Beynəlxalq missiyanın aparıcı ölkəsi – TƏHLİL

790

Koronavirus Çinin sərhədlərini aşanda hər kəs öz “evinə çəkilməklə”, əksər ölkələr sərhədləri bağlamaqla virusdan qoruna biləcəyini proqnozlaşdırdı və bütün addımları bu nikbin ehtimala uyğunlaşdırdı. Ancaq infeksiya sərhəd tanımadan sürətlə bütün dünyanı ağuşuna aldı və qısa zamanda “pandemiya” statusuna yiyələndi. Bununla belə, zaman göstərdi ki, “taclı bəla” ilə mübarizədə özünəqapanma effektiv deyil, qlobal mübarizə, həmrəylik qaçılmazdır.

Qlobal mübarizəyə dəstək

Azərbaycan pandemiyanın yayılmağa başladığı ilk dövrdən etibarən BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa başladı. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalandı və Azərbaycan ÜST-ə 5 milyon dollar maliyyə yardımı ayırdı.

Azərbaycan dünyanı birləşdirmək missiyasını üzərinə götürdü, bu mübarizədə öncüllük nümayiş etdirdi və beynəlxalq çağırış etdi.

İlk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu məzmunda zirvə görüşü təşkil edildi.

Bakıdan dünyaya

Dövlətimizin başçısının təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində əsas məqsəd türkdilli ölkələr arasında koordinasiyanın təşkili, koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığa çağırış idi. Xüsusilə qeyd edək ki, Türk Şurasının fövqəladə Zirvə görüşü pandemiya ilə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi.

“Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın planeti bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır” deyən prezident İlham Əliyev mübarizənin yeganə effektiv mübarizə modelini təklif etdi.

Qoşulmama Hərəkatını qoşulmağa çağırmaq

Qoşulmama Hərəkatının əsas fəlsəfəsi münaqişələrə, bloklara qoşulmamaq, bütün xalqların suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi prinsiplərə söykənir.

Ancaq bu dəfə qoşulmaq tələb olunur – söhbət hansısa hərbi blokdan getmir, ümumbəşəri bəlaya qarşı bir səngərdə yer almaq lazımdır. Prezident İlham Əliyevin dediyi kimi, “Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir”.

Məlum olduğu kimi, ötən ilin oktyabrından Qoşulmama Hərəkatına rəhbərliyi Azərbaycan həyata keçirir. Rəsmi Bakı müxtəlif qütbləri birləşdirmək, vahid məqsədə yönləndirmək missiyasını bu dəfə də üzərinə götürdü və mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Əksər təhlilçilər hesab edir ki, Qoşulmama Hərəkatını opponent kimi qəbul edən Avropa İttifaqı rəsmisinin bu Zirvə görüşündə iştirakı tarixi hadisədir və Azərbaycan Prezidentinə olan etimadın, eyni zamanda dövlətimizin başçısının çağırışına beynəlxalq miqyasda reaksiyanın təzahürüdür.

Azərbaycan Prezidenti bu tribunadan da beynəlxalq birliyə səsləndi və pandemiyaya qarşı həmrəyliyin vacibliyi önə çəkdi. “Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir”, – deyə prezident yekun nitqində bildirdi.

Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi Ümumdünya Səhiyyə Təşkilatına hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün ÜST-ə əlavə olaraq 5 milyon dollar ianə etməsi də ölkəmizin beynəlxalq missiyanın aparıcı ölkəsi olduğunun ifadəsi kimi şərh olunmalıdır.

Pandemiya yayılmağa başlayanda əksər təhlilçilər bunu qlobalizmin sonu kimi xarakterizə edirdilər. Bəli, ilkin meyllər dünyanın buna doğru hərəkətləndiyini göstərirdi. Lakin ilkin neqativ və pozitiv nəticələrin təhlili, praqmatik analizlər göstərdi ki, özünəqapanma çıxış yolu deyil. Yalnız birgə, düşünülmüş, qarşılıqlı dəstəyə söykənən siyasət planeti bu bəladan xilas edə bilər. Azərbaycanın da təklif etdiyi məhz bu modelin tətbiqi və coğrafiyasının genişlənməsidir.

Vüsal Məmmədov, “168 saat” qəzetinin baş redaktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər