Bu gün yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2018” beynəlxalq turnirinin qalibləri müəyyənləşəcək.
sumqayitxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışın yarımfinal mərhələsində 26 döyüşdə Azərbaycan millisinin 17 boksçusu rinqə çıxıb. Onlardan 10-u adını finala yazdırıb. Yeddi idmançımız isə turniri bürünc medalla başa vurub.
Qazaxıstan millisinin də finalda 10 boksçusu mübarizə aparır. Həlledici döyüşlərdə Ukrayna 4, Gürcüstan 2 idmançı ilə təmsil olunur. Rusiya və Qırğızıstan boksçuları isə yarımfinal səddini keçə bilməyiblər.
Qeyd edək ki, yarışa Azərbaycanın 2 komandası ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna yığmaları qatılıblar.