Azərbaycanın enerji siyasətində yeni mərhələ

631

Bakı 2015-ci ildən etibarən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti -9-cu toplantısına ev sahibliyi etdi. Bu format görülmüş işlərə nəzər salmaq və yeni perspektivləri qiymətləndirmək baxımından olduqca əhəmiyyətli platformadır. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu, önəmli açıqlamalar verdi.
Bu meqalayihə çərçivəsində komanda işinə stimul verən Prezident İlham Əliyev ötən il, Məşvərət Şurasının 8-ci toplantısında deyirdi: “Biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək”.
Bu gün Avrasiyada yaşanan yeni təlatümlər, ümumiyyətlə yeni qlobal düzən Cənub Qaz Dəhlizinin, o cümlədən Məşvərət Şurası çərçivəsində keçirilən tolantıların əhəmiyyətini xüsusi miqyasda önə çıxarır. Enerji böhranı alternativ marşrut və mənbələr məsələsini gündəmə gətirdi. Bu məqamda ağıla ilk gələn köhnə, etibarlı tərəfdaşlar oldu. Məsələn, Azərbaycan! Azərbaycan qazına Avrozonanın artan marağı, bu məzmunda aparılan intensiv müzakirələr heç də təsadüfi deyil. Ölkəmiz sınaqdan çıxmış tərəfdaşdır. Çünki rəsmi Bakı öz resurs və potensialını əməkdaşlığın təşviq olunmasına yönəldir və heç bir halda bu vasitələri siyasi rıçaqa çevirmir.
Dövlətimizin başçısı qeyd etdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir: “O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”.
Son geosiyasi hadisələr göstərdi ki, enerji təchizatı məsələsi həqiqətən də dövlətlər üçün milli təhlükəsizliyin mühüm komponentlərindən biridir. Bu qış enerji, xüsusilə qaz təchizatında böhranla üzləşən Avropa onu çoxdandır düşündürən mənbələrin şaxələndirilməsi məsələsini növbəti dəfə daha həyəcanla müzakirə etməyə başladı.
Prezident İlham Əliyev çıxışında bu gün alternativ enerji mənbəyinə böyük ehtiyac olduğunu bildirdi: Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var.
Pandemiya səbəbindən aşağı düşən enerji istehlakı iqtisadi aktivliyin tədricən bərpası fonunda 2021-ci il ərzində əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda əksər Avropa ölkələrinin alternativ enerji resurslarına ümid bəslədiyi halda bu mənbələrin artan tələbatı qarşılaya bilməməsi “qoca qitə”nin böyük bir hissəsini sərt qış ərəfəsində fors-major qarşısında qoydu: qaz ehtiyatlarının azalması, Asiyada sıxılmış təbii qaza olan tələbatın kəskin sürətdə artması, tədarükçülərin təklifinin məhdud olması qiymətlərin kəskin artımı ilə nəticələndi. Xatırladaq ki, regionda qazın qiyməti ötən ilin yazında 200-300 dollardan oktyabrın əvvəlində 1000 dollara, dekabrda isə tarixi rekord olan 2190,4 dollaradək artdı.
Azərbaycandan təbii qazın ixracının artdığını vurğulayan dövlət başçısı xatırladıb ki, 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur: “Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Biz nəinki hasilatı, o cümlədən ixracı artırırıq və həmçinin onun coğrafiyasını genişləndiririk. Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik. Təbii qaz resurslarına gəldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək. Əlbəttə ki, biz gələcəyə doğru baxırıq və bu gün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası da olacaq. Heyət nisbətən kiçikdir – cəmi 4 ölkə var”.
Son geosiyasi hadisələr göstərdi ki, enerji təchizatı məsələsi həqiqətən də dövlətlər üçün milli təhlükəsizliyin mühüm komponentlərindən biridir. Bu qış enerji, xüsusilə qaz təchizatında böhranla üzləşən Avropa onu çoxdandır düşündürən mənbələrin şaxələndirilməsi məsələsini növbəti dəfə daha həyəcanla müzakirə etməyə başladı.
Prezident İlham Əliyev bildirdi ki, ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır: “Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır”.
Qarabağ və Şərqi Zəngəzurda alternativ enerji mənbələrindən səmərəli istifadə bölgənin bərpa konsepsiyanda vacib istiqamət kimi fərqləndirilir. Bəlkə də təsadüfi deyildi ki, dövlət başçısının azad olunmuş ərazilərdə açılışını etdiyi ilk infrastrutur layihəsi məhz alternativ enerji infrastrukturu ilə bağlı idi. Azərbaycanın çox böyük yaşıl enerji potensialına malik olduğunu xatırladan Prezident İlham Əliyev. Qeyd etdi ki, bu, artıq təsdiq olunmuş faktdır: “Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha artıq olacaqdır. Yəni, hazırda əlimizdə olan imkanlar bunlardan ibarətdir”.
Qeyd edək ki, ötən ilin fevral ayında təsdiqlənmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə də əsas 5 inkişaf istiqaməti sırasında Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi möhkəmlənməsi prioriteti fərqləndirilir.
Siyasi və iqtisadi təlatümlər, hətta təbii hadisələr və s enerji qiymətlərinə dərhal təsir edir. İstehsalçılar, tranzit ölkələr tez-tez onun qiymətinə yenidən baxmalı olurlar. Ancaq Azərbaycan ən ekstremal vəziyyətlərdə belə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirir və şübhəsiz, rəsmi Bakının reputasiyası həm də bu amilə söykənir. Bu faktor isə xarici investorları təşviq edərək ölkəmizin xeyrinə işləyən domino effekti yaradır.

Vüsal Məmmədov, “168 saat” qəzetinin baş redaktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər