Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 22-də Baş prokuror Kamran Əliyev Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Qubadlı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Baş prokuror Kamran Əliyev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmiş, daha sonra isə Heydər Əliyev Mərkəzinə gələrək Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən eksponat və fotoşəkillərlə tanış olmuşlar.
Qəbulda iştirak edən 53 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Sumqayıt şəhər prokurorluğunda Qubadlı rayon, Sumqayıt şəhər və hərbi prokurorluqalarının əməkdaşlarının iştirakı ilə müşavirə keçirərək vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkili, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi ilə bağlı öz tövsiyələrini verib.
Daha sonra Baş prokuror Qubadlı rayon və Sumqayıt hərbi prokurorluqlarına getməklə orada yaradılmış iş şəraiti ilə tanış olub.
Müzakirə qapadılmışdır.