“Bu il 20 min məcburi köçkün yeni evlərə köçəcək” – İlham Əliyev

1840
Bu il 20 min məcburi köçkün yeni evlərə köçəcək.
BakuPost xəbər verir ki, bunu məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz hər il minlərlə köçkünü evlərlə təmin edirik. Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq”.
Azərbaycan Prezidenti vurğulayıb ki, məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir: “Qeyd etdiyim kimi, yüzə yaxın köçkün şəhərciyi salınıb. Bu məqsədlərə dövlət milyardlarla manat vəsait ayırıb. Qeyd etdiyim kimi, hər il minlərlə ailə evlərlə təmin olunur. Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq. Bu il onlardan təqribən 20 mini yeni evlərə köçəcəkdir”.
İlham Əliyev bildirib ki, dövlət bu istiqamətdə öz siyasətini davam etdirir: “Qeyd etdiyim kimi, özəl sektor da bu işlərə qoşulub. Bu da təbiidir. İmkanı olan şirkətlər ehtiyac içində yaşayanlar üçün gərək şərait yaratsınlar. Bu gözəl təşəbbüs əminəm ki, Azərbaycanda geniş vüsət alacaq. Dövlət isə öz tərəfindən bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün çalışacaq. Həm bu il, həm gələn il sosial layihələr icra ediləcək. Biz, qeyd etdiyim kimi, bu işlərdə böyük uğurlara nail ola bilmişik. Salınan şəhərciklər arasında Cocuq Mərcanlı qəsəbəsinin bərpasını mən xüsusilə qeyd etmək istərdim. Keçən il o qəsəbənin yenidən qurulmasının açılışında iştirak etmişəm. Orada hazırda 150 ev, məktəb, uşaq bağçası, məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıda inşa etdik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər