Bu postu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Muxtar Babayev tutacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Muxtar Babayev ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin baş direktoru təyin edilib.
Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.
M.Babayev ARDNŞ-in ekologiya məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad olunub.
Qeyd edək ki, aprelin 28-də ARDNŞ-in «Azərikimya» Istehsalat Birliyinin strukturu müəyyən edilib. ARDNŞ prezidenti Rövnəq Abdullayevin imzaladığı sənədə əsasən, hüquqi şəxs kimi fəaliyyətinə xitam verilmiş «Azərikimya» Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodu, Üzvi Sintez Zavodu, Sumqayıt Mexaniki-Təmir Zavodu və «Azərikimya» Dövlət Layihə İnstitutunun maddi-texniki bazasında müvafiq olaraq «Azərikimya» İB-nin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi «Səthi Aktiv Maddələr», «Üzvi Sintez», «Mexaniki Təmir» zavodları və «Kimyaelmitədqiqatlayihə» İnstitutu yaradılıb.
«Sintezkauçuk Zavodu» və «Etilen-Polietilen Zavodu»nun maddi-texniki bazasında «Etilen-Polietilen» zavodu, həmçinin Təmir-Tikinti İdarəsi, Nəqliyyat və Xüsusi Texnika və Anbar Təsərrüfatı idarələri yaradılıb.
LENT.AZ