Böyük ömrün Sumqayıt səhifələri

593

Sumqayıtın adını ilk dəfə XVI əsrdə ingilis səyyahı H.Berac, XIX əsrdə fransız yazıçısı A.Düma çəksələr də və bu şəhər ötən əsrin ortalarında pərvəriş tapsa da, onun dünyada tanınması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. 1949-cu ildə şəhər statusu alan Sumqayıt 20 il sonra – 1969-cu ildə ulu öndərin respublika rəhbərliyinə gəlişi ilə, necə deyərlər, ağ günlərə çıxıb. Əsasən kimya sənaye müəssisələrinin cəmləşdiyi bir ərazi əsl mədəni və sosial tərəqqi şəhərinə çevrilib. Hazırda Sumqayıt öz müasir standartları və trendləri ilə inkişaf edən Azərbaycanın rəmzi kimi çıxış edir.

Yetmişinci illərdə respublikamızın taleyində və tarixində müsbətə doğru başlanan dönüş və intibah tendensiyası Sumqayıtda da özünü aydın göstərdi. O vaxta qədər gənclik şəhərində əsasən kimya və metallurgiya müəssisələri vardı. Məhz ümummilli liderin diqqəti, qayğısı və təşəbbüsü ilə Sumqayıtda yüngül sənaye müəssisələri yaradıldı, xidmət sahələri genişləndi, idman və istirahət guşələrinin sayı çoxaldı. Hətta burada elmi-tədqiqat institutları və o vaxtlar “AZİ” adlanan hazırkı Neft və Sənaye Universitetinin filialı açıldı (indi bu ali təhsil ocağı Sumqayıt Dövlət Universiteti kimi fəaliyyət göstərir). 1969–1982-ci illərdə Sumqayıtda Kompressorlar zavodu, Üst trikotaj və Xovlu iplik fabrikləri, Süd və Yeyinti məhsulları kombinatları ulu öndərin Azərbaycana rəhbərliyi ilə istifadəyə verilib. Sumqayıt nəhəng tikinti meydanına, hünər və zəfər ünvanına çevrilib.

Gənclik şəhəri tədricən öz iqtisadi potensialına görə SSRİ məkanında seçildi. Burada istehsal edilən çeşidli məhsullar keçmiş ittifaqın 700 şəhərinə ixrac olunurdu. Bu, unudulmaz dahi şəxsiyyətin Sumqayıta olan xüsusi münasibətinin nəticəsi idi. Respublika rəhbərinin qayğısı sayəsində şəhər əhalisinin rifahı durmadan yüksəlib. Hər il 80 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilib, boş çöllər sürətlə yaşayış massivlərinə dönüb. O dövrdə Sumqayıtda çoxminlik yeni iş yerləri açılıb, 27 məktəb, 15 uşaq bağçası-körpələr evi, kitabxanalar, xəstəxanalar istifadəyə verilib. Əhalinin sayı artdıqca, şəhər infrastrukturu da müvafiq olaraq genişləndirilib.

Heydər Əliyevin rəhbər kimi Sumqayıta ilk səfəri 1970-ci ilin yanvar ayına təsadüf edib. Sonra ümummilli lider tez-tez Sumqayıta gələr, burada aparılan quruculuq işləri ilə şəxsən maraqlanar, ictimaiyyət nümayəndələrini dinləyər, onlara dəyərli tövsiyələrini verərdi. Həmin illərdə əsrinin siyasət dahisinin böyük məhəbbətlə “Kiçik Azərbaycan” adlandırdığı Sumqayıtın özünəməxsus mədəniyyət aləmi formalaşıb. Burada bütün bölgələrin folkloru, xalq sənəti, adət və ənənələri, ictimai təcrübəsi qaynayıb-qarışıb.

1970-ci il fevralın 28-də ümummilli lider ikinci dəfə gənclik şəhərinə gələrək, kimya və boruyayma zavodlarında əmək adamları ilə görüşüb. Növbəti il aprelin 7-də kimya kombinatında Rumıniyanın Piteşti şəhəri ilə Sumqayıtın qardaşlaşmasının təməlini də Heydər Əliyev qoyub. 1974-cü il noyabrın 27-də ulu öndər S.Vurğun adına mədəniyyət sarayında Sumqayıtın 25 illik yubileyində iştirak edib. Yubileydəki çıxışında kimyaçıların heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirlərini söyləyib, qarşıda duran vəzifələrlə bağlı fəaliyyət proqramı ola biləcək dəyərli tövsiyələrini də verib.

Həmin tədbirdə dahi rəhbərin qarşısında 13 nömrəli məktəbin müəllimi, gənc şair olan bir qız də çıxış edib. O, hazırda Prezidentin fərdi təqaüdçüsü olan “Şöhrət” ordenli Əməkdar müəllim Ofelya Babayevadır. 45 il sonra, Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtın 70 illiyinə həsr olunan toplantıda çıxış edən Ofelya xanım həmin günü xatırlayaraq dedi: “Mən bu salonda dəfələrlə çıxış etmişəm. Ancaq ilk çıxışımı hər dəfə həyəcanla xatırlayıram. Rəyasət Heyətində ulu öndərimiz, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, bütün ölkənin sevimlisi Heydər Əlirza oğlu Əliyev əyləşmişdi. Düz 45 il əvvəl mənə – 26 yaşlı müəllimə Sumqayıt ziyalıları adından çıxış etmək səadəti nəsib olmuşdur. Çıxışım ulu öndərin, o böyük insanın xoşuna gəldi. “Afərin!” – dedi. Mən isə çıxışımı o zaman yazdığım misralarla bitirdim:

Mən qızınam, Azərbaycan,

Arzularım çiçək-çiçək.

Bilirəm ki, qayğın ilə

Bu arzular göyərəcək.

Bəli, cənab Prezident, taleyimə çox-çox minnətdaram ki, düz 45 il sonra ulu öndərin layiqli davamçısının, bu gözəl ölkənin Prezidentinin qarşısında da çıxış edirəm. Xatirələr heç zaman unudulmur, yaddan çıxmır. Ulu öndərin xeyir-duasını aldığım o gündən bu ana kimi hər cür qayğı və diqqəti hiss etmişəm. Sonralar Azərbaycan Yazıçılar Birliyinin üzvü, uzun illər bu şəhərin məktəblərində direktor, təhsil şöbəsinin müdiri, şəhər sovetinin deputatı, mədəniyyət komissiyasının sədri olduğum zamanlarda da o böyük insanın qayğısı və tövsiyələri mənim uğur yoluma işıq saçıb”.

Qədirbilənlik nümunəsi olan bu xatirə İlham Əliyevə olduqca xoş təsir bağışladı və dövlət başçısı çıxışdan sonra ağbirçək ziyalı xanımı çağırıb öz yanında oturtdu.

Yeri gəlmişkən, 70-ci illərdə hələ yeniyetməykən mən də ulu öndəri ilk dəfə lap yaxından gördüyümü indiki kimi xatırlayıram. Sumqayıtın dənizkənarı parkında camaat bir qırağa toplaşıb Heydər Əliyevin oradan keçən avtomobil karvanına baxırdı. Birdən onun mindiyi maşın dayandı və rəhbərin maşından düşərək bizə yaxınlaşması mühafizə xidmətini lap çaş-baş qoydu. Axı, belə bir görüş protokolda nəzərdə tutulmamışdı. Xalqa yaxınlığı, səmimi ünsiyyətcilliyi heç bir protokola sığmayan Heydər Əliyev adamlarla mehriban görüşüb vəziyyətləri ilə maraqlandı, respublikada hər şeyin yaxşılığa doğru dəyişiləcəyini bildirdi. Fotomüxbir Məqsəd Quliyev orada ulu öndərin bir neçə şəklini çəkə bildi…

İllərcə birgə çalışdığımız Məqsəd Quliyevin hər zaman qürur hissi ilə vurğuladığı bir faktı da misal çəkim: “Ulu öndər Heydər Əliyev Sumqayıta 16 dəfə gəlib. Hər dəfə fotokameramla mən də unudulmaz görüşlərin, tarixi anların iştirakçısı, canlı şahidi olmuşam…” Mərhum dostum həmin fotolardan ibarət nəfis bir albom buraxılmasını istəyirdi, heyif ki, ömür vəfa etmədi.

Xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər heç zaman sumqayıtlılardan rəhbər qayğısını əsirgəməzdi. Onun bu şəhərə hər gəlişi əsl bayrama çevrilərdi. Bu gün Sumqayıtın bir çox müəssisələrinin foyeləri ulu öndərin xalqa həsr olunmuş ömrünün Sumqayıt səhifələrinə aid foto-stendlərlə bəzədilib. Nadir şəkillər unudulmaz böyük şəxsiyyətin gənclik şəhərinə diqqət və qayğısını əks etdirir.

…1993-cü il dekabrın 18-də ulu öndər Heydər Əliyev 11 il 10 aylıq fasilədən sonra (Moskvada yüksək vəzifədə çalışması səbəbi ilə) müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə Sumqayıta gəlmişdi. Hamı canlı əfsanəni – sevimli rəhbəri yaxından görmək, səsini eşitmək üçün həmin gün onun xeyir-duası ilə açılışı olacaq yeni beynəlxalq ATS-in qarşısına toplaşmışdı. Salamlaşma dəqiqələri xeyli çəkdi. Böyük el ağsaqqalı, dünya şöhrətli rəhbər ATS-i işə saldı, sonra Tarix muzeyində oldu, “Şəhidlər xiyabanı” kompleksini ziyarət etdi, icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini verdi.

Sumqayıtlıların sevinci, coşğusu təbii idi: əsl rəhbər üçün möhkəm darıxmışdılar, Birinci Qarabağ müharibəsində torpaqları işğal edilmiş, AXC–Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşmiş ölkənin, nəhayət, dərin böhrandan çıxacağına, iqtisadiyyatı tamamilə tənəzzülə uğramış doğma şəhərin dirçəldiləcəyinə inamları böyük idi. Sonrakı illər xalqın zənnində qətiyyən yanılmadığını göstərdi. Ulu öndərin qoyduğu möhkəm təməl üzərində güclü Azərbaycan yaradıldı, Sumqayıtın sənaye potensialı hərəkətə gətirilərək daha da artdı.

…1998-ci il sentyabrın 27-də ikinci dəfə Azərbaycan Respublikası Prezidentliyinə namizəd Heydər Əliyev Sumqayıtdakı “Kimyaçı” mədəniyyət sarayının qarşısında seçicilərlə görüşərək onların etimadını doğruldacağına söz verdi. Dahi rəhbərin oradakı çıxışının az qala hər fikri, hər cümləsi sürəkli alqışlarla qarşılanırdı. Ulu öndər hər dəfə əlini qaldırıb alqışları dayandırır və sonra sözünə davam edirdi.

Ondan bir il sonra Heydər Əliyev Sumqayıta növbəti səfərini edərək, “EP-300” kompleksində Yaponiyadan alınmış nəhəng, unikal buxar-generator qurğusunun özülqoyma mərasimində iştirak edib, tikintinin təməlini qoyub. 2001-ci ildə isə artıq işə salınan qurğunun açılış mərasimində geniş nitq söyləyib. O vaxtlar çalışdığım Az TV-nin müxbiri kimi hər iki tədbirdə mən də iştirak etmişəm.

Həmkarım, “Azərikimya” şirkətində mətbuat xidmətinin rəhbəri olmuş Əməkdar jurnalist Rəhman Orxan da orada idi. Onun dedikləri:

– Tədbirə tələsirdik. Lakin avtobus bizi əvvəlcədən nəzərdə tutulduğu kimi,
“EP-300”-ə qədər deyil, xeyli aralıdakı İstilik-Elektrik Stansiyasının yanına qədər apardı. Orada avtobusdan düşərək, piyada getməli olduq. Hava isə çox isti idi – temperatur 42 dərəcədən də çox olardı. Günəşin yandırıcı şüalarına məhəl qoymayan sumqayıtlılar, o cümlədən, “Azərikimya”nın idarə-aparat işçiləri deyə-gülə, əllərində ölkə başçısını salamlayan plakatlar və gül dəstələri ilə yollarına davam etdilər. Yaxşı ki, dahi rəhbər yalnız hamı toplaşandan sonra tədbirə başladı. Onun bilavasitə təşəbbüsü və iradəsi sayəsində lokal buxar-generator qurğusunun buraxılışına o gün yalnız kimyaçılar deyil, həm də bu sahə ilə heç bir əlaqəsi olmayan şəhər sakinləri də sevinirdilər. Buna bir səbəb də o idi ki, həm “Azərikimya” müəssisələri bundan sonra tam fasiləsiz, etibarlı şəkildə elektrik və istilik enerjisi ilə təmin olunacaqdı, həm də daha əvvəlki kimi, zavodların fasiləsiz işləməsi naminə şəhərin hər iki İstilik-Elektrik Stansiyasından evlərə verilən işığın kəsilməsinə son qoyulacaqdı. Kimyaçıların, bütövlükdə sumqayıtlıların problemlərinə biganə qalmayan ulu öndər, beləcə, mühüm addım atmış, Yaponiyadan olan investorları Sumqayıta kömək etməyə razı sala bilmişdi.

Xatırlatmaq yerinə düşər ki, hələ respublikaya birinci dəfə rəhbərlik etdiyi illərdə Heydər Əliyev özünün təşəbbüsü ilə Bakıda Məişət Kondisionerləri zavodunun, Sumqayıtda isə Kompressorlar zavodunun əksər avadanlığının Yaponiyadan alınmasına nail olmuşdu və o vaxtdan etibarən onun Gündoğar ölkənin rəhbərliyi, nüfuzlu şirkət rəhbərləri ilə işgüzar, səmimi münasibətləri vardı. Dahi rəhbər əmin idi ki, Yaponiya Azərbaycana yüksək texnologiya üzrə hazırlanmış müasir bir enerji kompleksini kreditlə verəcək və elə də oldu. Alqış sədaları səngimək bilmirdi.

Ölkə başçısı qurğunun hazırlanmasını təmin etmiş Yaponiya şirkətlərinin rəhbərləri ilə görüşdü, foto-ekspozisiyaların önündən keçərkən onu salamlayanlara, ürək sözlərini səsləndirənlərə xoş təbəssümlə təşəkkürünü bildirdi, ona tərəf uzanan əlləri mehribanlıqla, səmimiyətlə sıxıb, ehtiramını göstərdi. Açılış mərasimindəki tarixi çıxışı ilə sənaye sahəsinə necə dərindən bələd olduğunu, iqtisadi inkişafa necə böyük önəm verdiyini bir daha göstərərək dedi: “Mən çox xoşbəxtəm ki, bu proseslərin həyata keçirilməsinin təşəbbüskarı, iştirakçısı olmuşam və bu işə rəhbərlik etmişəm. Mən nə qədər xoşbəxtəm, nə qədər böyük məmnuniyyət hissi keçirirəm ki, cəmisi iki il bundan öncə təməlini qoyduğumuz belə nəhəng bir kompleks artıq hazırdır, işə düşür. Mən bu qurğunun tikilməsində, başa çatdırılmasında zəhmət çəkmiş adamların hamısına təşəkkür edirəm. Biz Sumqayıt şəhərinin sənaye müəssisələrinə, başqa sahələrinə də çox ciddi fikir veririk, onların müasir səviyyəyə qalxması üçün bir çox tədbirlər görürük. Əmin ola bilərsiniz ki, qısa bir zamanda biz bunlara da nail olacağıq və Sumqayıt şəhəri Azərbaycan üçün nümunə olacaq, burada adamlar xoşbəxt və firavan yaşayacaqlar”.

Həmin tədbirdə “Niçimen Korporeyşn” şirkətinin prezidenti Akira Vatari də, digər rəsmilər də ulu öndərin ətrafında müntəzir dayanmışdılar və ona böyük ehtiramlarını ifadə edirdilər. Unudulmaz anlardan biri də o idi ki, cənab Vatari xalqımızın dahi oğlu Heydər Əliyevə Azərbaycan–Yaponiya dostluğunun nişanəsi kimi xüsusi olaraq hazırlanmış gözəl bir Samuray qılıncı bağışladı. Ümummilli lider qılıncı təbəssümlə, məmnuniyyətlə qəbul edərək qınından çıxardı və toplaşanların alqışları altında onu Koroğlu, Babək nəslinin davamçısı kimi güç-qüvvət rəmzi olaraq qürurla başı üzərinə qaldırdı…

Ümummilli liderin 2003-cü il aprelin 3-də Sumqayıta son səfəri şəhərin yeni inkişaf tarixinin başlanğıcı oldu. Bu səfərdə məqsəd Sumqayıtda sağlam siyasi-mənəvi iqlimi bərpa etmək, yerlibazlıq, tayfabazlıq kimi halların qarşısını almaq idi. Ulu öndərin parlaq nitqi, açıq söylədiyi fikirləri təsirsiz qalmadı. Çıxışı fəaliyyət proqramı kimi qəbul edən sumqayıtlılar çalışırdılar ki, etimadı layiqli səylər işləri ilə doğrultsunlar. Bu yolda göstərilən hədər getmədi.

Sumqayıtda Heydər Əliyevin adı ilə bağlı ünvanlar çoxdur. Fikrimizcə, onların ən yaxşısı altı il əvvəl istifadəyə verilmiş Heydər Əliyev Mərkəzidir. Prezident İham Əliyev açılış mərasimində bunu xüsusi qeyd etdi: “Biz bu gün Sumqayıtda bir çox gözəl obyektlərin açılışını qeyd edirik. Onların arasında, əlbəttə ki, öz əzəməti, möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Mərkəzidir. Bu mərkəz həm memarlığı, həm də funksionallığı baxımından çox gözəl abidədir, ulu öndərin adına yaraşan bir mərkəzdir”. Sumqayıtlıların ulu öndərin ölməz ruhuna ehtiramının təqdiri baxımından bu fikirlər olduqca böyük dəyər kəsb edir. Hər dəfə mərkəzə rəsmi tədbirlərə gələnlər onun qarşısında dahi rəhbərin əzəmətli abidəsi önündə dayanıb iftixar dolu duyğularla baş əyirlər. Elə mərkəzin yerləşdiyi Heydər Əliyev Parkında istirahətə gələn sakinlər də sonsuz qürur hissi ilə möhtəşəm memarlıq abidəsinə baxırlar.

Bu gün ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyev Sumqayıtın inkişafına diqqətini əsirgəmir. Sumqayıt Texnologiyalar Parkı artıq neçə ildir ki, uğurla fəaliyyət göstərir. Sumqayıtda Kimya Sənaye Parkı yaradılıb, “SOCAR Polimer”, “SOCAR Karbamid” və oradakı digər zavodlar ən müasir, modern üsulla işləyir, ixracyönümlü məhsullar buraxır.

İnamla demək olar ki, tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi və ən gözəl ünvanlarından biri kimi şöhrətini gündən-günə artıran Sumqayıt Heydər Əliyev ideyalarının təcəssümü olan müasir bir şəhərdir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər