Rusiyada bloqqer və müxalifət lideri Aleksey Navalnının araşdırmasından sonra sürətlə məşhurlaşan, çox keçmədən Tailandda həbs olunan, “Balıq Nastya” ləqəbli belaruslu eskort qız Anastasiya Vaşukeviç amerikalı jurnalistlə təmas qurub.
Virtualaz.org xəbər verir ki, “The New York Times” qəzetinin əməkdaşı Tailandın miqrantlar üçün nəzərdə tutulmuş saxlama məntəqəsində “Nastya Rıbka” ilə görüşüb və müsahibə alıb. O, bildirib ki, əlində Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə dair ciddi kompromatlara malikdir və əgər Birləşmiş Ştatlar sığınacaq versə bu kompromatları təqdim etməyə hazırdır.
Xatırladaq ki, özünü “oliqarx ovçusu” adlandıran “Balıq Nastya” Kremlə yaxın qüdrətli oliqarx-milyarder Oleq Deripaskanın məşuqəsi olub və onun yaxtasında dəniz səyahətinə çıxıb. Bu səyahətdə Rusiya hakimiyyətinin boz kardinalı, xarici siyasət üzrə əsas fiqurlardan biri, baş nazirin müavini Sergey Prixodko da olub. Bildirilir ki, 2016-cı ildə baş tutmuş bu yaxta səyahətində ABŞ-dakı prezident seçkiləri ilə bağlı müzakirələr də aparılırdı.
Deripaska ABŞ prezidenti Donald Trampın seçki qərargahının keçmiş rəhbəri, hazırda xüsusi prokuror Robert Müllerin istintaqı altında olan Pol Manaforta lobbi xidmətləri ilə bağlı sifarişlər verib. Hazırda xüsusi prokuror Manafortun Deripaska ilə əlaqələrini də araşdırır. Məhz belə bir vaxtda Navalnını sürətlə populyarlaşdırdığı “Balıq Nastya” bildirir ki, əlində Deripaskanın və Prixodkonun, habelə başqa mühüm şəxslərin 16-18 saatlıq səs yazısı var. Bu audio fayllarda söhbət Amerika seçkilərinə müdaxilə planından gedir.
“Əgər Amerika mənə sığınacaq versə mən bildiklərimin hamısını danışaram. Rusiyaya qayıtmaqdan qorxuram, çünki orada başıma qəribə şeylər gələ bilər”-Tailandda bir qrup rusiyalı ilə birlikdə qeyri-leqal seks-treninqlər keçirdiyi üçün saxlanılan belaruslu qız deyib.
“Onlar seçkiləri müzakirə edirdilər. Deripaskanın seçkilərlə bağlı planı var idi. Mən sizə hər şeyi danışa bilmərəm. Bu, təkcə mənə aid deyil. Söhbət Amerikadan və başqa ölkələrdən olan bir çox insanlardan gedir”-“Balıq Nastya” əlavə edib.
“Balıq” bildirib ki, onun əlindəki audio fayllarda amerikalı olduqları təxmin edilən, ingilis dilində sərbəst danışan üç şəxsin danışığı da yer alır.
Jurnalist qeyd edir ki, bu cür bəyanatları istənilən başqa situasiyada iqnor eləmək olardı, anca indiki halda “Rıbka” doğrudan da nəsə bilir. Axı Navalnının səs-küylü araşdırması onun İnstagram hesabındakı şəkillər, kitabından seçmələr və yaydığı videokadrlar üzərində qurulmuşdu.
Birləşmiş Ştatların Minskdəki səfirliyi bildirir ki, “Nastya Rıbka”nın siyasi sığınacaq barədə Tailanddan etdiyi müraciətə baxıla bilməz. Çünki siyasi sığınacaq barədə ancaq ABŞ ərazisində müraciət etmək olar. İndiki halda “Nastya Rıbka” ABŞ-dan ona qaçqın statusu verilməsini xahiş edə bilərdi. Səfirlik bildirib ki, bu məsələ araşdırılır. Tailand tərəfi isə “Nastya Rıbka”nı və onunla birlikdə saxlanılanları Rusiyaya ekstradisiya etməyə hazırlaşır. Əslində qız Belarus vətəndaşıdır, Rusiyada isə Deripaska onu “şəxsi məlumatları yaymaqda” ittiham edərək məhkəməyə verib.
Xatırladaq ki, “Nastya Rıbka”nın saxlanılmasından bir gün sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Paruşev Tailanda səfər edib.