Azərbaycanın iqtisadi modeli: Şaxələndirmə və davamlı inkişaf yolu

472

Azərbaycan iqtisadiyyatı son illərdə mühüm uğurlar qazanaraq regionda və dünyada öz mövqeyini daha da gücləndirib. Ölkə Prezidenti İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə etdiyi çıxışı bu inkişafın arxasında dayanan siyasətləri və gələcək perspektivləri geniş şəkildə əks etdirir. Prezident çıxışında həm makroiqtisadi göstəricilər, həm də qeyri-neft sektorunun inkişafı xarici sərmayələrin cəlb olunması və sosial rifahın artırılması kimi vacib mövzuları gündəmə gətirdi. Azərbaycanda tətbiq olunan iqtisadi islahatlar, inflyasiya və neft sektorundakı sabitlik kimi məsələlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edir.

Dünyada iqtisadi qeyri-sabitliklər və geosiyasi gərginliklər fonunda Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və davamlı inkişaf modelinə keçmək istiqamətində atılan addımlar xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin çıxışında qeyd olunan əsas məqamlar təkcə ölkənin indiki vəziyyətini deyil, həm də gələcək üçün strateji planları əks etdirir. Azərbaycan artıq öz iqtisadi müstəqilliyini təmin edərək xarici borclardan azad, sabit və proqnozlaşdırıla bilən bir iqtisadi model qurmuşdur.

İlin əvvəlindən bəri qeydə alınan 4,3 faizlik iqtisadi artım, xüsusilə bugünkü qlobal iqtisadi şərtlər nəzərə alındıqda olduqca müsbət nəticədir. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, ölkə iqtisadiyyatının şaxələndirilməsi və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verir. Neft sektorunda müşahidə olunan tənəzzüllərə baxmayaraq qeyri-neft sektorunun 7 faizlik artımı iqtisadiyyatın müxtəlif sahələrinə yönəlik ciddi addımların uğurlu nəticəsidir. Neft hasilatındakı azalmalara baxmayaraq Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməklə bu tənəzzülü balanslaşdırmışdır.

Bu, ölkənin uzunmüddətli iqtisadi dayanıqlığını təmin edən əsas strategiyadır. Neft hasilatında sabitliyin təmin edilməsi üçün aparılan danışıqlar və yeni layihələr isə Azərbaycanın enerji sektorunda gələcəkdə də müsbət templərin davam etməsini vəd edir. Xüsusilə, neft-qaz sektorunda yeni layihələrin həyata keçirilməsi ölkənin enerji potensialını artıracaq və iqtisadi sabitliyi möhkəmləndirəcəkdir.

Prezidentin çıxışında vurğulanan əsas məsələlərdən biri də sosial rifahın artırılmasıdır. Gələn il üçün minimum əməkhaqqı və pensiyanın artırılması planları, sosial ədalətin təmin olunması və həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları göstərir. Hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası kimi böyük maliyyə xərcləri olsa da, hökumət sosial rifahı təmin etməkdə qətiyyətlidir. Bu, Azərbaycan hökumətinin həm daxili sosial siyasətinin güclü olduğunu, həm də iqtisadi artımın geniş miqyaslı olduğu təsdiqləyir.

Prezident İlham Əliyevin çıxışında xarici sərmayələrin qeyri-neft sektoruna cəlb olunması üçün görülən işlərə də xüsusi diqqət yetirilib. Azərbaycan son illər ərzində çox müsbət sərmayə iqlimi yaratmış və bu sahədə qabaqcıl ölkələr sırasına daxil olmuşdur. Bu, xüsusilə azad edilmiş torpaqlarda yeni sənaye parklarının yaradılması ilə müşahidə edilir. Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının qurulması ölkənin iqtisadi inkişafına yeni nəfəs verir və bu addımların nəticəsi artıq öz bəhrəsini göstərməkdədir.

Azərbaycanın sənaye sahəsindəki nailiyyətləri və xarici sərmayə cəlbetmə gücü həm daxili, həm də xarici bazarlarda onun dayanıqlığını artırır. Prezidentin qeyd etdiyi kimi, yeni sənaye parkları həm ənənəvi sənaye məntəqələrində, həm də azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətlərin genişlənməsi üçün mühüm rol oynayacaqdır.

Prezident İlham Əliyevin 26 sentyabr tarixindəki çıxışı Azərbaycanın iqtisadi inkişafına dair mövcud vəziyyəti geniş təhlil etməklə yanaşı, gələcək perspektivləri də əks etdirir. İqtisadi şaxələndirmə, sosial rifahın artırılması, xarici sərmayələrin cəlb olunması və neft sektorundakı sabitliyin təmin edilməsi Azərbaycan iqtisadiyyatının güclü və dayanıqlı olmasına səbəb olan əsas amillərdir. İlin sonuna qədər saxlanılacaq iqtisadi artım tempi və gələn il üçün müzakirə edilən büdcə parametrləri Azərbaycanın davamlı inkişaf yolunda olduğunu bir daha sübut edir.

Azərbaycanın iqtisadi modelinin beynəlxalq səviyyədə özünü təsdiqləməsi və iqtisadi müstəqilliyin əldə edilməsi ölkəyə beynəlxalq arenada da böyük imkanlar qazandırır. Bu nailiyyətlər, ölkənin güclü və müstəqil iqtisadiyyatının qurulması ilə yanaşı, gələcəkdə Azərbaycanın qlobal iqtisadi mühitdə daha da önəmli bir oyunçu olacağını göstərir.

Nuradə Kərimova,
Corat bələdiyyə sədrinin müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər