Bakıda dərsə vertolyotla gedən müəllim: Gənc xanımın heyrətamiz həyatı - FOTOLAR

2343

Yaşadıqları yerlərdən uzaqlarda, ucqar kəndlərdə dərs deyən xeyli müəllimlər tanıyırıq. Onlar min bir çətinliyə qatlaşaraq, pedaqoji fəaliyyətini davam etdirirlər, gələcək üçün kadr yetişdirilər.

AzEDU-nun “Bizdən uzaq müəllimlər” layihəsində təqdim olunan müəllim isə təkcə uzaqda yaşamasıyla fərqlənmir… O, az qala, nağılvari bir yerdə, Xəzər dənizində yerləşən Çilov adasında dərs deyir. Təsəvvür edin, hər dəfə çalışdığı məktəbə ya gəmi, ya da vertolyotla gedir.

Məlumat üçün bildirək ki, Çilovun ərazisi 11,5 km²-dir. Bu ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60–70 km-lik dəniz yolu var. Məskunlaşma səsasən adanın şərqində Çilov qəsəbəsindədir. Yaşayış məntəqəsinə 1949-cu ildə şəhər tipli qəsəbə statusu verilib. Müxtəlif vaxtlarda əsasən hasilatın yüksək olduğu zamanlar adanın əhali sayı 2400 nəfər təşkil edib. Qəsəbədə 131 saylı məktəb, 50 yerlik uşaq baxçası fəaliyyət göstərir. İnsanların əylənməsi üçün 2010-cu ildə kiçik meydança istifadəyə verilib. Burada tibbi-stosianar məntəqə də var. Əhalinin həyətyanı sahələrində mal-qara, qoyun-keçi, toyuq-cücə saxlanılır. Hətta burada az miqdarda meyvə ağacları və üzüm tingləri mövcuddur.

Müsahibimiz Səmədova Aysel Camo qızı yuxarıda adıçəkilən 131 saylı orta məktəbdə ingilis dili fənnini tədris edir.

İlk dərsə aparan gəmi

-Sumqayıt şəhərində yaşayıram. Sumqayıt şəhər Həzi Asanov adına 22 saylı tam orta məktəbinin məzunuyam. 2011-2015-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi üzrə təhsil almışam. 2015-ci ildə müəllimlərin işə qəbul imtahanında 47 bal topladım. Ada məktəbində vakant yer olduğunu öyrənib, sənədlərimi Təhsil Nazirliyinə yolladım. Lazımı qədər bal yığdığım üçün məni vakant yerə müddətli müqavilə ilə işə dəvət etdilər. Adaya ilk dəfə getdiyim gün mənim üçün çox həyəcanlı gün idi. Heç vaxt evdən ayrı qalmamış biri üçün tanımadığı bir yerə, özü də dənizin ortasına getməsi çox həyəcanverici idi. İlk səfərim gəmi ilə olmuşdu. Sumqayıtdan gəmiyə qədər dördsaatlıq yol gəlmişdim. Sonra iki saat yarım da gəmi ilə getdim. Özü də küləkli havada… Düzü, inanmırdılar ki, burada çox qalıb işləyə bilərəm. Ən azı, gəliş-gedişə görə belə düşünürdülər. Elə ilk dəfədən hiss etdim ki, bura əsl mənim müəllim kimi işləmək istədiyim yerdir. İnsanların, müəllim kollektivi və  şagirdlərin mehriban, xoş qarşılamağı məni daha da ruhlandırdı.

28511896_1656248941079226_1098496403_n_1.jpg

Uzaq, yaşıl ada…

İyunda müddətli müqaviləm başa çatdı və yenidən MİQ-də iştirak etdim. Lazımı keçid balını toplayıb, bu dəfə müddətsiz müqavilə ilə işə qəbul olundum. Beləcə, artıq üçüncü ildir ki, burada işləyirəm. Bu məktəbdə neft sahəsində çalışan  işçilərin uşaqları təhsil alır. Mən ada məktəbində işlədiyimi deyəndə çox insanın bura ilə bağlı məlumatının olmadığının şahidi oluram. Amma bura da digər yerlər kimidir; adada iki xəstəxana, yeməkxana, asudə vaxtlarımızı keçirmək üçün idman klubu, mədəniyyət evi fəaliyyət göstərir. Yaşadığım ev isə məktəbin yaxınlığında yerləşir. Həmin mənzildə müəllim yoldaşlarımla birgə qalırıq. Bizim mənzil-kommunal ehtiyaclarımızı “28 May” NQÇİ təmin edir. Məktəbin kollektivi, 28 May NQÇi-nin idarəsinin əməkdaşları ilə daim əlaqəli şəkildə fəaliyyət göstərir. Məktəbin təmir işlərində “28 May NQÇİ” bizə yaxından köməklik göstərir.

Ada məktəbi

Məktəbimiz bir neçə il əvvəl əsaslı təmir edilib, lazımı avadanlıqlarla təmin olunub. Elektron lövhələr, kompüter, fasiləsiz internet, kitabxana  da şagird və müəllimlərin ixtiyarındadır. Qış mövsümündə istilik sistemi də fasiləsiz işləyir.  Bir sözlə,  məktəbdə yüksək səviyyədə dərs keçmək üçün hər cür şərait var. Buradakı hər fənn müəllimi öz ixtisası üzrə kifayət qədər güclü mütəxəssisdir. 14 ildən çoxdur ki, məktəbimizin direktoru  Rafail Musayevdir. O, kollektivin hər üzvünə qarşı qayğıkeş dost münasibəti bəsləyir. Tələbkar  insandır, amma bütün bunları işin xətrinə, məktəbdə nizam -intizamın yüksək olması naminə edir. Onun mənə qarşı qayğı və diqqəti isə xüsusidir. Axı mən bu kollektivə yenicə qoşulmuşam. Əlindən gələni edir ki, heç bir çətinliyim olmasın. Şagirdlərin ingilis dilini yüksək səviyyədə öyrənməsində isə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahbaba Paşayev mənə yardımçı olur. Onun özü də ingilis dili müəllimidir. Onu da qeyd edim ki, Çilov adası üzrə qəsəbə nümayəndəsi İlham İbrahimov bizim kollektivin dostudur, bütün məktəb tədbirlərində iştirak edir. Kollektiv üzvlərinin problemlərinin həll olunmasına çalışır.

Dalğadan dərsə

Müsahibdən adaya gəldiyi ilk gün haqqında soruşuruq. İlk dəfə gəmiyə minərək dərsə gələn müəllim kimi o, bəlkə də, bir ilkə imza atıb. Amma bu hələ harasıdır ki?! Qarşıda onu vertolyotla səfərlər də gözləyəcəkdi. Amma 2015-ci ilin 12 oktyabrında, yəni ilk dəfə dərsə gələndə hələ bunun fərqində deyildi:

–        Adaya gəldiyim ilk gün indiki kimi yadımdadır: oktyabrın 12-si… Məni limanda Şahbaba müəllim qarşılayıb, adaya getmək üçün lazım olan vəsiqəni verdi. Payız fəsli olduğundan hava küləkli idi. İlk gəlişim gəmi ilə olmuşdu. Çilova çatanda isə məni məktəbin direktoru Rafail müəllim qarşılayıb qalacağım evə apardı. Bu gün də həmin evdə, ikimərtəbəli binanın ikinci mərtəbəsində qalırıq. Orada həm iş, həm otaq yoldaşlarım olan Tahirə və Zemfira müəllimlərlə görüşdüm. Həm məktəbin müdiriyyəti, həm də otaq yoldaşlarımın  mehriban qarşılamaqlarından çox ruhlandım. Növbəti gün Rafail müəllim məni məktəblə tanış edib, kollektivə təqdim etdi. Xahiş etdi ki, bütün müəllimlər mənə qarşı mehriban və qayğıkeş münasibət göstərsinlər. Həmçinin, özü də heç zaman mənə qayğısını əsirgəmədi. Şagirdlərlə tanış oldum. Onların mənə qarşı isti münasibəti, gəlişimə sevinmələri məni də çox sevindirdi.

28511676_1656249001079220_918008436_n.jpg

Vertolyotla dərsə tələsənlər…

– Aysel xanım, adadan, oranın məktəbi və insanlarından razısız. Bəs belə yerdə işləməyin ən çətin tərəfi nədir?

– Çilov adasında işləməyin ən çətin problemi odur ki, gediş-gəliş xeyli mürəkkəbdir. Xeyli problemlərlə müşayiət olunur. Havalar əlverişsiz olanda, külək şiddətlənəndə dənizdə qasırğa olduğu üçün gəmilərin hərəkəti məhdudlaşdırılır. Bu zaman biz adaya helikopterlə gəlirik. Helikopterin hərəkəti məhdud olduğu üçün onunla gəlməyimiz də çətin olur. Belə hallarda direktorumuz Rafail müəllim “28 May” NQÇİ rəhbərliyinə müraciət edib müəllimlərin heliopterlə gediş-gəlişinə razılıq alır.

– Maraqlıdır, ilk dəfə vertolyota minəndə nə hisslər keçirdiniz? Sinif otağının qapısı açılır və siz  daxil olursunuz. Şagirdlər fərqindədirlərmi ki, siz o qapını açmaq üçün vertolyotla dəniz üstündən uçursuz?

– Mən əvvəllər nə gəmi, nə də helikopterlə səyahət etmişdim. Sözün düzü, ilk vaxtlar qorxurdum da. Ağlıma gəlirdi ki, dənizdir, birdən nəsə hadisə baş versə, nə edəcəyimi bilməyəcəyəm. Sonra bütün bunlar mənim üçün tədricən adi hal almağa başladı. Helikopterə minmək mənim üçün həm həyəcanlı, həm də əyləncəlidir. Dənizin üzəri ilə uçmaq, yuxarıdan onun möhtəşəm mənzərəsini seyr etmək çox gözəl bir hissdir. Həm də hava yolu ilə gəlmək vaxt baxımından da əlverişlidir. Helikopterlə 15-20 dəqiqəyə gəldiyim yolu, gəmi ilə 2-2,5 saata başa vururuq.

– Sakinlərin vertolyotla gələn müəllimə münasibəti necədi? Ümumiyyətlə, burada yaşayanlar əsasən kimlərdir?

-Adanın əhalisi təxminən, 2000 nəfərdir. Burada digər millətlərin nümayəndələri də yaşayır; ruslar, tatarlar, ləzgilər və s. Onlar bu məktəbdə təbii ki, Azərbaycan dilində təhsil alırlar. Əhali etnik tərkibcə qarışıq olsa da, onlar burada tolerant şəraitdə yaşayırlar. Şagirdlər və valideynləri ilə münasibətim çox yaxşıdır. Məktəbdə az şagird olduğundan demək olar ki, hər birinin xüsusiyyətini, fərdi xarakter və xasiyyətini bilirəm və hər bir şagirdlə fərdi olaraq maraqlanıram. Müəllim-şagird münasibətləri bizdə çox yaxşı inkişaf edib. Qapalı yer olduğundan hamımız hətta dərsdən sonra da görüşüb vaxtımızı bir keçiririk. Ötən ilki məzunlar hər dəfə adaya gələndə mütləq bizimlə də görüşürlər. Qonşularımız da mehribandırlar. Həm müəllimə kimi, həm də qonaq kimi mənə qarşı münasibətləri çox yaxşıdır. Ayda bir dəfə keçirilən valideyn iclasında valideynlərlə ətraflı danışıqlar aparırıq və fikir mübadilələri edirik. Çilov adasına gələndə burada qalmaq üçün yer problem olmur. “28 May” NQÇİ müəllimləri mənzillə təmin edir, kommunal ödənişləri də rəhbərlik özü ödəyir. Yaşadığım mənzil məktəbin yaxınlığında yerləşir. Orada üç müəllimlə birgə qalırıq. Bu mənzil bəlkə də mənə evimizdən də doğmadır. Otaq yoldaşlarımla o qədər mehribanıq ki… Mənə öz qızları kimi münasibət göstərirlər. Onu da qeyd edim ki, təkcə müəllimlər yox, ümumiyyətlə, adada işləyən hər bir işçi yaşayış yeri ilə təmin olunur və ya yataqxanada yerləşdirilir.

28511952_1656248961079224_1973565962_n.jpg

– Maraqlıdır, hamının bir-biri ilə doğma olduğu, az qala, hər yerdən təcrid olunan bir adada şagirdlərin dərsə münasibətləri necədir?

– Hər məktəbdə olduğu kimi bizdə də hər səviyyədə olan şagirdlərə rast gəlmək olar.  Dərsə davamiyyətləri yaxşı vəziyyətdədir. Ümumi götürsək, dərslərə həvəslə  hazırlaşırlar. Tədris etdiyim ingilis dili fənninə isə xüsusi maraqları var.  Həm də şagirdlərlə rəftarım, onlara çətinliklərlə qarşılaşdıqlarında kömək göstərməyim onları daha da həvəsləndirir. Belə düşünürəm ki, şagirdlərin bir fənni sevməyində əsas amil müəllimin rəftarı və onun anlayışlı olmasıdır. Məktəbdə tədris prosesi yüksək səviyyədə keçirilir. Bayaq da dediyim kimi, bura yeni avadanlıqlarla təchiz olunub. İngilis dili otağında xüsusi lövhə, ingilis dilində əlavə kitablar, divarda isə maraqlı məlumatlar lövhəsi var. Biz özümüz də dərsin effektli olması üçün lazım olan hər şeydən istifadə edirik. Müxtəlif şəkillərdən, videolardan, dinləyib-anlama bacarıqlarını inkişaf etdirmə üçün CD-lərdən istifadə olunur. Dərslər kurikulum standartlarına uyğun keçirilir. Bunun üçün məktəbdə hər bir şərait var.

–        Doğrudur, yuxarıda bu məsələdən danışdınız. Amma etiraf edək ki, sizin üçün ən çətin məsələ olan yol probleminin çətinliyindən çox danışmadınız…

–        Biz bura əsasən, gəmi ilə gəlirik.Yuxarıda da dediyim kimi, hava küləkli olanda,  dənizdə qasırğa yaşananda helikopterlə gəldiyimiz günlər də olur. Bu o qədər də asan başa gəlmir, çünki heliopterlərin hərəkəti çox məhduddur. O zaman direktorumuz “28 May” NQÇİ-dən icazə alıb, adaya gediş-gəlişimizi təmin edir. Gəmidə sərnişinlər üçün olan otaqda əyləşirik. Amma əvvəlcə Sumqayıtdan Bakıdakı metroya, oradan da avtobusla limana gəlirik. Ondan sonra da gəmi ilə  2,5 saat yol getmək, əvvəllər mənə çox ağır gəlirdi. Sonra yol şəraitinə öyrəşdim. Artıq uzun yol da mənə qısa məsafə kimi gəlir. Bildiyimiz kimi güclü külək zamanı dənizdə dalğalar olur ki, onlar da gəmini yırğalayır. Bu səbəbdən adamın başı fırlanır və ürəkbulanmasına səbəb olur. Gəmidə vaxt tez keçsin deyə, bədii əsərlər oxuyuram, ya da musiqi dinləyirəm. Gəmi heyəti də çox mehribandır. Çay, su istəyəndə gedib rahat şəraitdə içə bilirik.

28511475_1656248991079221_1392550066_n.jpg

– Ada məktəbində şagird və müəllimlər vahid formadan istifadə edirlər?

– Bəli, məktəbdə şagirdlər üçün vahid məktəbli forması tətbiq olunub. Ancaq müəllimlər üçün vahid forma yoxdu. Buna baxmayaraq, onlar da tədris prosesinə uyğun geyinirlər. Əlbəttə, mən də həm müəllimlər, həm də şagirdlər üçün vahid forma olmasının tərəfdarıyam. Düşünürəm ki, hər kəs vahid formada olsa, onda daha çox bərabərlik olar.

– Bu qədər çətinliklərdən keçib dərsə gəlirsiz. Heç olmasa, aldığınız maaş sizi qane edir?

– Ada şəraitində ailədən uzaq yaşamaq, gediş-gəlişin çətinliklərinə uyğunlaşmaq insandan səbr, dözüm tələb edir. Bilmirəm, nə qədər səmimi qəbul edərsiz, amma mənim üçün həqiqətən də maaşın bir önəmi yoxdur. Çilov adası Azərbaycan iqtisadiyyatında önəmli yerlərdən birini tutur. Burada neftçilərimizin övladları təhsil alır. Onların müəllimə ehtiyacları var. Onlara təhsil verməyi, təlim-tərbiyələri ilə məşğul olmağı özümə vətəndaşlıq borcu bilirəm. Şagirdər də ingilis dilinin əhəmiyyətini, onun gələcək həyatlarında nə dərəcədə lazımlı olduğunu  dərk edir, bu fənnə həvəslə yanaşırlar. Sırf bu münasibət insana işin maddi tərəfini unutdurur. Himayəmdə başqa adam olmadığından – tək özüm olduğundan düşünürəm ki, məni qane edir. Yəni, ən azından mənim üçün qənaətbəxş maaşdır.

– Gündəlik iş qrafikiniz də çox maraqlı olardı…

– Səhər 7-də yuxudan oyanıram, 8-də isə dərs başlayır. Yol qısa olduğundan 5 dəqiqəyə məktəbə çatıram. Saat 11:30-a qədər birinci növbəyə olan dərsim bitir. O zaman evə qayıdıb günorta birdə başlanacaq dərsə hazırlaşıram. Saat 18:00-da isə ikinci növbənin dərsləri bitir və yenidən evə qayıdıram. Ev işləri, bazarlıq, sabahkı dərsə hazırlıq – hamısı saat altıdan sonra başlayır. Mən evdə anamın himayəsi altında böyümüşəm. İndi yemək bişirmək, ev işlərini görmək mənə çox çətin gəlir. Otaq yoldaşlarım sağ olsunlar, mənə bu işdə çox yardımçı olurlar. Geridə qalan az asudə vaxtımı isə istirahətə həsr edirəm. Hava bərk  küləkli olanda çox vaxt Sumqayıta getmirəm. Burada rəfiqəm və iş yoldaşım Ruqiyyə ilə qalıram. Onun ailəsi mənə öz ailəm kimi doğmadır. Bazarlığı, lazımı əşyaları demək olar ki, şəhərdən gətirirəm. Qidaları buradan alıram. Hə, onu da deyim ki, adada bizim əraziyə yaxın üç market var, məhsul seçimi bol olmasa da lazım olanları tapmaq olur (gülür).

28534340_1656248981079222_426717537_n.jpg

– Maraqlıdır, buradakı məzunların universitetlərə qəbul faizləri necədir?

– Məktəbdə şagirdlərin universitetə qəbulolma faizləri ildən ilə dəyişir. Orta göstərici 60-70 faizdir. 2011-ci ildə isə qəbul faizi 90 faiz olub. Bu da məktəbdə yüksək ixtisaslı müəllimlərin çalışdığına bir işarədir.

– Uşaqlarla asudə vaxtlarınızı neçə keçirirsiz? Ekskursiya, gəzintilər olurmu?

– Şagirdlərin Bakı ekskursiyası haqqında onu demək istəyirəm ki, bura qapalı yer sayıldığından, gediş-gəliş çətin olduğundan, bu kimi hallar demək olar ki, baş vermir.Həmçinin,  şagirdlərdən bəzilərinin şəhərdə qalmaları üçün yaxınları yoxdu. Gediş-gəliş isə bir günün içində mümkün deyil. Bunu nəzərə alaraq, hətta imtahanlar da mətəbdaxili keçirilir.Onu da deyim ki, Çilov adasının özünün gəzməli yerləri var. Burada insanlar arasında “Urnos” deyilən yer var, uzun buruna oxşadığı üçün ona belə ad verilib. Əsasən, yay aylarında şagirdlər ora piknik və ekskursiyaya gedirlər. Burada həmçinin, tarixi 1800-cü ilə qədər çatan mayak vardır. Oranı da görmək şagirdlər üçün maraqlıdı.

28535942_1656248977745889_1021851162_n.jpg

Ümumiyyətlə, burada günlər çox maraqlı keçir. Sıxıcı şəhər həyatından fərqli olaraq, burada darıxmıram. Yay tətillərində də bəzən, adaya  gəlirəm. Ən çox yadımda qalan isə vertolyotla olan səfərlərimdir. Onlardan hər biri mənim üçün ayrıca bir xatirədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər