Bu gün Moskvada tarixi Ankara-İrəvan görüşü gözlənilir

552

Azərbaycanlı ekspertlərdən maraqlı reaksiyalar; “Ermənistan son baş verənlərdən nəticə çıxarmasa, aqibəti yaxşı olmayacaq…”

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq. Qeyd edək ki, hələ ötən ilin sonunda bu dialoqla bağlı razılıq əldə olunmuşdu. O zaman Türkiyənin baş diplomatı Mövlud Çavuşoğlu Azərbaycanla razılaşdırılmamış hər hansı addım atılmadığını açıqlamışdı.

Rəsmi məlumata görə, Ankaranı Vaşinqtondakı keçmiş səfir, təcrübəli diplomat Sərdar Kılıc təmsil edəcək, İrəvanda isə təmsilçilik vitse-spiker Ruben Rubinyana həvalə edilib. Rəsmi Ankara hər zaman bəyan edib ki, Qarabağın işğalına son qoyulmadan Ermənistanla əlaqələr bərpa edilə bilməz. İndi torpaqların əhəmiyyətli hissəsi azad edilib, regionda kommunikasiya xətlərinin bərpası razılaşdırılıb, Bakı ilə İrəvan arasında təmasların intensivləşdirilməsi qərarına gəlinib, lakin yenə də həllini gözləyən məsələlər var. 10 noyabr sənədində götürülən öhdəliklərin bir qismini Ermənistan yerinə yetirməyib. Üç gün əvvəl isə Kəlbəcər istiqamətində düşmən yeni təxribatlar törədib və hər iki tərəfdən itkilər var. Bu isə istər-istəməz görüşün atmosferinə təsir edəcək amildir. ABŞ-ın da Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin açılmasına yönəlik səyləri dayanmır. ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivanla Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın arasında telefon danışığı zamanı sözügedən məsələlər bir daha müzakirə mövzusu olub. Türkiyə prezidentinin sözçüsü İ.Kalın bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması regionun sabitliyi və rifahına töhfə verir. Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı sözügedən məsələni gündəmə gətirmişdi. Ermənistana gərginlik yaratmamaq barədə heç bir xəbərdarlıq etməyən Vaşinqtonun danışıqlarla bağlı bu cür canfəşanlığının səbəbi nədir? Ümumiyyətlə, ekspertlər Ankara-İrəvan təmaslarından nələr gözləyir?

Ceyhun məmmədov | Banker.az

Ceyhun Məmmədov 

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, uzun illərdir ABŞ və Qərbin bır sıra ölkələri Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması üçün Türkiyəyə ciddi təzyiqlər edirlər: “Ancaq bu dövrdə onların Ermənistana Azərbaycanın işğal etdiyiniz torpaqlarından çıxın dediyinin şahidi olmadıq. Bu, ikili standartların bariz nümunəsi idi. Hesab edirəm burada həmin dövlətlərdəki Ermənistan diasporunun və lobbi fəaliyyətinin də rolunu xüsusi qeyd etməliyik. Əlbəttə, onların dövlət maraqlarının da rolu az deyil. Danılmaz faktdır ki, bir sıra dövlətlər bölgədə Ermənistana maşa və təzyiq aləti kimi də baxırlar. Münasibətlərin normallaşmasına gəldikdə isə bu, Azərbaycan və Türkiyənin birgə razılaçmaşı əsasında həyata keçirilir”. C.Məmmədov qeyd etdi ki, bu, Ermənistan üçün növbəti şansdır: “Ermənistan düşünməsin ki, o, davamlı təxribat törətdiyi, sülh müqaviləsinin imzalamaqdan imtina etdiyi halda, bu əməkdaşlıq davam edəcək. Bu, onlara siqnaldır, ya özlərini yaxşı aparıb inkişafın bir parçasına çevriləcəklər, ya da maşa rolunu oynamağa davam edəcəklər. Ermənistanla münasibətdə heç kim Türkiyəyə təzyiq edə bilməz. Edə bilsəydilər buna 30 ildə nail ola bilərdilər. Həmin dövlətlər Ermənistana da düzgün istiqamət verməlidirlər. Ermənistan son baş verənlərdən nəticə çıxarmasa, təxribatlara davam etsə, bunun aqibəti yaxşı olmayacaq”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

 Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə ilə Ermənistan arasında dialoqun vacibliyini çoxları qeyd edir, o cümlədən Rusiya, ABŞ, Avropa: “ABŞ və Türkiyədən uzun illərdir Türkiyəyə təzyiqlər edilirdi ki, Ermənistanla sərhədləri aç, İrəvanla diplomatik münasibətlər qur, ticarətə başla! Amma Türkiyənin əsas arqumenti bu idi ki, müttəfiq Azərbaycanın torpaqları Ermənistanın işğalı altındadır, işğal bitməyənədək, digər tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər , üstəgəl, erməni lobbisinin rəsmi İrəvanla birgə, çirkin ”soyqırım”ı tanıtma təşəbbüsü ortadan qaldırılmayana qədər sərhədlərin açıqlması, diplomatik münasibətlərin qurulması mümkün deyil. İndi bu məsələlərdən biri sanki həll olunub. Azərbaycan öz torpaqlarını azad edib, amma digər iki məsələ qalır. Yəni Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası aradan qaldırılmayıb. “Erməni soyqırımı” məsələsindən də imtina edilməyib”. E.Şahinoğlu qeyd etdi ki, buna baxmayaraq, Türkiyə dialoqa və görüşə hazırdır: “Fikir mübadiləsi başlayacaq. Artıq qarşılıqlı olaraq təyyarələr də uçur. ABŞ bu dialoqa müsbət yanaşdığını ilk gündən vurğulayıb. Amma mümkündür ki, ABŞ yenidən təzyiqi artırsın ki, dialoq müsbət nəticələnsin, yəni sərhədlər açılsın, əvvəlki münasibətlər qurulsun. Türkiyə bunların  əleyhinədir və şərtləri yerindədir. Şərt də çox sadədir. Ərazi bütövlüyünün tanınması. Sən gərək qonşunun ərazi bütövlüyünü tanıyasan ki, qonşun da sənin ərazi bütövlüyünü tanıya. Elə bir gün əvvəl Prezident İlham Əliyev də eyni sözü dedi. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycan da eynilə Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bu, o deməkdir ki, bölgədə gərginlik davam edəcək. Yəni seçim Ermənistandır. İrəvan həm Bakı ilə dialoq aparır, həm də Türkiyə ilə danışıqlara başlayacaq. Əgər iki qonşu ilə normal münasibətlər qurmaq istəyirsə, bu çirkin siyasətindən, təxribatlarından əl çəkməlidir. Əks halda, danışıqlara baxmayaraq, real nəticə əldə olunmayacaq və ABŞ-ın təzyiqləri heç nəyi həll etməyəcək”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

İlyas Hüseynov

Politoloq İlyas Hüseynovun qənaətincə, Ermənistan və Türkiyənin arasında münasibətlərin istiləşməsi ilə bağlı həyata keçirilən fəaliyyət 44 günlük Vətən müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlar kimi dəyərləndirilə bilər: “Yanvarın 14-də Moskvada Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünün baş tutacağı gözlənilir. 2 il öncə buna inanmaq da çətin olardı. Qeyd edək ki, 2021-ci ilin sonunda bu dialoqla bağlı razılıq əldə olunmuşdu. Azərbaycanın strateji müttəfiqi Türkiyənin Ermənistanla bağlı istənilən addımı rəsmi Bakı ilə razılaşdırılır. Çünki regionda bir sıra həllini gözləyən problemlər qalmaqdadır”. İ.Hüseynov digər məqama da toxundu: “Bu xüsusda Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanla razılaşdırılmamış hər hansı addım atılmadığını bildirməklə həm də Ermənistana mesaj vermişdi. Sərdar Kılıc və Ruben Rubinyan arasında görüşün Moskvada keçirilməsi isə rəmzi xarakter daşıyır. Rusiya Ermənistanın Türkiyə ilə siyasi dialoqunun öz moderatorluğu altında keçirilməsinin tərəfdarı kimi çıxış edir. Eyni zamanda Qərbə doğru meyl nümayiş etdirən rəsmi İrəvanın üzərində təsir imkanlarını itirmək istəməyən Rusiya diplomatiyası üçün NATO portfelinə daxil olan Türkiyənin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü Ermənistanla nəzərdə tutulduğundan daha yaxın münasibətləri arzuolunmaz gedişatdır”. Ekspert qeyd etdi ki, danışıqların əsas predmeti regional əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi və Ermənistan-Türkiyə sərhədlərinin açılmasının işçi mexanizmini formalaşdırmaq olacağı proqnozlaşdırılır: “Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Ermənistan açıq şəkildə ərazi iddialarını irəli sürür. Ermənistan Konstitusiyası və Milli Təhlükəsizlik Strategiyasında Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müvafiq maddələrə də dəyişiklik edilməsi zərurəti vardır. Qeyd edək ki, Türkiyə hökuməti ”Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib. Ermənistanın paytaxtı İrəvandan İstanbula ilk təyyarə reysi fevral ayının 2-də yerinə yetiriləcək. Bununla yanaşı, ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin açılmasına yönəlik səyləri aydın şəkildə nəzərə çarpır. ABŞ dövlət katibi Entoni Blinken və ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivanın türkiyəli rəsmilərlə təmaslarında Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinə vurğu edilmişdi. Maraqlıdır ki, ABŞ-dakı erməni lobbisi daim Türkiyəni mənfi məcrada və bulanıq çalarlarda göstərməyə çalışsa da, rəsmi Vaşinqtonun siyasətinə təsir edə bilmirlər, ya da gücsüz qalıblar. Dünyada gedən nüfuz bölgüsü kontekstində regional dinamikaya və görüşlərin intensivliyinə yanaşanda, görüşün məhz Moskvada keçirilməsi də bunu göstərir ki, Rusiya regiondakı hegemon mövqeyini itirməmək üçün təşəbbüslərini davam etdirir”.

İndiki məqamda Moskvadakı ilk Türkiyə-Ermənistan danışıqlarının nəticələrini gözləyək. Baxaq, görək Ermənistan konstruktivliyə meyllilik nümayiş etdirirmi? İndiki halda ABŞ-dakı erməni lobbisinin aranı qarışdırmaq cəhdləri də təsadüfi deyil. Türkiyə və Azərbaycan bütün olanlara rəğmən Ermənistanın xilası istiqamətində təşəbbüslərlə çıxış etdiyi halda, erməni lobbisinin Azrəbaycan və Türkiyənin “cəzalandırılması” istiqamətində cəhdləri anlaşılan deyil. Görünür, Ermənistanın ən böyük düşməni elə erməni lobbisi və diasporudur…

Elşad PAŞASOY,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər