Bu uşaq yeməklərini almayın – AQTA-dan CİDDİ XƏBƏRDARLIQ

3261

Körpə uşaqlar üçün ən ideal qida ana südüdür. Lakin ana südü ilə tam təmin olunmayan uşaqların əlavə qidalandırılmasına ehtiyac yaranır. Bu zaman valideynlər süni uşaq qidalarına üstünlük verirlər. Bəs süni qidalar nə zaman təhlükəli ola bilir?

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Lent.az -ın sorğusuna cavab olaraq bildirilib ki, əgər hansısa səbəbdən ana südü ilə qidalandırmaq mümkün deyilsə, onda uşaq yalnız həkim məsləhəti ilə süni qidalarla qidalandırıla bilər.

Uşaq qidaları hansı tələblərə cavab verməlidir?

Agentlikdən bildirilib ki, uşaq qidası özündə bütün zəruri qidalandırıcı maddələri, mikroelementləri və vitaminləri cəmləşdirməli, tərkibində süni boyalar, nişasta, sintetik dadlandırıcı maddələr, duz və şəkər, kənar qoxu, dad olmamalı, ekoloji cəhətdən təmiz məhsuldan hazırlanmalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaq qidası istehsalında GMO tərkibli və pestisidlərin istifadəsi ilə yetişdirilən xammal və süni rəngləndiricilərdən istifadə qadağandır.

Süni uşaq qida məhsullarının üzərində ana südünün üstünlüyü, yalnız həkim məsləhəti ilə istifadəsi, qidanın düzgün hazırlanması və saxlanılması, yararlılıq müddəti, mənşəyi, istehsalçısının adı və ünvanı, enerji dəyəri, tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması, kimyəvi tərkibi, hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma barədə qeydlər olmalıdır.

Xəbərdarlıq

AQTA xəbərdarlıq edir ki, qabı zədələnmiş uşaq qidalarının alınması məsləhət görülmür. İstehlakçılar uşaq qidası alarkən qablaşdırmanın bütövlüyünə, onun üzərində “uşaq qidası” və “6, 8, 10 və 12 aylıq uşaqlar üçün” kimi qeydlərin olmasına, qidanın hansı yaş qrupu üçün nəzərdə tutulduğuna, istehsal və son istifadə tarixinə və tərkibindəki ‘‘E’’- qida əlavələrinə (ən zərərsiz qida əlavələri soda, sirkə turşusu, pektindir və müvafiq olaraq E-500, E-260, E-440 kimi işarə olunur) diqqət etməlidirlər. Uşaq qidası kimi istifadə olunan konservlərin tərkibində duz və şəkər qarışığının olmamasına və ekoloji cəhətdən təmiz məhsuldan hazırlandığına xüsusi diqqət etmək lazımdır.

Uşaq qidaları təmiz, quru və digər məhsullardan (kimyəvi tərkibli məhsullar, yuyucu vasitələri, ət və toyuq məhsulları) kənarda, yaxşı havalandırma sistemi olan yerdə, müvafiq temperatur rejimində saxlanılmalıdır. Quru uşaq qidalarını soyuducuda, xüsusən açıq halda saxlamaq olmaz. Belə ki, quru toz halında olan uşaq qidaları nəm çəkir və bu da sonradan onun yararlığına mənfi təsir göstərir. Uşaq qidaları 20 dərəcədən aşağı temperaturda saxlanılmalıdır. Buna əməl etmədikdə körpələrdə mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur.

Qeyd edək ki, vətəndaşların satış müəssisələrində satılan qidalarla bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

Pediatr Sara Mansurova isə Lent.az -a bildirib ki, analar mümkün qədər uşağı ana südü ilə qidalandırsalar yaxşıdır. Onun sözlərinə görə, heç bir süni qida ana südünü tam əvəz edə bilmir: “Süni qida yalnız zülalların, yağların, karbohidratların nisbətinə görə ananın südünə yaxınlaşdırıla bilir. Hər bir ananın südü onun övladının tələbatına uyğun olur. Əgər vaxtından əvvəl dünyaya uşaq gətirmiş ana ilə zamanında doğan ananın südünü müqayisə etsək görərik ki, birincinin tələbatı çox olduğuna görə onun anasının südündə bu uşağın yetişməsi üçün olan qida inqrediyentlər daha çoxdur. Uşağın immunitetində aktiv rol oynayan bioloji aktiv maddələr süni qidada olmur. Amerikalı araşdırmaçıların valideyn qatili olan insanların üzərində apardıqları tədqiqatlar göstərib ki, onların içərisində əksəriyyəti süni qida ilə qidalananlardır. Alimlər düşünürdülər ki, ananın südündə olan maddələr övladda ana-ataya qarşı sevgi yaradır”.

Həkim qeyd edib ki, ana südü yeyən uşaqda fermentlərin əksikliyi olmur. Onlar daha tez həzm edə bilir: “Ana südü əmən uşaqlar iki saatdan sonra acır. Amma süni qida yeyən uşaqlar 3-4 saata kimi acmır. Orqanizm qidanı həzm etməlidir. Yeni doğulan uşaqda isə bu fermentlər yetərli olmur. Ana südü ilə qidalanan uşaqlarda allergik rekasiyalar daha az olur”.

Valideynlər ana südünə üstünlük verir

S.Mansurovanın sözlərinə görə, valideynlər əvvəllər daha çox süni qidalara meyl edirdilər, amma son vaxtlar ana südü ilə qidalandırmağa üstünlük verirlər: “Analar südlərini artırmağın yollarını öyrənmək üçün bizə müraciət edirlər. Övladlarını təbii yolla qidalandırmaq istəyirlər. Uşağın 6 ayına kimi ana südü ilə qidalanması həqiqi təbii qidalanmadır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər