Oksford Universitetinin (Saïd Business School) dəstəyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “İqlimin İdarəolunması Məktəbi” öz işinə başladı. Məktəbin keçirilməsində əsas məqsəd bu gün dünyanın üzləşdiyi ən aktual ekoloji problemlərin həlli üçün innovativ yanaşmaları təşviq etmək və iqlimin idarəolunmasında dayanıqlı yanaşmalar formalaşdırmaqdır. Məktəbdə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Milli Hidrometeorologiya Xidməti, BP, “SOCAR Downstream Management”, “SOCAR Polymer”, “Azersun Holding” MMC, “GİLTEX” MMC, “ATS Food” MMC, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət Universitetinin nümayəndələri iştirak edir. Ali təhsil müəssisələrinin və sənaye sektorunun peşəkarlarının iştirakı ilə keçirilən idarəetmə məktəbinin ilk günündəki sessiyalarda “Yaşıl olmağın təşkilatlar üçün faydaları” və “İqlim idarəetməsinin biznes strategiyasına inteqrasiyası” mövzuları ətrafında geniş müzakirələr aparıldı. Əlavə olaraq panel müzakirəsində aparıcı sənaye müəssisələrinin müvafiq sahədəki təcrübələri dinlənildi. İki gün davam edəcək Məktəbin ikinci günündə iqlim dəyişikliyinin sağlamlıq üzərində təsirləri, qlobal vizyonda davamlı biznesin təmin edilməsi yolları, iqlim dəyişikliyinin idarəolunması sahəsində rastlaşılan problemlər müzakirə ediləcək. Həmçinin, iqlim dəyişikliyinə əsaslanan fəaliyyət planının istiqamətləri üzrə müzakirələr və vörkşoplar təşkil ediləcək. Qeyd edək ki, təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.
Müzakirə qapadılmışdır.