Bakıda keçirilən Konqres ölkəmizin beynəlxalq nüfuzunun təsdiqidir

528

1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Əlli ildən sonra Konqres yenidən Bakıda keçirildi. Nüfuzlu beynəlxalq tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı qatılıb. Prezident İlham Əliyevin cari ilin 2 oktyabr tarixində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edərək bir sıra mühüm məqamlara toxundu, önəmli açıqlamalar verdi. Ölkəmizin bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlərdən, siyasi-iqtisadi qüdrətindən, dünyada sülh və təhlükəsizliyə göstərdiyi dəstəkdən, həmçinin kosmik sahənin inkişafına verdiyi töhfələrdən danışaraq ölkəmizin qlobala əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı.

Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir: “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər”.

“Təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir”

Azərbaycan dünyada ilk dəfə – XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanındığını bildirən Prezident İlham Əliyev əlavə etdi ki, o zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda – Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib. Müstəqil ölkə olaraq, təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olmaq bizim üçün inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitədir. Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycan müstəsna əhəmiyyətə malikdir. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir.

“Ölkəmizin suverenliyini tam bərpa etdik”

Prezident İlham Əliyev çıxışında bildirdi ki, üç il əvvəl 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü.

Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik.

Dövlətimizin başçısı açılış mərasimində sülh mesajı da verdi: “Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir”.

“Son 20 il ərzində büdcə gəlirləri 30 dəfədən çox artıb”

Müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyatın vacibliyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı deyil: “Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Birbaşa xarici borcümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır”.

Prezident İlham Əliyev bildirdi ki, müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub.

Beləliklə, ən mötəbər tədbirlərdən biri olan beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır.

Beləliklə, dünyanın ən mötəbər tədbirlərindən biri olan Beynəlxalq Astronavtika Konqresinin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafı, beynəlxalq kosmik ictimaiyyət və Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi üçün əvəzsiz imkanlar yaradacaq.

Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər