“Azərikimya” İB-də əməyin mühafizəsinə həsr olunmuş istehsalat müşavirəsi keçirilib

700

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində kimyaçıların sağlamlığının qorunması, istehsalat sahələrində onların əməyinin mühafizəsi və iş yerlərində təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və mövcud problemlərlə bağlı geniş müşavirə keçirilmişdir. Tədbirdə ilk olaraq Birliyin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin istehsalat sahələrində bu işin təşkili və aradan qaldırılması vacib olan problemlərlə bağlı hesabatı dinlənilmişdir. Hesabatda 2010-cu ilin aprel ayına kimi və ondan sonrakı dövrdə istehsalat sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə görülən işlər haqqında geniş məlumat verilmiş, əvvəlki və bugünkü vəziyyət slaydlarla iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, ARDNŞ-nin tabeçiliyinə verildikdən sonra “Azərikimya”nın müəssisələrində əməyin mühafizəsi, təhlükəsiz və ekoloji cəhətdən sağlam iş şəraitinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilmiş, bütün işçilər fərdi mühafizə və qoruyucu vasitələrlə təmin edilmişlər. Bildirilmişdir ki, əməyin mühafizəsi və təh-lükəsizlik qaydaları ilə bağlı təlimatlar hər bir kimyaçı tərəfindən diqqətlə öyrənilməli və iş zamanı həmin təlimatlara əməl olunmalıdır. Müzakirə olunan mövzu ilə bağlı tədbirə dəvət olunmuş ekspert tərəfindən təqdim edilən “Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması üzrə inkişaf proqramı” layihəsi ətraflı müzakirə olunmuş və maraqla qarşılanmışdır. Təqdim olunan proqramın müəyyən təkmilləşdirmədən sonra perspektivli ola biləcəyi qeyd edilmişdir. Sonda ARDNŞ-nin Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Yaşar Əhmədov çıxış edərək, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə bağlı ARDNŞ-nin həyata keçirdiyi layihələr barədə müşavirə iştirakçılarına məlumat vermiş, “Azərikimya” İstehsalat Birliyində mövcud problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran işlərdən danışmışdır. Tədbirdə “Azərikimya”nın rəhbərliyi, müəssisə rəhbərləri, aparıcı mütəxəssislər iştirak etmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər