Böyük Qayıdış Proqramı uğurla icra edilir – Yenidən qurulan Zəngilan mühüm tədbirlərə ev sahibliyi edir

520

Ölkəmiz növbəti dəfə böyük bir tədbirə ev sahibliyi edir. “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunu daha da əlamətdar edən hadisə bu tədbirin işğaldan azad edilmiş Zəngilanda keçirilməsidir. Şərqi Zəngəzurda keçirilən ilk Milli Şəhərsalma Forumunda ölkəmizdən və xarici ölkələrdən 200-dən çox qonaq iştirak edib. Forum iştirakçılarına Şərqi Zəngəzurda və Qarabağda qısa müddətdə görülən işləri əyani şəkildə nümayiş etdirmək imkanı yaranıb.

Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir çox mühüm məqamlara toxundu, Zəngilan rayonunun inkişafı ilə bağlı həyata keçirilən layihələrdən danışdı. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.

Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.

Prezident İlham Əliyev bildirib ki, bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.

Zəngilan rayonunun kənd təsərrüfatı potensialına toxunan dövlətimizin başçısı qeyd edib ki, Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir.

Digər rayonlarda olduğu kimi Zəngilan rayonunda da yeni iş yerləri yaradılır. Böyük Qayıdış Proqramının bir tərkib hissəsi də məşğulluqdur, eyni zamanda, aşağı faizli, imtiyazlı kreditlərin verilməsi və sosial infrastrukturun inşası.

Prezident İlham Əliyev Milli Şəhərsalma Forumu iştirakçılarının diqqətinə çatdırdı ki, Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.

Prezident İlham Əliyev Forumda bir sıra mühüm məqamlara toxundu. Çıxışda səsləndirilən bəzi faktlara diqqət edək:

  • İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib.
  • Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır.
  • Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub.
  • Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar.
  • Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir.
  • Azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq.
  • Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var.
  • Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə inşa olunacaq.
  • 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq.
  • Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar.

Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən danışan Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətinə çatdırdı ki, Qarabağın erməni əhalisinin hüquqları Azərbaycan dövləti tərəfindən tam şəkildə təmin olunacaq. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun şəkildə həyata keçiriləcək. Dövlətimizin başçısı bəyan etdi ki, 44 günlük müharibədən sonra bütün sərhədlərimizə nəzarət bərpa olunub və torpaqlarımızda separatçılığa son qoyulub. Regionda sülh bərqərar olunmalı və Cənubi Qafqaz ölkələri arasında konstruktiv əməkdaşlığa başlanılmalıdır.

 Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər