Almaniyada yaşayan azərbaycanlı alim Emil Məmiyev öz-özünə elektrik istehsal edən cihaz ixtira edib.
sumqayitxeber.com publika.az-a istinadən xəbər verir ki, cihaz mətbuat konfransında ictimaiyyətə təqdim olunub.
E.Məmiyev bu layihəni 7 il ərzində planlaşdırıb və son 1 ildə onun istehsal üzərinə işləyib.
İxtiraçıya bu işdə sponsor Murad Ron, “Rimatek” şirkətinin sahibi və iş adamı Hüseyn Aydın, Tural Paşayev və patent vəkili Armin Hamel dəstək olub.
Cihazın tamamilə fizika qanunlarına uyğun şəkildə iş gördüyünü bildirən Emil Məmiyev ixtirası haqqında bunları deyib:
“Cihaz pendulum hərəkəti ilə işləyir. Pendulum hərəkəti də bir qüvvədir. Qüvvə olmadan həyatda heç bir şey hərəkət etməz, enerji də olmaz. Biz də bu pandulumda bir qüvvə kəşf etmişik. Həm dövriyyə, həm də təzyiqin gücündən istifadə edərək enerji istehsal edirik. Bu cihazın içinə gücünü özündən alan elektrikli motor və kiçik kopmressor qoymuşuq. Cihazla 1500 kilovatt/saat elektrik istehsal edə bilirik. Hazırda prototip olaraq istehsal etdiyimiz ilə xaricə yarım kilovat enerji verə bilirik. Bundan sonra istehsal edilən cihazlar həftənin 7 günü, 24 saat enerji istehsal edə bilən maşın olacaq”.
İxtiraçı cihazı satmağı düşünmədiklərini deyib. O, cihazın patentini almaq üçün Almaniyada Beynəlxalq Patent Qurumuna müraciət etdiklərini də bildirib. Layihənin növbəti hədəfi isə 300 kilovatt enerji istehsal edən bir model qurmaqdır.