2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, enerji siyasətinin və beynəlxalq əməkdaşlıq modelinin geniş mənzərəsini təqdim etdi. Dövlət başçısının çıxışında təkcə enerji sektoru ilə bağlı məsələlər deyil, həm də Azərbaycanın iqtisadi müstəqilliyi, geosiyasi rolu, regional əməkdaşlıq təşəbbüsləri və gələcək inkişaf prioritetləri əhatəli şəkildə öz əksini tapdı. Bu baxımdan çıxış enerji forumunda səsləndirilən adi bir nitqdən daha çox Azərbaycanın strateji inkişaf konsepsiyasının təqdimatı kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın müasir enerji tarixinin əsas mərhələlərinə nəzər salaraq vurğuladı ki, bu gün “Bakı Enerji Həftəsi” adı ilə tanınan tədbirin əsası hələ 1994-cü ildə keçirilən Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. Həmin dövrdə iqtisadi böhran, siyasi qeyri-sabitlik və Ermənistanın işğalçılıq siyasəti ilə üzləşən Azərbaycan üçün enerji resursları ölkənin müstəqilliyini qorumaq və inkişafını təmin etmək baxımından həyati əhəmiyyət daşıyırdı. “Əsrin müqaviləsi”, ardınca isə 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə saziş Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını sürətləndirdi və ölkənin gələcək inkişafının əsasını formalaşdırdı.
Çıxışın diqqət çəkən məqamlarından biri enerji siyasətinin beynəlxalq müstəvidə qiymətləndirilməsi ilə bağlı idi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın enerji sektoruna münasibətini yüksək qiymətləndirərək qeyd etdi ki, son illər neft və qaz istehsalçısı olan ölkələrə qarşı formalaşdırılan əsassız ittihamlar və siyasi təzyiqlər enerji təhlükəsizliyi məsələlərinin obyektiv dəyərləndirilməsinə mane olurdu. Dövlət başçısının fikrincə, neft və qaz təbii sərvətlərdir və ölkələr bu resurslara malik olduqları üçün deyil, onlardan necə istifadə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycanın təcrübəsi göstərir ki, enerji gəlirləri düzgün idarə olunduqda iqtisadi inkişafın, sosial rifahın və milli təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Prezident İlham Əliyev Azərbaycanın son otuz ildə əldə etdiyi iqtisadi nəticələri məhz bu strateji yanaşmanın uğuru kimi təqdim etdi. Vaxtilə enerji idxal edən, yoxsulluğun 50 faizdən çox olduğu ölkə bu gün investisiya dərəcəli kredit reytinqinə malikdir. Xarici borcun ümumi daxili məhsuldakı payı cəmi 6 faiz səviyyəsindədir və ölkənin strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələyir. Bu göstəricilər enerji gəlirlərinin səmərəli idarə olunmasının, uzunmüddətli iqtisadi strategiyanın və maliyyə müstəqilliyinin nəticəsi kimi qiymətləndirilir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan beynəlxalq maliyyə institutlarından asılı olmayan nadir ölkələrdən birinə çevrilib.
Çıxışda enerji siyasəti ilə milli təhlükəsizlik arasında əlaqə də xüsusi vurğulandı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın güclü ordu quraraq torpaqlarını işğaldan azad etməsi iqtisadi potensialın və enerji gəlirlərinin yaratdığı imkanlarla sıx bağlıdır. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər yalnız hərbi uğur deyil, həm də illərlə həyata keçirilən iqtisadi və enerji strategiyasının nəticəsi kimi təqdim edildi. Bu yanaşma göstərir ki, enerji təhlükəsizliyi və milli təhlükəsizlik bir-birini tamamlayan anlayışlardır və müasir dövlət quruculuğunda ayrılmaz əhəmiyyət daşıyır.
Azərbaycanın beynəlxalq enerji bazarındakı rolu da çıxışın əsas istiqamətlərindən biri oldu. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin yaratdığı enerji infrastrukturu bu gün Avrasiyanın ən mühüm enerji dəhlizlərindən birini formalaşdırır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bu fakt Azərbaycanın təkcə enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaş olduğunu göstərir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, qlobal enerji xəritəsində Azərbaycanın rolu hər il daha da güclənir və yeni yataqların işlənməsi bu mövqeyi daha da möhkəmləndirəcək.
Dövlət başçısının çıxışında diqqət çəkən digər mühüm məqam bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr oldu. Azərbaycan ənənəvi enerji resurslarına malik olmasına baxmayaraq, yaşıl enerji keçidinə böyük önəm verir. Gələn ilin sonuna qədər ölkədə günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı, Qara dəniz Enerji Kabeli layihəsi və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı Azərbaycanın gələcək enerji siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu layihələr ölkənin həm enerji ixracatçısı, həm də yaşıl enerji mərkəzi kimi mövqeyini gücləndirir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi mənfəət əldə etmək məqsədi daşımır. Bu siyasət ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə, regional əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat və logistika imkanlarının artırılmasına, həmçinin qlobal enerji təhlükəsizliyinə töhfə verməyə xidmət edir. Azərbaycanın son otuz ildə keçdiyi yol sübut edir ki, milli maraqlara söykənən strateji baxış, beynəlxalq tərəfdaşlıq və resursların səmərəli idarə olunması istənilən ölkəni regional güc mərkəzinə çevirə bilər. Bakı Enerji Həftəsi isə bu uğurlu modelin dünyaya təqdim olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi öz əhəmiyyətini daha da artırır.
Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor


Müzakirə qapadılmışdır.