Azərbaycanın qlobal enerji bazarında mövqeyi daha da güclənir

232

Beynəlxalq səviyyəli forumların keçirildiyi əsas şəhərlərdən birinə çevrilən Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri bütün dövlətlərin, beynəlxalq iqtisadi mərkəzlərin diqqət mərkəzində oldu.

Prezident İlham Əliyevin sərgidə çıxış edərək Azərbaycanın neft-qaz sektorunun mövcud durumu və gələcək planlar barədə iştirakçılara ətraflı məlumat verdi.

Dövlətimizin başçısı vurğulayıb ki,bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür.

Prezident İlham Əliyev gələcək planlara diqqət çəkərək bildirdi ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq perspektiv planlardandır. Qaz təchizatımız ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql ediləcək. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr var: “Şahdəniz” və “Abşeron” yataqları. Enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi sahəsində də bizim Avropa İttifaqı ilə dialoqumuz mövcuddur. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq .

Yaradılmış nəhəng enerji infrastrukturu Avrasiyanın enerji xəritəsini dəyişdirib və Azərbaycanı qərb ölkələri üçün vacib tərəfdaşa çevirib. Enerji tərəfdaşlığında neft və qazdan sonra, bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropaya ixrac edilməsi də diqqət mərkəzindədir. Xəzər dənizinin Azərbaycan sektorunda əldə edilən elektrik enerjisinin yeraltı kabel xətləri ilə Avropaya ötürülməsi nəzərdə tutulur.  Bu sahənin inkişaf etdirilməsi üçün böyük miqdarda investisiya tələb olunur. Azərbaycanın əldə etdiyi uğurlar və etibarlı tərəfdaşlar sayəsində bu sahəyə gələcəkdə böyük investisiya yatırılacaq və ölkəmiz şaxələndirilmiş enerji mənbələrində əhəmiyyətli çəkiyə malik olacaq.

Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir.

Həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etmişdir ki, Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir.

Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgiləri Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirir. Tədbirdə iştirakçılığın miqyası, ABŞ və Böyük Britaniya kimi dövlətlərin siyasi liderləri tərəfindən ünvanlanan məktublar, çıxışlarda səsləndirilən müsbət fikirlər Azərbaycanın artan nüfuzundan xəbər verir. Bu sərgi bir daha təsdiq edir ki, Azərbaycan ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün olduqca vacib tərəfdaşdır.

Təbrik Quliyev,
şəhər Ağsaqqallar şurasının sədri,  Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər