Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ildən-ilə daha da artır

783

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət yürüdən və beynəlxalq aləmdə çox böyük nüfuza sahib olan bir ölkəyə çevirilib. Ölkəmizin nüfuzu ildən-ilə daha da artır və Azərbaycan regionda və dünyada söz sahibinə çevrilir. Bu gün Azərbaycan həyata keçirdiyi siyasət nəticəsində regionda lider ölkə statusunu qoruyub saxlayır. Bu nüfuzun qazanılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir.

Bu gün Azərbaycan 44 günlük Vətən Müharibəsi nəticəsində 28 May – Respublika Gününü qalib ölkə kimi qeyd edir. Son günlər Respublika Günü münasibəti ilə 60-dan çox ölkə lideri tərəfindən Prezident İham Əliyevə ünvanlanan təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, yüksələn nüfuzunun və əməkdaşlıq səviyyəsinin göstəricisidir.

Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji şaxələndirilməsinə verdiyi töhfələri qətiyyətlə dəstəkləyir

Prezident İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra Azərbaycanın xarici siyasətində dünyanın ən qüdrətli dövləti olan ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafını əsas prioritetlərdən biri kimi saxladı. Ötən illər ərzində ABŞ-Azərbaycan strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf etdi, tərəflər arasında genişlənən strateji tərəfdaşlıq münasibətlərində önəmli nəticələr əldə olundu.  İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün ABŞ və Rusiya ilə yanaşı, həm də Çin və ABŞ-ın rəqabət aparması ölkəmizin yüksələn nüfuzunun və regiondakı rolunun nəticəsidir.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydendən Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevə ünvanladığı məktub iki ölkə arasında münasibətlərin inkişaf etməsindən xəbər verir.

Məktubda qeyd olunur ki, bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar.

Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin daha da inkişaf etdirilməsində maraqlıdır.Məktubda o da vurğulanır ki, ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.

Prezident İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində Azərbaycan ABŞ-ın terrora qarşı qlobal mübarizədə ən mühüm tərəfdaşlarından biri olaraq qaldı. Ölkəmiz Əfqanıstan və İraqda beynəlxalq sülhməramlı əməliyyatlara dəstək verdi. Əfqanıstandakı Amerika qüvvələrinin təchizatı üçün Azərbaycan üzərindən keçən yeni nəqliyyat dəhlizi açıldı. Azərbaycan sülhməramlı qüvvələri İraqda 2008-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri ilə yanaşı öz beş illik hərbi xidmətini uğurla başa vurdu.

Məktubda Azərbaycanın terrorla mübarizədə oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur. Sitat: “Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq”.

Ötən 17 il ərzində Prezident İlham Əliyevin ölkənin strateji maraqları üzərində qurulmuş  xarici siyasətinin nəticələrindən biri kimi Azərbaycanla ABŞ arasında qarşılıqlı hörmət və maraqlara söykənən tərəfdaşlıq münasibətlərinin daha da gücləndiyinin şahidi oluruq.

Dünya ölkələri ilə münasibətləri qarşılıqlı maraqlar çərçivəsində inkişaf edir

Rusiya strateji tərəfdaşlığı və səmərəli əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır

Bir çox ölkələr Azərbaycanı əldə etdiyi nailiyyətlər, artan nüfuz və iqtisadi potensialına görə strateji tərəfdaş kimi görür.  Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini vurğulayıb.

Sitat: “Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır”.

Məktubda Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirildiyi qeyd olunub. Birgə səylərlə bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığın və səmərəli əməkdaşlığın möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Çin Azərbaycan ilə münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevə ünvanladığı məktubda hazırda Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunduğu vurğulanır.

Bildirilir ki, ölkələrimiz hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyir. “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub.

Çin lideri məktubda vurğulayır ki, Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

İran iqtisadi və mədəni əlaqələrin genişləndiriləcəyinə əmindir

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani məktubunda Azərbaycanın  müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini vurğulayıb. İran lideri əmin olduğumu bildirir ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək.

İtalya Azərbaycan arasında çoxşaxəli münasibətlər daha da inkişaf edəcək

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella öz təbrik məktubunda əməkdaşlıq əlaqələrinin perspektivlərini qeyd edərək, xalqların rifahı naminə əməkdaşlığın davamlı olmasında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki,  Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir. İtalya prezidenti tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzalanacağına ümid edir. Əminəm ki, bu, ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişafına təkan verəcək.

Digər ölkə rəhbərləri tərəfindən ünvanlanan çoxsaylı təbrik məktublarında da ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyi, xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənəcəyi ifadə olunur.

Ötən dövr ərzində Azərbaycanın xarici siyasətində əldə edilmiş nailiyyətlər onun regionda və dünyada yerini daha da möhkəmləndirib. Bu gün ölkəmiz etibarlı, stabil tərəfdaş kimi qəbul olunur. Azərbaycanın xarici siyasətinin uğurlu olması ölkəmizin dünyada söz sahibinə çevrilməsinə və öz nüfuzunu daha da gücləndirməsinə şərait yaradır.

Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər