Sumqayıtlı alimin kitabı nüfuzlu beynəlxalq nəşriyyat tərəfindən yayımlanıb

881

Ankara Yıldırım Beyazıt Universitetinin (AYBU) Beynəlxalq İqtisadi İnteqrasiya Kafedrasının müəllimi Dr. Kənan Aslanlının “Rusiyanın Xarici Enerji Siyasəti: Resurslar, Aktorlar, Konfliktlər” (“Russia’s Foreign Energy Policy: Resources, Actors, Conflicts”) kitabı dünyanın nüfuzlu nəşriyyatlarından biri olan “Routledge” tərəfindən yayımlanıb. Kitab Rusiyanın enerji sahəsində (xam neft, neft məhsulları, təbii qaz, kömür, nüvə enerjisi, elektrik enerjisi) xarici şirkətlər, hökumətlər və hətta beynəlxalq təşkilatlarla münasibətlərində ortaya çıxan enerji konfliktlərinin səbəb və nəticələrinin detallı təhlilinə həsr edilmişdir. Kitabda Rusiyanın xarici enerji siyasəti və enerji konfliktləri 1991-2022-ci illəri əhatə edərək analoji tədqiqatlarla müqayisədə daha uzun zaman intervalında araşdırılmışdır. “Enerji silahı” (“energy weapon”) məfhumuna qarşılıqlı asılılıq və müasir enerji sistemlərinin mürəkkəbliyi prizmasından yanaşılaraq, bu məfhum yeni yanaşmalarla konseptual olaraq tamamilə yenidən şərh edilmişdir.
Kənan Aslanlı uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi olub. Əlavə olaraq Avstriyanın Vyana Tətbiqi Elmlər Universitetinin qonaq mühazirəçi müəllimi, Almaniya Bremen Universiteti Şərqi Avropa Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilən regional enerji siyasəti layihələrində tədqiqatçı kimi çalışıb. Kənan Aslanlı iqtisadiyyat və enerji sahələrində beynəlxalq miqyasda nüfuzlu nəşriyyatlar və elmi jurnallar tərəfindən yayımlanan kitabların və məqalələrin müəllifi və həmmüəllifi olub.

Qeyd edək ki, Kənan Aslanlı Sumqayıt şəhərində yaşayıb və burada 20 nömrəli məktəbdə təhsil alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər