Böyük sülhə doğru addım

390

44 günlük Vətən müharibəsində qazanılmış Zəfər, Ermənistanın kapitulyasiyası Azərbaycanın böyük qələbəsi oldu. Bundan sonra Azərbaycan, Moskva və Soçidə keçirilmiş görüşlərdən də siyasi-diplomatik qələbə ilə ayrıldı. Bütün bu görüşlər Prezident cənab İlham Əliyevin Brüssel qələbəsini də təmin edirdi. Dünya Azərbaycan Prezidentinin sülhsevər, hərtərəfli əməkdaşlığa hazır mövqeyinin bir daha şahidi olacaqdı. Belə də oldu. Cənab İlham Əliyevin 6 aprel Brüssel səfəri, Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi oldu.
Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında mövcud olan problemlərin tezliklə həll olunmasını və sülh sazişinin imzalanmasını dəstəkləyir. Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə Azərbaycanın Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi yolunda növbəti mühüm addımdır.
Aİ Şurasının Prezidenti Şarl Mişelin keçirilmiş üçtərəfli görüşün nəticələrinə dair bəyanatında əks olunmuş məqamlar Azərbaycanın siyasi-diplomatik qələbəsini göstərdi. Bu bəyanatda artıq “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Həmçinin bəyanatda Fərrux kəndi ətrafında gedən proseslərə də toxunulmur. Bu o deməkdir ki, Aİ artıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə Azərbaycanın daxili işi kimi baxır.
Bəyanatda ATƏT-in Minsk Qrupunun ümumiyyətlə adının çəkilməməsi bir daha münaqişənin keçmişdə qaldığını, sülh danışıqlarının daha çox ikitərəfli formata yönəldiyini, Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizmin yaranmasına bir işarədir.
Hər iki Liderin Avropa İttifaqina etimadı vardır. Burada Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.  Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını əzmlə qoruyan Lider kimi qəbul olunur. Bu səbəbdən Beynəlxalq birlik 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir.
Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında 11 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci ilin görüşlərin bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsi də Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bundan əlavə, Şarl Mişelin itkin düşmüş şəxslər, minatəmizləmə səyləri, reabilitasiya və rekonstruksiya fəaliyyəti, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi, regionda komunikasiya infrastrukturunun yaradılması, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi kimi vacib məsələlərə müsbət mövqe və dəstək bildirməsi bir daha Azərbaycanın haqlı mövqeyini əks etdirir.
Şarl Mişelin bəyanatından göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılığın əldə edilməsi əhəmiyyətli bir hadisədir.
Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan etmiş və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təklif göndərmişdir. Brüssel görüşündə bu məsələ də diqqət mərkəzində olmuşdur. Əldə olunmuş razılığa əsasən, ölkə rəhbərləri zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün Xarici İşlər Nazirlərinə müvafiq tapşırıqlar verəcəklər.
Brüssel görüşünün nəticələri barəsində məlumatların təsdiqlənməsindən sonra Ermənistanda özünə “müxalifət” deyən bir qrup ünsürlər insanların sıx toplaşdığı məkanlarda icazəsiz aksiyalar keçirməyə cəhd etməsi əvvəlcədən Azərbaycanın mövqeyinin zəiflədilməsinə hesablanmışdı. Lakin bütün bu səylər boşa çıxdı. Bütün təzyiqlərə və siyasi avantyüralara baxmayaraq, Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha bir siyasi-diplomatik qələbəyə imza atdı. Siyasi arenada qazanılan bu qələbələr Azərbaycanın mövqeyini daha da gücləndirir, qarşısına qoyduğu hədəflərə çatmağa əlavə imkanlar yaradır.

Cənab Prezidentin Brüssel səfərinin nəticələri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.

                                                                                    Vaqif Süleymanov,                                             Əməkdar Mədəniyyət işçisi.                                         

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər