün deyil. Onun fikrincə, ən yaxşı təcrübə 50 faiz ödənişli, 50 faiz ödənişsiz təhsilin həyata keçirilməsi ola bilər: “1992-ci ildə qəbul olunmuş qanunda bu məsələ əksini tapmışdı. Sonradan bu maddəyə təsadüf olunmadı. Bu gün 6-7 universitet publik hüquqi şəxsə çevrilib. Belə olan halda həmin universitet özü-özünü yaşatmalıdır. Burada çalışan professor-müəllim heyətinin əmək haqqı, eyni zamanda administrativ heyətin, binanın saxlanılma xərcləri aid edilir. Hazırda universitetlərin tələbələrdən aldıqlarından başqa demək olar ki, gəlirləri yoxdur. Universitetlərin böyük kampusları yoxdur, iri qrant layihələrində iştirak edə bilmirlər. Ona görə də onların yaşamasının yeganə mənbəyi tələbə vəsaitləridir”.
E.Əliyev çıxış yolunu çox kiçik faizlərlə tələbələrə kreditlərin verilməsində görür: “Boloniya bəyannaməsinə qoşulan ölkələrin əlsəriyyətində uzunmüddətli 2-3 faizli kreditlər verilir. Tələbələr təhsillərini başa vurduqdan sonra banklara borclarını qaytarırlar”.
Ekspert onu da bildirib ki, bu il təhsil haqlarında ciddi artımlar hiss olunmur: “Onsuz da universitetlər təhsil haqlarını maksimum səviyyədə yüksəldə biliblər. Tibb universitetində 4500, BDU-nun Hüquq fakültəsində 4000, ADU-da 2500 manat və s. qiymətlər var. Bu təhsil haqları dünya ilə müqayisədə və verilən təhsilin keyfiyyətinə görə yüksək sayılır. Ancaq sifarişli yerlərin artırılması tələbələr arasında rəqabəti də gücləndirir. Ödənişsiz yerlərin sayının artırılması müsbət haldır”
Azərbaycanda təhsil haqqı dünyanın 1000 universitetindən bahadır
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, dövlət universiteti lazım olan qədər kadr hazırlığının həyata keçirilməsi üçün dövlət sifarişli plan yerləri elan edir: “Bu il ödənişsiz yerlərin sayı 8 minə yaxın artırılıb və ümumi ödənişsiz yerlər 20 mini ötüb. 2020-ci ildə bu rəqəm 25 minə çatdırılacaq. Bu o deməkdir ki, qəbul plan yerlərinin gələn il 50 faizi pulsuz, ödənişsiz olacaq. Dövlət universitetlərində təhsil 100 faiz ödənişsiz ola bilməz. Bu dövlət büdcəsinə əlavə yükdür. Eyni zamanda, universitet öz xərclərini ödəmək imkanını itirəcək. Ödənişli əsaslarla təhsil alan tələbələrdən daxil olan vəsaitlər universitetin təmir, tikinti və digər xərclərinin ödənilməsinə təminat verir. Dövlət büdcəsindən ayrılan vəsaitlər isə çalışanların təhsil haqqına sərf olunur. Ona görə də 100 faiz tam şəkildə ödənişsiz mümkün deyil, amma yüksək bal toplayan abituriyentlər bir universiteti seçərsə, praktik olaraq bu mümkün olar”.
Ekspert qeyd edib ki, ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur: “Bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilən təhsil haqlarında müxtəlif təhsil haqları ixtisaslar üzrə plan yerlərinin sayı da təsir göstərir. Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Məsələn, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür, bu zaman ortaya az məbləğ çıxır. Amma xalq çalğı alətləri, solo oxuma, dirijorluq və digər ixtisaslar üzrə plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu, əlbəttə, təklif olunan qiymətlərdir”.
Ali məktəblərin plan yerlərinin tam dolmadığını xatırladan K.Əsədov nəticədə öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yarandığını bildirib. Onun sözlərinə görə, bu səbəbdən ali təhsil müəssisələri təhlükəsizlik marjiyasını müəyyən etmək üçün təhsil haqlarını daha da qaldırırlar: “Son 7 il ərzində 5 mindən çox tələbənin təhsil haqlarını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyduğunu nəzərə alsaq, indiki təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz çox sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq. Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər, onlar o qədər yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərə almalıdırlar. Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır. Hazırda Azərbaycanda dövlət universitetlərində ən yüksək təhsil haqqı 6500 manat, ən aşağı təhsil haqqı isə 1000 manatdır. Qardaş Türkiyənin dövlət universitetlərində minimum təhsil haqqı 100 manat, maksimum təhsil haqqı 3000 manatdır. Rusiyada bu rəqəm 400 manat və 3500 manat arasında dəyişir. Ukraynada 500-2500 manat məbləğində təhsil haqqı dəyişir. Bu dövlət universitetində olan təhsil haqlarıdır”.
Özəl universitetlərdə rəqəmlər fərqlidir
K.Əsədov hesab edir ki, universitetlər təhsil haqlarını aşağı salmalı, tələbələrə təhsil haqqını hissə-hissə ödəməyə imkan verməli, eyni zamanda tələbələrə güzəştli şərtlərə, faizsiz təhsil kreditləri verilməlidir. Onun sözlərinə görə, bu il təhsil haqqı artımı keçən illə müqayisədə ciddi məbləğ olmasa da, plan yerlərinin sayının artması bu məsələyə təsir edib: “Ötən il ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak etmişdi və onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşdu. Həmin abituriyentlərdən 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə etmişdi. Bu il isə müvafiq olaraq müsabiqədə 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent mübarizə aparır. Plan yerlərində olan artım universitetlərin də gəlirini artıracaq”.
Qeyd edək ki, 2019-2020-ci tədris ilində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı 2018-ci illə müqayisədə 7985 və ya ümumilikdə 65.43 faiz artırılıb.
Bu il I-V ixtisas qrupları üzrə ali məktəblərə ayrılan dövlət sifarişli yerlərin sayı 20189-dur.
2018-ci ildə isə bu rəqəm 12 204 olub.