Biz niyə sərt olmuşuq?

1055

“Sizin sualınız çox sərt sualdı. Bu sualla siz futbolçuları tənqid edirsiz. Azərbaycan futbolu inkişafadı, mən inkişaf edən gənclərə yol göstərirəm…” Berti Foqtsla Portuqaliya ilə oyundan sonrakı mətbuat konfransında aramızda baş tutan sual-cavabın stenoqrammını təkrar bura yazmaq fikrində deyiləm. Yəqin ki, mətbuat konfransının gedişatından artıq xəbərdarsız. Kifayət qədər konkret sualıma Foqts ənənəsinə sadiq qalaraq manevr etməklə cavab verməyə çalışdı. Almanca bilmədiyimdən tərcüməçinin sualımı çalışdırıcıya dəqiq çatdırıb-çatdırmadığından xəbərsizəm. Amma Foqtsun məğlubiyyətə şərh verməyə başlayan kimi hakimin verdiyi qırmızı vərəqəni xatırlatması, qapımızdan bir yox, iki qol buraxmağımıza təəssüfüni ifadə etməsi səbr kasamı elə daşırmışdı ki, ona bu sualı ünvanlamasydım ürəyim partlayardı. Qüruru olan çalışdırıcı meydana çıxardığı futbolçuların 90 dəqiqə ərzində rəqibin qapısına bircə zərbə belə vura bilməməsinə görə xəcalət çəkər, ölkəmizdə olduğu beş il ərzində fəaliyyətinin səmərəsiz olduğunu etiraf edərdi. Amma herr Bertidə qürur nə gəzir? Gözümüzün içinə baxa-baxa yalanı elə danışır ki…Elə mən də onun gözünün içinə baxıb “Avropanın sayılıb-seçilən məşqçilərindən olan Foqts rəqibin qapısına doğru zərbə vurmağı belə bacarmayan komandanı çalışdırmağı özünə necə sığışdırır?” sualını verməklə avam olmadığımızı, əksinə onun özünün yavaş-yavaş bizim gözümüzdə təlxək obrazını formalaşdırdığını anlatmağa çalışdım. Sualıma cavab verərkən üzünün dəyişmiş ifadəsinə əsasən məqsədimə çatdığımı hiss etdim. Səni bizə calayanın…14 il bundan əvvəl Əhməd Ələsgərovun məşq etməyə meydança tapmayan komandası daha güclü heyətlə Bakıya gələnPortuqaliyaya qarşı daha ləyaqətlə mübarizə aparmışdı. Onda Zaur Tağızadənin Bayanın ayaqlarının arasından keçirdiyi qoldan savayı Lıçkinin tirdə partlayan zərbəsi futbolçularımızın kişi kimi əsl futbol oynadığının sübutu idi. 1999-cu ildə millimizin texniki məğlubiyyət almasını arzulayan bişərəflər stadionun işıqlarını kəsmişdilər. Qorxurdular ki, bizimkilər nəhəng rəqibdən xal alarlar, Fuad Musayevin futbolumuzu uçuruma apardığı haqda uydurmaları öz əhəmiyyətini itirər. Əsl uçurum belə olar. 10 milyon manat xərcləyib təmir etdiyiniz, projektorları par-par parıldayan stadionda rəzil oldunuz. Foqtsun 15 gün məşq etdirdiyi komanda rəqibin qapıçısı Patrisiya heç əziyyət vermədi. Gərək qonaqpərvərlik göstərib portəgizlərin qapıçısı üçün cərimə meydançasının yaxınlığında şirniyyat süfrəsi təşkil edərdiz. Futbol əsas deyil, yetər ki, əcnəbi qonaqlarımız bizdən razı getsin. Qol vurmağı çoxdan yadırğamış Rauf Əliyevdən nicat gözləyirdik, sağolmuş qol vurmaq nədi, heç qaydalar çərçivəsində mübarizə aparmağı da bacarmırmış. Özünə inam hissini itirmiş hücumçunu start heyətdə meydanda buraxmaq Foqtsun məntiqsiz xətalarından sadəcə biridi. Asif Məmmədov, Araz Abdullayev kimi şans gözləyən, yığmada oynamaq üçün alışıb-yananlar həmin axşam millinin heyətində deyildisə biz nədən danışırıq? Raufun meydandan qovulması taleyin istehzasıdı, rəqibin qapısına doğru zərbə vurmayacaqsansa, boşuna niyə meydanda vaxt itirisən? Azərbaycan çempionatında qol vura bilməməsi forvardın psixoloji durumuna təsirsiz ötüşməyib. Dəqiqələr ötdükcə həmin gərginlik Raufun əsəblərini daha da tarıma çəkdi və nəticə bəllidi: 4 dəqiqəyə iki sarı vərəqə. Hərgah ki, mən 11 nəfərlə belə məğlubiyytdən qaça bilməyəcəyimizə əmin idim. Təkcə Raufun deyil, Əfran İsmayılov, Vladimir Levin, Pərciz Fərzad Azad kimilərin Kamran Ağayevlə eyni milli komandada meydana çıxması ədalətsizlikdi. Kamran bir daha Azərbaycan futbolunun yaxın keçmişinin ən yaxşısı olduğunu ortaya qoydu. Zaman yenə məni haqlı çıxardı. Sonuncu yazımda Foqtsun Azərbaycandakı fəaliyyətinin, onun yığdığı komandanın hücum potensialının sıfıra bərabər olduğunu qeyd etmişdim. Portuqaliya ilə oyunun statistik göstəricilərində komandamızın adınının qarşısında sıfırlar dalbadal düzüldü. Ronaldoyla Naninin meydanda olmaması bir tərəfə, rəqib futbolçular oyuna birbalacaa ciddi yanaşsaydılar Gimarayeşdəki hesab təkrarlanardı. Sayənizdə Azərbaycana gələn rəqiblər təkcə meydanda deyil, kənarda da bizə hörmət qoymurlar. Bentunun mətbuat konfransındakı sözlərinin dilimizə tərcüməsinə icazə verməməsi əcnəbilərin bizimlə hesablaşmadığının göstəricisidi. Amma idman jurnalistləri Foqts kimi qürurunu ayaqlar altına atmayıb. Düzdü, demarşımız portuqaliyalı çalışdırıcını fikrindən daşındırmadı, amma ən azından avropalılar Azərbaycanda dilinə və özünə hörmət qoyan qürurlu insanların yaşadığından xəbər tutdular. Futbolumuzun hazırki durumu, əcnəbilərin bizə saymazyana davranışı isə ürəyimizi ağrıdır. Herr Berti, indi bildin biz niyə belə sərt olmuşuq?

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər