“Bu fərman tikinti sektorunda likvidliyin artırılmasında müsbət rol oynayacaq”

317

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu sosial-iqtisadi siyasət inşaat sektorunun ölkə iqtisadiyyatının ən aparıcı sahələrindən birinə çevrilməsinə, əhalinin sosial rifah halının yaxşılaşdırılması, əhalinin məşğulluğu, mənzil, təchizat, infrastruktur və bir çox məsələlərin həllinə mühüm töhfələr verir”.

Musavat.com-un məlumatına görə, bu fikirlər İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə məxsusdur.

Komitə sədri sözügedən təşəbbüsün və Prezident Fərmanının əhəmiyyətindən bəhs edib:

“Qeyd olunmalıdır ki, tikinti və şəhərsalma sahəsinin üzləşdiyi əsas problemlərdən biri olan torpaq və tikinti qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalanıb və bu Fərman nəticəsində 85 minədək mənzildən ibarət 408 yaşayış binasının istismara yararlılığı və istismara hazırlığı müayinə edilərək, həmin müayinələrin müsbət nəticələri əsasında binaların istismarına icazə verilib. Bu gün növbəti addım olaraq ölkə başçısı tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb.

Sözügedən Fərman qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin sənədləşməsi prosesinin maksimal dərəcədə sadələşməsinə imkan verir. Həmçinin, vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsi sahələrinə xüsusi önəm verilib.

Fərmanda 2024-cü ilin yanvar ayından etibarən fiziki və hüquqi şəxslərin tikintiyə və istismara icazəni elektron portal üzərindən ala biləcəkləri qeyd olunub. Şübhəsiz ki, elektron portal müasir dövlət idarəçiliyi sisteminin dayanıqlı fəaliyyəti və inkişafı üçün vacib amillər olan şəffaflığın və səmərəliliyin artırılmasına öz töhfəsini verəcək. Sənəddə tikinti obyektlərinin istismarına icazə verilməsindən irəli gələn səlahiyyətlərin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarına birbaşa göstərişlər öz əksini tapıb, şəhərsalma nəzarəti çərçivəsində sözügedən orqanların məsuliyyəti artırılıb, qanunsuz tikililərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunması nəzərdə tutulub. Bundan əlavə, obyekt sifarişçilərinə münasibətdə sanksiyalar artırılıb. Bu da nəzarətin sərtləşməsi, gələcəkdə belə tikililərin qarşısının alınmasında mühüm rol oynamaqdadır.

Ölkə başçısı tərəfindən imzalanan Fərman ölkə iqtisadiyyatının inkişafına təkan verən tikinti sektorunda likvidliyin artırılması, sahibkarlıq subyektlərinin mülkiyyət hüquqlarının tanınması sahələrində müsbət rol oynayacaq”.

Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər