Bu gün ilk çərşənbədir – Su Çərşənbəsi

1620

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur.

 

APA-nın xəbərinə görə, Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib dörd ünsür – su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir.

Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi – kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur.

Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir. Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.

Qeyd edək ki, Azərbaycanda martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.  Yaz fəsli ölkəyə martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər