Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir

404

Cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi.

Prezident İlham Əliyevin bu iclaslarda etdiyi çıxışlar, ölkənin enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçid sahəsindəki liderliyini bir daha nümayiş etdirdi. Bu iclaslar Azərbaycanın enerji sektorundakı yenilikçi yanaşmasını və qlobal enerji təhlükəsizliyindəki mühüm rolunu təsdiqləyən platformaya çevrildi. Prezident Əliyevin vurğuladığı kimi, Azərbaycanın enerji diversifikasiyası və bərpa olunan enerji resurslarının inkişafı istiqamətindəki addımları, ölkənin həm regionda, həm də beynəlxalq miqyasda etibarlı və yenilikçi tərəfdaş kimi mövqeyini gücləndirir. Dövlətimizin başçısı çıxışında Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək və ekoloji dayanıqlılığı qorumaq üçün öz üzərinə götürdüyü məsuliyyətin əhəmiyyətini və ölkənin bu sahədəki irəliləyişini qeyd etdi.

Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan və Albaniya arasındakı münasibətlər, enerji təhlükəsizliyi məsələlərində qarşılıqlı dəstəklə nümunəvi bir əməkdaşlıq göstərir. Albaniyanın Cənub Qaz Dəhlizi layihəsindəki rolu həm regionda enerji təhlükəsizliyinin təmin edilməsində, həm də Avropa enerji bazarına müxtəlif enerji mənbələrindən təchizatın şaxələndirilməsində mühüm addımdır.

İki ölkə arasındakı əməkdaşlıq yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır. Yaşıl enerjiyə keçid prosesi, hər iki dövlətin gələcək inkişaf strategiyasının mühüm bir hissəsidir.

Prezident çıxışında vurğuladı ki, ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək.

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişlənməsi və Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadəsi, regionda enerji təhlükəsizliyinin təmin edilməsində yeni imkanlar açır. Bu, həmçinin Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Çıxışda vurğulandı ki, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaq.

Azərbaycanın yaşıl enerjiyə keçid prosesindəki fəaliyyəti ölkənin bu sahədə irəliləyişə sadiqliyini göstərir. “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi və bərpaolunan enerji layihələrinin icrası, Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədəki rolunu gücləndirir. Bu kontekstdə, “Qara Dəniz Yaşıl Kabel” layihəsi kimi təşəbbüslər Azərbaycanı Avropaya yaşıl enerjinin əsas ixracatçılarından birinə çevirəcək potensiala malikdir.

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi ilə Avrasiyada enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Layihə enerji mənbələrinin şaxələndirilməsi və təhlükəsiz enerji təchizatının təmin edilməsi baxımından nümunəvi bir əməkdaşlıq modelidir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkənin qlobal iqlim dəyişikliyi ilə mübarizədəki fəaliyyətini nümayiş etdirir. Bu, həmçinin Azərbaycanın yaşıl enerjiyə keçid prosesindəki iradəsinin və bu istiqamətdəki səylərinin beynəlxalq səviyyədə təqdir olunmasının göstəricisidir.

Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarında etdiyi çıxışlar Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların və gələcək hədəflərinin bir təqdimatı oldu. Bu çıxışlar Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçid yolunda atdığı mühüm addımları və bu sahədəki liderliyini təsdiqləyir. Enerji diversifikasiyası, bərpa olunan enerji resurslarının inkişafı və yeni enerji mənbələrinin kəşfi kimi məsələlər, Azərbaycanın həm regional, həm də qlobal səviyyədə etibarlı və yenilikçi bir tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər