Yeniyetmələr arasında intihar dəhşətdir. Burada əsas günahkar öz uşaqlarına təzyiq göstərən təhsilsiz valideynlərdir: “Sən universitetə daxil olmalısan”, “Sən həkim olmalısan” və ya “Sən iqtisadçı olmalısan”…
Bu fikirləri Oxu.Az-a açıqlamasında sosial bloqer Saleh NəsirovAzərbaycanda universitetə qəbul imtahanlarının nəticələrindən sonra yeniyetmələrin intiharından danışarkən deyib.
“Niyə uşaqların iradəsinə, istəyinə və qabiliyyətinə qarşı bir şey edirsiniz? Ola bilsin ki, sizin övladınızdan həkim olmayacaq, yaxşı çilingər, santexnik, aşpaz olacaq və onlar bu peşədən aylıq beş min dollara yaxın maaş alacaq”, – Nəsirov bildirib.
O əlavə edib ki, valideynlərin övladlarının istəyini nəzərə almadan onlara etdiyi təzyiq nəticəsində sonuncuda həyata qarşı aqressiya yaranır.
“Yeniyetmələr valideynlərinin ümidlərini doğrultmaq istəyir, ancaq onda bu alınmır. Əzablar başlayır. Bu vəziyyətdə ona təzyiqlər davam etdirilir: “Sən bunu necə edə bildin?”, “Xalqın uşaqları..” və sairə”, – müsahibimiz qeyd edib.
Nəsirovun fikrincə, analoji vəziyyət Azərbaycandakı bütün ailələrdə hökm sürür.
“Nəyin bahasına olursa-olsun, universitetə daxil olmaq! Hansına daxil olmaq vacib deyil, əsas daxil olmaqdır ki, həmyaşıdları, qonşuları və qohumları qarşısında biabır olmasın, valideynləri məyus etməsin və onlar yaşadığı cəmiyyət qarşısında utanmasın, ordudan yayınsın.
Cəmiyyətdə bu stereotipi və qeyri-sağlam düşüncəni pozmaq lazımdır. Nəyə görə uşaq məktəbə getsin, oxumasın, sonuncu ildə isə repititor yanına getsin və hər hansı universitetin hər hansı fakültəsinə daxil olsun? Kim deyib ki, hamı məktəbdən sonra universitetə daxil olmalıdır?
Bu, harada yazılıb? Qərbdə insanlar məktəbdən sonra işləyirlər, özlərini axtarırlar, təcrübə qazanırlar, təhsildən sonra istirahət edirlər, daha sonra təhsillərini davam etdirmək üçün hara istəsələr, o peşə üzrə təhsil alırlar ki, həyatda istədikləri şəxs olsunlar. Valideynlər, övladlarınızı öldürdüyünüz bəsdir!”, – bloqer deyib.
Xatırladaq ki, qəbul imtahanları abituriyentlər arasında intiharlara səbəb olub. Son sutka ərzində Azərbaycanda iki abituriyent intihar edib.