Xəbər verdiyimiz kimi Sumqayıt Dram Teatrının və Vaqif kinoteatrının yerləşdiyi Bələdiyyə parkında Şəhər Polis İdarəsinin tikilməsi planlaşdırılır. Və ötən həftə Sülh küçəsi və Heydər Əliyev prospektində aparılan söküntü və obyektlərin yığışdırılması əməliyyatı bu əraziyə də gəlib çatdı. Parkda, qanuni, sənədləşdirilmiş şəkildə fəaliyyət göstərən “İmperial” restoranı və çay evi polisin iştirakı ilə yerlə yeksan edildi. Çayxananın sahibi olan R.Abışov ötən həftə qəzetimizə müraciət edərək hüquqlarının pozulduğunu bildirdi, əlaqədar strukturlardan kompensasiya tələb etdi.
Elə ötən həftə sonu icra başçısı Eldar Əzizov obyekt sahiblərini qəbul edib. Sözügedən ərazidə olan müxbirimizə bu barədə obyekt sahiblərindən biri söyləyib. Məlumata görə, sözügedən görüşdə iki obyekt sahibi ilə yanaşı icra başçısının müavini Tariyel Hacıyev və şəhər Tikinti və Memarlıq İdarəsinin rəisi Məmli Abbasov da iştirak edib. İcra başçısı bildirib ki, qanuni obyektlərin o cür dağıdılması yolverilməzdir. “Obyekt sahibləri ilə görüşüb, onlara vəziyyəti izah etmək, başqa yer təklif etmək, bir sözlə, kompramis əldə etmək lazım idi” – deyə E.Əzizov bildirib.
Obyekt sahibinin sözlərinə görə, icra başçısı elə həmin parkın ərazisində onlara yer ayrılacağını vəd edib. Xüs.İnf/ 168saat