Son illər Azərbaycan beynəlxalq siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi mühüm platformalardan birinə çevrilmişdir. Bakıda təşkil olunan beynəlxalq forumlar, sammitlər və qlobal konfranslar ölkəmizin artan nüfuzunun, təhlükəsiz və sabit inkişaf modelinin göstəricisi kimi diqqət çəkir. Xüsusilə COP29 kimi mötəbər tədbirdən sonra BMT-nin təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi edilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq və qlobal gündəlikdə fəal iştirakını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev forumdakı çıxışında təkcə şəhərsalma məsələlərinə deyil, həm də Azərbaycanın tarixi, memarlıq irsi, müasir inkişaf strategiyası və postmünaqişə dövründə həyata keçirilən yenidənqurma siyasətinə geniş şəkildə toxundu.
Dövlət başçısının qeyd etdiyi kimi, forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal miqyasını və Bakının beynəlxalq dialoq məkanı kimi rolunu açıq şəkildə ortaya qoyur. Bu göstərici Azərbaycanın artıq yalnız regional deyil, beynəlxalq səviyyədə etibarlı tərəfdaş və böyük tədbirlərin uğurlu təşkilatçısı kimi qəbul olunduğunu göstərir. Prezidentin çıxışında COP29 ilə müqayisə aparması da təsadüfi deyildi. Bu yanaşma Azərbaycanın davamlı inkişaf, iqlim gündəliyi və şəhərsalma siyasətini bir-biri ilə əlaqəli şəkildə həyata keçirdiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın Şərqlə Qərbin qovuşuğunda yerləşən unikal mədəni-coğrafi məkan kimi təqdim olunması idi. Bakı şəhərinin timsalında qədim İçərişəhərlə müasir memarlığın harmoniyasının vurğulanması təsadüfi deyildir. Bu yanaşma göstərir ki, Azərbaycan modernləşmə prosesini tarixi yaddaşın qorunması ilə paralel aparmağa çalışır. Şəhərsalma burada yalnız yeni binaların tikintisi deyil, həm də milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi məsələsi kimi qiymətləndirilir.
Çıxışda “Şəhərsalma və Memarlıq İli”nin elan olunması da strateji baxımdan mühüm mesaj idi. Bu qərar dövlətin şəhər inkişafını prioritet istiqamətlərdən biri hesab etdiyini göstərir. Prezidentin Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi barədə fikirləri isə postmüharibə dövründə Azərbaycanın həyata keçirdiyi quruculuq siyasətinin beynəlxalq səviyyədə təqdimatı kimi qiymətləndirilə bilər. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri yalnız infrastruktur layihəsi deyil, həm də sosial ədalətin və tarixi haqqın bərpası prosesidir.
Prezidentin Azərbaycanın qədim şəhərləri haqqında verdiyi məlumatlar çıxışın ən mühüm mədəni aspektlərindən biri idi. Şamaxı, Naxçıvan, Gəncə, Şəki və Qəbələ kimi qədim şəhərlərin memarlıq irsinin xatırladılması Azərbaycanın zəngin sivilizasiya tarixinin təqdimatı idi. Dövlət başçısı bu nümunələrlə göstərdi ki, Azərbaycan yalnız enerji resursları ilə deyil, həm də çoxəsrlik mədəni və memarlıq ənənələri ilə seçilən ölkədir. Xüsusilə Lahıc kəndində yüzillər əvvəl qurulmuş kanalizasiya və su sisteminin bu gün də işləməsi memarlıq düşüncəsinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Forumdakı çıxışda Bakı Qran-Prisinin şəhər inkişafı ilə müqayisə olunması maraqlı siyasi və fəlsəfi yanaşma idi. Prezident şəhərsalmada həm cəsarətli, həm də ehtiyatlı qərarların vacibliyini vurğulayaraq inkişafla tarixi irsin qorunması arasında tarazlığın əhəmiyyətini ön plana çıxardı. Bu fikir müasir urbanizasiya prosesində bir çox ölkələrin qarşılaşdığı əsas problemlərdən biridir. Azərbaycanın təcrübəsi göstərir ki, sürətli inkişaf milli kimliyin və tarixi yaddaşın itirilməsi hesabına aparılmamalıdır.
Çıxışın əsas hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlı idi. Prezident İlham Əliyevin təqdim etdiyi rəqəmlər son beş ildə görülən işlərin miqyasını aydın şəkildə ortaya qoyur. Tunellərin, körpülərin, hava limanlarının, məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin inşası göstərir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə tamamilə yeni inkişaf modeli formalaşdırır. “Böyük Qayıdış Proqramı” çərçivəsində insanların doğma torpaqlarına qayıtması yalnız humanitar məsələ deyil, həm də dövlətin strateji inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.
Prezidentin ətraf mühit və ekoloji yenilənmə ilə bağlı fikirləri də xüsusi diqqətə layiqdir. Vaxtilə ciddi sənaye çirklənməsinə məruz qalmış Bakının bu gün yaşıl şəhər konsepsiyasına keçidi mühüm nümunə kimi təqdim edildi. Qara şəhərin müasir Ağ şəhərə çevrilməsi, son 20 ildə park və ictimai məkanların yaradılması, ekoloji nəqliyyat sistemlərinin tətbiqi Azərbaycanın şəhərsalma siyasətində dayanıqlı inkişaf prinsipinə üstünlük verdiyini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan müasir şəhərsalmanı yalnız texniki inkişaf deyil, həm də insan həyatı, ekoloji təhlükəsizlik və mədəni irsin qorunması ilə bağlı kompleks dövlət siyasəti kimi qəbul edir.
Mətanət Pirquliyeva, SDU-nun dosenti, Əməkdar müəllim


Müzakirə qapadılmışdır.