Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi nüfuzu daha da güclənir

623

Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi nüfuzu daha da güclənir

Prezident İlham Əliyevin ötən 18 il ərzində ölkənin çoxşaxəli inkişafa yönəlmiş daxili siyasəti ilə yanaşı həyata keçirdiyi fəal xarici siyasət nəticəsində bu gün Azərbaycan regionda əsas oyunçuya çevrilib. Həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün beynəlxalq tərəfdaşlarının əksəriyyəti Azərbaycanın regionda lider ölkə olduğunu qəbul edir və bunu nəzərə alır. Regionda Azərbaycanın iştirakı və razılığı olmadan hər hansı təşəbbüsün həyata keçirilməsi mümkün deyil. Bütün beynəlxalq oyunçular regionla bağlı siyasətini müəyyənləşdirərkən Azərbaycanın rolunu və mövqeyini nəzərə alırlar.

Azərbaycan regional və qlobal təhlükəsizliyin təmin edilməsində, eləcə də enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi qəbul olunur və bu istiqamətdə nüfuzu ildən-ilə artır. Azərbaycanın xarici siyasətinin uğurları imkan verir ki, regionda  söz sahibinə çevrilsin və öz nüfuzunu daha da gücləndirsin.

Bu baxımdan Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək məqsədi ilə Belçikaya etdiyi səfər mühüm əhəmiyyət kəsb edirdi. Səfər çərçivəsində ölkə başçısı Avropa İttifaqı Şurasının Prezidenti, NATO-nun Baş katibi ilə görüşdü, Şimali Atlantika Şurasının iclasında, eləcə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak etdi. Prezident İlham Əliyev görüşlərdə mühüm məqamlara toxundu, önəmli açıqlamalar verdi.

NATO-ya üzv dövlətlər ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha bəyan etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildən bəri NATO-nun mənzil-qərargahına yeddi dəfə işgüzar səfər etməsi əməkdaşlığın inkişafından xəbər verir. Azərbaycanın 1994-cü ildən NATO-nun Sülh naminə tərəfdaşlıq” proqramında iştirakı böyük əhəmiyyət kəsb edir. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı “Qətiyyətli Dəstək” əməliyyatında göstərdiyi xidmət beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Əfqanıstanda sülhməramlı missiyasına 2002-ci ildə başlayıb və bu il avqustun sonunda başa çatdırıb. Azərbaycan hərbçiləri 120 mindən çox mülki şəxsin Kabil hava limanı vasitəsilə təxliyyə edilməsində müstəsna rol oynayıb və Əfqanıstanı tərk edən koalisiya qoşunlarının sonuncusu olub. Bununla yanaşı Azərbaycan mütəmadi olaraq NATO-nun hərbi təlimlərində iştirak edir. Təkcə bu il NATO-nun aparıcı üzvü olan Türkiyə ilə 7 birgə hərbi təlim keçirilib. Bu təcrübə regionda sülhün təmin olunmasına və sabitliyə xidmət edir. Azərbaycanla NATO ölkələri arasında iqtisadi əlaqələr də inkişaf edir. 20-yə yaxın NATO ölkəsi Azərbaycandan neft idxal edir.

Alyansın dörd ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin sırası daha da genişlənə bilər. Bu onu göstərir ki, Azərbaycan enerji təchizatı sahəsində də etibarlı tərəfdaşdır.

Prezident İlham Əliyevin son 18 ildə xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı ilə çoxtərəfli tərəfdaşlıq olub. Enerji resursların Türkiyə vasitəsilə Avropa bazarlarına daşınması istiqamətində ardıcıl siyasəti, eləcə də Avropa meyarlarına uyğun islahatlar aparmaq istəyi sayəsində Azərbaycan dünyanın ən böyük güc mərkəzlərindən biri ilə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq əlaqələri qurdu. Azərbaycan həm də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsünə qoşulan aparıcı ölkələrdən biridir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyəti və regionun lider dövləti olması Aİ ilə tərəfdaşlığın əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyevin son səfəri, keçirdiyi görüşlər və əldə olunan nəticələr bunu bir daha təsdiq etdi.

2018-ci ildə Aİ ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi səmərəli əməkdaşlığın hüquqi təminatçısıdır. Azərbaycan və Aİ arasında yeni tərəfdaşlıq sazişi üzrə isə işlərin 90 faizdən çoxu artıq tamamlanıb.

Aİ-nin 9 üzvü, yəni üzv ölkələrin üçdə biri ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. İkitərəfli əsasda imzalanmış strateji tərəfdaşlığa dair

sənədlər əməkdaşlığın perspektivliyinin göstəricisidir.

Beləliklə, Prezident İlham Əliyevin son 18 ildə apardığı siyasət nəticəsində Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində böyük yol qət edilib. Bu gün Avropa İttifaqı Azərbaycanı regionun lider dövləti kimi tanıyır və onunla tərəfdaşlığa böyük önəm verir.

Prezident İlham Əliyevin Brüssel səfəri bir sıra məsələlərin müzakirəsi, eləcə də beynəlxalq əlaqələrin daha da genişləndirilməsi baxımından səmərəli və məhsuldar oldu. Azərbaycan bir daha dünyaya göstərdi ki, regionda əsas söz sahibi olaraq beynəlxalq təşkilatlar və güc mərkəzləri üçün əsas tərəfdaşdır. Bütövlükdə Prezident İlham Əliyevin Brüssel səfərinin nəticələri deməyə əsas verir ki, Azərbaycan qarşısıya qoyduğu məqsədlərə nail olub.

Mətanət Pirquliyeva, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər