Böyük bazar

970

Ötən həftə Con Toşakın Lənkəran bazarında çəkilmiş şəkilləri yayıldı. Həmin şəkilləri görəndə “Qəbələ”nin artıq sabiq çalışdırıcısi Toni Adamsı xatırladım. Məsəli cənublu azərkeşlərinin Toşakdan uzaq. Yadınızdadısa, bir vaxtlar Adamsın da Qəbələ bazarında tərəvəz alan yerdə çəkilmiş şəkilləri də idman saytlarını bəzəmişdi. Deyəsən, bu aralar Adamsla Toşakın arasında hansısa gizlin danışıq olub. Londondakı evində Azərbaycanla bağlı xatirələrini unutmağa çalışan Toni yaşlı həmkarını başa salıb ki, azərbaycanlıların bazarlığa özü çıxan məşqçilərdən xoşu gəlir. Çox axtarsam da çalışdırıcının bazara velosipedlə, yoxsa maşınla gəlməsi haqda məlumat tapa bilmədim. Amma yanındakı xanımı görəndən sonra uelsilinin velosipedi evdə saxladığını təxmin etdim. Axı, yaşlı adamın özündən başqa xanımını da velosipeddə daşıya biləcəyi inandırıcı görünmür. Digər təəssüfləndiyim məqam şəkillərin Lənkəranın Böyük, yoxsa Kiçik bazarında çəkildiyinin yazılmaması idi. Deyilənə görə “Böyük Bazar”da futbolu yaxşı anlayan zəhmətkeş lənkəranlıların sayı çoxdur. Əgər, bu şəkillər həmin bazarda çəkilibsə Toşakın orda futbolla bağlı ciddi sorğu-suala tutulduğu şübhəsizdir. Ən azından bazardakı futbolsevərlərdən biri Alvişin qəfil komandadan göndərilməsinin səbəbini soruşmamış olmaz. Heyf ki, şəkilləri yayan həmkarlarımız bu haqda ətraflı məlumat yazmayıblar. Amma uelsli çalışdırıcının xanımının “Bakı”yla cavab oyununa xitabən barmağıyla 3 işarəsi göstərdiyi gələn xəbərlərin arasındadır. Kim bilir, bəlkə xanım barmağını yuxarı qaldıranda “Sumqayıt”la oyunu da nəzərdə tuturmuş? Çünki, Lənkərana səfərə yollanmazdan əvvəl Raabın komandası “Rəvan”la AZAL-aümumilikdə 0:5 hesabıyla məğlub olmuşdu. Toşak və yetirmələri də zəif rəqib üzərində möhtəşəm qələbə qazanıb, lovğalanmağa hazırlaşırmışlar. Məlum oldu ki, “Turan”la “Kəpəz”dən sonra premyer-liqanın elə ən zəif komandası “Xəzər Lənkəran” imiş. Çox istərdim ki, mənim bu sözümə cənub klubuna könül verən futbol fanatları qəzəblənməsinlər. Reallıq acı da olsa, belədir. Təsnifat mərhələsində baş tutan oyunda Yunis Hüseynov təxminən elə bu heyətlə “Sumqayıt”a məğlub olmuşdu. Həmin məğlubiyyəti özlərinə sığışdıra bilməyən azərkeşlər çalışdırıcını istefaya səsləyəndən sonra Yunis bəy də istefa verdiyini bəyan etmişdi. Zaman göstərdi ki, hazırda “Xəzər Lənkəran”da forma geyən futbolçularla “Sumqayıt”ı məğlub etmək çətin tapşırıq imiş. Razıyam ki, belə acınacaqlı duruma görə çalışdırıcı da məsuliyyət daşıyırdı və bu gün Yunis Hüseynov həmin postda deyil. Bəs, ondan başqa kimsə öz məsuliyyətini, günahını etiraf edibmi? Yox! Klub rəsmiləri hamısı hələ də heç nə olmamış kimi öz işlərinə davam edirlər. Şəxsən mən getdikcə daha çox inanmağa başlayıram ki, “Xəzər Lənkəran”ı Toşakla da xoş günlər gözləmir. Cənub klubunda hələ də vəzifələr, kimin nə iş gördüyü bəlli deyil. Babək Quliyevi peşəkar futbol adamı kimi kluba dəvət etdilər. Hazırda isə Quliyevin fəaliyyət dairəsi Lənkəranda və Bakıda fanatlarla görüş keçirməklə məhdudlaşır. Ötən həftə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluna yazılı şəkildə iki sual ünvanladım. Birinci sualım Babək Quliyevin müqaviləsində yer alan vəzifə səlahiyyətlərinə nələrin daxil olmasıyla bağlı idi. Hüseyn bəy cavabında sualıma təəccübləndiyini gizlətməmişdi. Onun fikrincə iki şəxsin arasında bağlanan müqavilədən üçüncü adamın xəbər tutması etiket qaydalarına ziddir. Əziz dostum, məgər biz Quliyevin nə qədər məvacib aldığını soruşuruq ki? Hər kəsin qazandığı pul sağlıqla halal xoşu. Amma sabah Bəbək gedər, Həsən gələr, idman direktorunun səlahiyyətləri dəyişməz axı. Hər kəs bilər ki, “Xəzər Lənkəran”da idman direktoru nə iş görür, menecerin işi nədi, məşqçi köməkçisinin tapşırığı hansılardır. Mənim aləmimdə peşəkar klubda münasibətlər məhz bu cür formalaşmalıdır. Son günlər bu məqama tez-tez toxunmağımda başqa məqsədim yoxdur. Faktiki, müsahibələrinin birində Babək bəy klubda onu istəməyən qüvvələr varlığını və ona maneçilik törədildiyini iddia edib. Maraqlanan olsa, mənbə də göstərə bilərəm. Elə bu qaranlıq məqamdan ikinci sual da doğur. Deyəsən, Quliyevə qarşı öğəylik məhz Toşakın gəlişindən sonra başlayıb. Güman ki, çalışdırıcının həmin posta öz namizədi var. Cənub klubunun rəsmisinə növbəti sualım çalışdırıcının oğulluğu Aleksis Plazanın təyinatıyla bağlı idi. Axı, klubdan verilən açıqlamaya görə Plaza rəqiblərin oyununu izləyib, Toşaka məlumat verməklə görəvləndirilib. Bu tapşırıqın öhdəsindən 30 yaşlı Azərbaycan futboluna yad birisindənsə yerli mütəxəssisin daha yaxşı gələcəyi ilə bağlı sualıma Cəbrayıloğlunun cavabı belə oldu: hazırda bütün səlahiyyət Toşakın özündədir, kimi hara təyin etməyə o qərar verir. Xoruzun quyruğu burda aydın görünür. Plaza rəqibləri öyrənənə kimi mövsümün yarısı geridə qalar. Halbuki, rəqibləri izləyib hesabat vermək üçün elə Emin Quliyev də yaxşı namizəddir. “Xəzər Lənkəran”ın “Turan” və “Sumqayıt” kimi rəqibləri məğlub edə bilməməsi Toşakın xeyrinə olan amildir. Belədə komandanı sıfırdan toplamaq üçün bəhanələr daha asan tapılacaq. “Sumqayıt”a qol vura bilməyən komandanın yaxşı müdafiəsi ilə öyünən, ən əsası paytaxdakı oyunda az qala “Xəzər Lənkəran”a boş sahə buraxmayan “Bakı”ya 3 qol vuracağına inanmaq isə fantastikadır. Heç Toşakın özü də buna inanmır. Kubokdan da əlini üzəndən sonra əsl bazarlıq başlayacaq. Onsuz da Azərbaycan əcnəbilər üçün böyük bazardır…

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər