Bu gün 3 may – Dünya Media Azadlığı günüdür

376

Mətbuat azadlığı və ya KİV azadlığı, müxtəlif media, o cümlədən çap və elektron media, xüsusən nəşr olunan materiallar vasitəsilə ünsiyyət və ifadə azadlığıdır. Mətbuat azadlığı ölkənin mətbuatın azadlığına müdaxilə etməməsi prinsipini dəstəkləyir və onun qorunması konstitusiya və ya digər qanuni yollarla qorunmasının tərəfdarıdır. Lakin medianın azadlığı heç də məsuliyyət və peşəkarlıq prinsiplərinin pozulması anlamına gəlməməlidir. Müasir dünyada informasiya gündəlik ictimai ehtiyacdır. Dünya media məkanında “informasiya bolluğu” olsa da, təəssüf ki, heç də bütün məlumatlar düzgün, dəqiq, qərəzsiz deyil.

Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxıb. XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirmişlər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi – Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləmiş və həmin günü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini BMT-yə göndəriblər. 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunmağa başlayıb.

Dünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir. Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verməklə yanaşı, azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atıb və atır.

Ölkəmizdə çoxsaylı media orqanları fəaliyyət göstərir ki, onlar cəmiyyətin informasiyaya olan ehtiyacını ödənməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xüsusi rola və çəkiyə sahibdirlər.

Azərbaycanda media azaddır, jurnalistlərin hüquq və azadlıqları qanunla qorunur. Ölkəmizdə XX əsrin sonlarında söz və məlumat azadlığının təmini ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. Daha dəqiq desək, 1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin Fərmanı ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv olundu. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etdi ki, bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi.

Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV-lər formalaşmaqdadır. Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur. Lakin, medianın azadlığı heç də məsuliyyət və peşəkarlıq prinsiplərinin pozulması anlamına gəlməməlidir. Danılmaz faktdır ki, bu gün Azərbaycanda jurnalist peşəsinin nüfuzu hələ də arzuolunan səviyyədə deyil. Üzücü də olsa deməliyik ki, mediada təhrif, yalan, böhtan xarakterli məlumatlar yayılır, ondan qeyri-qanuni məqsədlər üçün istifadə olunur. Bəzi hallarda mediadan Azərbaycanın özünə, dövlətçiliyə qarşı alət, təhdid vasitəsi kimi də istifadə edilir.

Hazırda Azərbaycan mediasının fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, müasir texnologiyaların və iş prinsiplərinin tətbiqi məqsədilə islahatların həyata keçirilməsinə başlanılıb. Lakin, son 30 ildə kütləvi informasiya vasitələrindəki dramatik dəyişikliklərə baxmayaraq, mediada təhrif, yalan, böhtan xarakterli məlumatların qarşısını almaq hələ ki, mümkünsüzdür.

44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizdən sonrakı mərhələ, postkonflik dövrünün öz reallıqları bizi informasiya savaşında ən qabaqcıl peşə standartlarını əxz etməli olduğumuzu, öz fəaliyyətimizdə maarifçilik xəttini gücləndirməyimizin önəmini artırdırdığı üçün, Azərbaycan mediasının fəaliyyətinin daha da təkmilləşdirilməsi məsələsini bir daha ön plana çıxarır.

İnformasiya əsrində müasir dünya göründüyündən xeyli kiçikdir. İnternet, media, peyk yayım sistemi, başqa texnoloji yeniliklər dünyanın bütün nöqtələrini əlçatan edib. Dünyanın ən ucqar nöqtəsində baş verən hadisə bir an içində bütün bölgələrdə və qitələrdə yaşayan əhaliyə çatdırıla bilir. Deyilənlər yalnız faktlara aid deyil. Bunlar həm də fikir, düşüncə, yaşam tərzi, maraq və arzular, estetik zövq, siyasi ideya və çoxsaylı başqa təfəkkür məhsullarını əhatə edir. Hazırkı dünyada bir növ eyniləşmə prosesi baş verir. Universallaşma günü-gündən sürətlənir, bir çox ideyalar ümumbəşəri xarakter alır. Bütün bunlar informasiya mübadiləsi əsasında baş verir. Bizim də bu informasiya mübadiləsindən geri qalmamağımız üçün mediamızın fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, müasir texnologiyaların və iş prinsiplərinin tətbiqi məqsədilə islahatların həyata keçirilməsinə başlanılıb.

Təhməz Əsədov

Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər