Bandoviçin və “Bakı”nın fiaskosu

957

Bəli, artıq “Bakı” üçün cari mövsümü fiasko saymaq olar. Bu komanda “Xəzər Lənkəran”ı məğlub edib Azərbaycan kubokunun finalına yüksəlməyə borclu idi. “Xəzər Lənkəran”ın gücünü kiçiltmək istəmirəm. Amma fakt faktdır ki, “Xəzər Lənkəran” əvvəlki “Xəzər Lənkəran” deyil.  Əgər “Bakı” bu gün “Turanı”, “Sumqayıt”ı məğlub edə bilməyən bir komandaya məğlub olursa,  deməli problem ciddidir. Ən böyük problem isə baş məşqçidən başlayır.  Axı qış transfer dönəmində Bojidar Bandoviçə bütün şərait yaradıldı ki, o, istədiyi komandanı qura bilsin. Ancaq təəssüf ki, çernaqoriyalı mütəxəssis bunun öhdəsindən gələ bilmədi. Düzdür, oyundan sonra  “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib ki, “Bakı” cütün taleyini ilk oyunda uduzub, çünki xeyli qol şansını sağa-sola xərclədi. Bəli, uelsli tamamilə haqlıdır. “Zolaqlılar” o qədər qol epizodlarından istifadə etməyəndə bilməliydilər ki, sonluq da bu cür olacaq. Ancaq bunun özü də dolayısı ilə gəlib  baş məşqçiyə bağlanır.

Dediyim kimi, rəhbərlik baş məşqçi və futbolçular üçün bütün lazımı şərait yaradılıb. Antalyada ən bahalı otellərdən biri və bəlkə də birincisi elə “Bakı”nın qaldığı otel idi. Yoxlama görüşlərinin təşkilində də heç bir problem olmadı. Elə isə niyə komanda qış fasiləsindən sonra lazımi oyunu və nəticəni ortaya qoya bilmədi? Deməli, məşqçi işi yoxdur, komandaya oyunçu seçimləri düzgün aparılmayıb. Bu gün yalnız Marius Pena öz sözünü deyir və kimliyindn aslı olmayaraq, istənilən komandaya qol vura bilir. Bəs digərləri?  Digər transferlər niyə edilib nəyə lazım idi həmin futbolçuların transferi? Bax  bu, şəxsən mənə çatmır. Məsələn Rodriges Martines 2007-ci ildə “Barselona”ya bir qol vurub, amma üstündən 6 il vaxt keçib. Futbolçu bəzən 1 ilə oyununu tamam itirə bilər, o ki qaldı 6 il ola. Özü də yaş üstünə yaş gəlir. Bu gün Martines faktiki “Bakı”da heç nə ilə yadda qalmır və böyük ehtimalla mövsümün sonunda göndəriləcək.  Yaxud Rısto Rıstoviç. O da bu gün legioner kimi, komandaya heç nə verə bilmir. Rauf Əliyev hələ də hazır  deyil. Ferdi Yılmaza gəlincə,  cəmi 2-3 matçda onu meydançada gördük.  Hanı edilən transferlərin komandaya  verdiyi fayda?  Mən öz fikrimdə qalacam ki, son uğursuzluğa görə tək günahkar Bandoviçdi.

Edilən transferləri qoyuram bir kənara. Gəlim oyun planında buraxılan səhvə. Təsəvvür edin ki, o,  Lənkəranda komandanın əsas dirəklərində biri, bəlkə də birincisi sayılan Aleksandr Şoliçi meydançadan çıxardır.  Halbuki, xorvatiyalı futbolçu dəfələrlə olub ki, komandasını çətin durumdan çıxartmağı bacarıb. Nəticdə az keçmiş Lənkəran klubu ikinci qolu vurur. Axı sən Şoliçi niyə dəyişirsən onsuz da mərkəzdə sənin başqa silahın yoxdur ki, oyunu əlində saxlasın. Bir sözlə, Şoliç çıxınca meydança sahibləri təzyiqi artırıb ikinci qolu vurmalı idilər  ki, vurdular da.

İkincisi, hamı bilir ki, çərçivə çox həssas mövqedir və burada eksperiment çox risklidir. Bandoviç də Lənkəranda məhz bu riskə gedərək, Kamran Ağayevi yox, Edin Nureddinsokini meydançaya buraxdı, makedoniyalı qapıçı isə ilk qolda topu əlindən buraxmaqla kobud səhvə yol veri. Bir sözlə cənab Bandoviç, sənə həddindən çox etimad göstərildi. Amma sən “Bakı”ya heç nə vermədin. “Bakı” rəhbərliyi sənə super şərait yaratmışdı. Bundan da istifadə edə bilmədinsə, daha qalıb burada işləməyinin mənası yoxdur.

Təbii,hamı deyə bilər ki, Bandoviçi bura rəhbərlik dəvət edib.  Bəli, bütün bu uğursuzluğa görə “Bakı” rəhbərliyi də yaxasını kənara çəkə bilməz.Ümid edirəm ki, onlar heç olmasa bu dəfə baş məşqçi məsələsində düzgün seçim edəcəklər.

Anar Xanlarov, “Sportinfo.az”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər