Bayrağımız şəhid qanı ilə daha da ucaldı

207

28 May – Müstəqillik Günü sadəcə tarix kitablarında yazılmış bir gün deyil. Bu tarix bizim xalqımızın azad yaşamaq iradəsinin, dövlət qurmaq əzminin və milli qürurunun başlanğıcıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız sübut etdi ki, o, öz taleyini özü müəyyən etməyə qadirdir. Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında qurulması xalqımızın siyasi yetkinliyinin göstəricisi idi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, qoyduğu dövlətçilik irsi yüz ildən artıqdır ki, yaşayır. O dövrdə yaradılan parlament, milli ordu, dövlət bayrağı və vətəndaşlıq anlayışı bugünkü müstəqil Azərbaycanın təməl daşlarına çevrildi. Ulu Öndər Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Tarix də bunu bizə dəfələrlə göstərdi.

Sovet dövründə xalqımızın müstəqillik arzusu heç vaxt ölmədi. Xalqın qəlbində üçrəngli bayrağa, azad Azərbaycana bağlılıq həmişə yaşadı. Məhz Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan 1990-cı illərin ağır sınaqlarından keçərək dövlətçiliyini qoruyub saxladı. O illərdə ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Ancaq milli birlik və qətiyyət Azərbaycanı bu çətinliklərdən çıxardı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini xalqımızın dövlətçilik tarixinin şərəfli səhifəsi kimi qiymətləndirərək bildirirdi ki, müstəqillik ideyası Azərbaycan xalqının milli ruhunda daim yaşayıb və heç vaxt sönməyib. Məhz bu siyasi xətt müasir Azərbaycanın güclü dövlətə çevrilməsinin əsasını təşkil etdi.

Bu gün biz artıq başqa bir Azərbaycanın şahidiyik. Güclü ordusu, möhkəm siyasi iradəsi və xalq-iqtidar birliyi olan qalib Azərbaycan. 44 günlük Vətən müharibəsi xalqımızın tarixində yeni qəhrəmanlıq salnaməsi yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu qələbə həm də Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yarımçıq qalmış arzularının davamı idi.

Bir şəhid atası olaraq mən yaxşı bilirəm ki, bu torpaq, bu bayraq, bu müstəqillik bizə asan başa gəlməyib. Minlərlə igid oğul canından keçdi ki, Azərbaycan bütöv olsun. Şəhidlərimizin qanı ilə ucalan bayraq bu gün Şuşada, Laçında, Xankəndidə dalğalanır. Bu mənzərə hər bir azərbaycanlı üçün həm qürur, həm də böyük məsuliyyətdir.

Bu gün işğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, şəhidlərimizin ruhuna verilən ən böyük ehtiramdır. Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətimizin gücünü və gələcəyə inamını nümayiş etdirir.

Veteranlar olaraq biz həmişə gənc nəslə deyirik ki, müstəqillik sadəcə hüquqi sənəd deyil. Müstəqillik dövlətinə sahib çıxmaq, onun uğrunda birləşmək, lazım gəldikdə onu qorumaq deməkdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları da, Vətən müharibəsinin qəhrəmanları da eyni amal uğrunda mübarizə aparıblar — güclü və azad Azərbaycan uğrunda.

Bu gün 28 Mayı artıq qalib xalq kimi qeyd edirik. Azərbaycanın suverenliyi tam bərpa olunub, dövlət bayrağımız bütün ərazilərimizdə dalğalanır. Bu, təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpasıdır. Xalqımız bir daha göstərdi ki, onun iradəsini sındırmaq mümkün deyil.

Bu gün Azərbaycan dünyada söz sahibi olan, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətə çevrilib. Bu uğurların əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs və onun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan müstəqilliyimiz daim yaşasın, üçrəngli bayrağımız həmişə yüksəklərdə dalğalansın. Yaşasın müstəqil və qalib Azərbaycan!

 Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər