Hər insanın həyatı bir kitabdır. Zaman-zaman o kitabı vərəqləyib, elədiklərinə görə gah peşman olursan, gah da sevinirsən. Təbii, bu həyatda səhv də, düz də insanlar üçündür. Amma çalışmaq lazımdır ki, sevincin kədərindən çox olsun. Axı indi baxıb, həsəd apardığımız həyatlar da asanlıqla qazanılmayıb.
***
Bu dəfə yolumuzu “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyindən saldıq. Qərar verdik ki, həyat səhifələrini göz yaşları ilə yazan qadınların hekayələrini bir də öz dillərindən eşidək. Sığınacaqda ab-hava tam başqa cür idi. Qadınlar buranı özlərinə isti yuva, ev bilirlər. Daha doğrusu, hər kəsin başı bir işə qarışmışdı. Əvvəlcə bizi qarşılayan sığınacaq əməkdaşları ilə həmsöhbət olduq. Ümumi vəziyyətlə maraqlandıq. Bizim söhbət etdiyimizi görən qadınlardan biri jurnalist olduğumuzu eşitcək, yanımıza gəlib sözü olduğunu dedi. Qadın hələ danışmağa başlamamış gözləri doldu… Hiss etdim ki, onunla söhbətimiz heç də asan olmayacaq.
Ayşənlə söhbət etmək üçün ayrıca otağa keçdik. O qədər sıxılırdı ki, adını belə deyəndə həyəcanlandı. Nəhayət cəsarətini toplayıb danışmağa başlayanda isə ilk cümləsi belə oldu: “Mən anam kimi ana olmayacam…”
Publika.az “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyində özünə sığınacaq tapan Ayşənin (ad şərtidir) həyat hekayəsini təqdim edir:
“19 yaşım var. Bu yaşa necə gəlib çatdığımı xatırlamıram belə. Uşaqlar ən çox analarını sevir, amma mən anamın nə üzünü, nə də ətrini xatırlamıram. 3 yaşımda məni qucağında tutub bir şəkil çəkdirib. Onu mənə xatırladacaq heç nə yoxdur. Kənddə xudmani evimiz vardı. Nənəm, balaca qardaşım və mən birlikdə yaşayırdıq. Atam da Rusiyada işləyirdi. Çox gec-gec evə gələrdi, amma gücü çatandan-çatana bizə pul göndərirdi. Nənəm isə bütün günü həyət-bacada işləyirdi, heç bizimlə maraqlanmırdı. Təkcə yeməyimiz olurdu, bir də bir-iki dəst paltar verirdi, vəssalam. Məktəbə gedirdim, gələndə də kənddə qızların oturub söhbət etdiyi bir daş qırağı vardı, orda otururdum. Bir dəfə də dərsdən gələndə həmin yerdə qonşuluqda qalan bir oğlan gördüm. 18 yaşım vardı. Xoşum gəldi. O da məni sevdiyini deyirdi. Həmin gündən sonra hər gün dərsdən gələndə məni o daşın yanında gözləyirdi. Bir müddət belə-belə danışdıq. Nənəm heç soruşmurdu ki, hara getdim, hardan gəldim. Kimlə danışdım, kimlə görüşdüm. Heç nə ilə maraqlanmırdı. Kaş onda maraqlanaydı, məni döyəydi, söyəydi, amma bu uçuruma getməyimin qarşısını alaydı”.
Yaşadıqlarını təkrar-təkrar xatırlayıb, göz yaşlarını saxlaya bilmir. Üz-gözünü köhnə, süzülmüş polverinin qoluna silib, bir az toxdayır, dodaqları əsə-əsə davam edir:
“Mən ümumiyyətlə, həyatın nə olduğunu dərk etmirdim. Qızın başına gələ biləcək hadisələr haqqında anlayışım belə yox idi. O oğlan məni sevdiyini dedi. Səni alacam, verməsələr, yenə əl çəkməyəcəm, qaçırdacam. Mən də nə edim, könlüm vardı. Nə deyirdisə, razılaşırdım. Bir gün də söhbət edəndə, mənə yaxın olmaq istədiyini dedi. Mənim üçün darıxdığını dedi. Məndən onun üçün darıxıb-darıxmadığımı soruşdu. “Hə” dedim. Beləcə, onun ağlından keçənləri bilmədən, “hə” deyə-deyə bu günlərə düşdüm.
Demək olar ki, hər gün birlikdəydik. Bir gün də balaca bir otaqda mənə arxadan yaxınlaşdı. Belimdən tutub məni özünə sıxdı. Gözlərini yum, heç nədən qorxma deyirdi. Əlini sinəmə atıb, özünü mənə sıxdı və… sonrasını da başa düşərsiz daha… Həmin gün aramızda yaxın münasibət yaşandı. Ondan sonra isə məni itirib axtarmırdı. Mən bir neçə gün onu axtardım. Heç yerdə görə bilmirdim. Kənddə də dostum-tanışım yox idi ki, ona söz göndərəm. Belə, bir neçə həftədən sonra əmimgilə gedəsi oldum. Orda halım pisləşdi, əmim arvadı məni həkimə apardı. Onda bildim ki, hamiləyəm. Atam Rusiyadan təzə gəlmişdi. Qayıdanda əmim arvadı atama hamilə olduğumu deyəndə, dəli oldu. Dedi, mənim belə qızım yoxdu. Evdən qovurdular. Rayonda dolana bilmirdim, ölmək istəyirdim”.
Ayşən deyir ki, nə baş verdiyini dərk etdikdən sonra gecələr yata bilməyib:
“Demək olar ki, hər gün özümü öldürmək barəsində düşünürdüm. Bilmirdim necə edim ki, qarnımdakı uşağı öldürüm. İyrənirdim ondan. Mənə elə gəlirdi ki, ölsəm, hər şey düzələcək. Bir gün nənəm yenə həyət-bacaya çıxanda qərar verdim ki, xlor içim. Amma onu da bacara bilmədim. Nənəm içəri girib mənə mane oldu. Bundan sonra hər üçü danışıb məni küçəyə atdılar. Oxuduğum məktəbdən də qovuldum. 8-ci sinfə qədər oxuyurdum. Dərslərim, qiymətlərim yaxşı olub. Amma mənim doğum haqqında şəhadətnaməm, ümumiyyətlə heç bir sənədim yoxdu. Bu gün ölsəm, kimliyimi araşdırmazlar belə. Bir-iki dəfə qohumlarıma yalvardım, yaxardım. Heç biri məni dinləmədi. Dəstək olmadı. Hamısı rədd elədi başından. Mən də məcbur oldum, gəldim Bakıya”.
Ayşən son ümidini bu sığınacağa bağlayıb. Deyir, burada da onu qəbul etməsəydilər, indi yaşamazdı:
“Bir neçə nəfər mənə dedi ki, belə bir yer var. Ora get, onlar sənə kömək edəcəklər. Qarnımda uşaqla bura gəldim. O qədər narahatlıqlar keçirirdim ki, deyirdim, bu uşaq mənim nəyimə lazımdır axı? İstəmirəm, doğandan sonra onsuz da atacam, kimə istəsəz, verərsiz. Qızım 7 aylıq dünyaya gəldi. Onu qucağıma alandan sonra ölüm haqqında düşünmədim. Amma qızımın da mənim kimi heç bir sənədi yoxdur. Ailəmdən heç kim mənə maraqlı deyil. Bircə anamı axtarmaq istədim. Nə qədər soraqladım, amma harda olduğunu bilən olmadı. Kənddə qonşular deyirdi ki, atam anama əziyyət verirmiş, buna görə bizi tərk edib. Mən onu tapsam, bircə onu soruşacam ki, niyə qardaşımın sənədləri var, mənim yox? Bizi istəmirdinsə, dünyaya gətirməzdin. Mənim başıma gələn hadisələrin günahı ondadır. Başımda ana-ata olsaydı, bəlkə də, hər şey başqa cür olardı”.
Elə bu an otağa qucağında hələ 40-ı çıxmamış, dünyadan xəbərsiz mələk olan bir qadın gəldi. Üzrxahlıq edərək Ayşənə, “qızın oyanıb, ağlayır” deyib, uşağı ona verdi. Qızını qucağına alan kimi hönkür-hönkür ağlamağa başladı. Onu körpəsi ilə baş-başa qoyub otaqdan çıxdıq.
Birdən divardan asılan şəkillər diqqətimizi çəkdi. Yaxınlaşanda gördüm ki, üzərində “Mədinə 27” yazılıb. 27 yaşlı Mədinə çəkdiyi şəkli mənə belə izah etdi:
“Bu balaca, uçuq-sökük ev bizim evimiz ola bilərdi. Bax həyətdəki balaca oturacaqda da atam, anam, mən oturub söhbət edə bilərdik. Bəlkə biz də həyətimizdə balaca bir ağac əkib, belə böyüməsi üçün ona qulluq edə bilərdik. Amma təəssüf ki, bunların heç biri olmadı… Bundan sonra da çətin ola”.
Mədinədən şəkildəki buludları soruşdum. Dedi ki, o buludlardan yağan göz yaşlarıdır. Ürəyində qalan bütün arzularının üzərinə yağaraq, yuyub-aparır…
Könül Cəfərli
FOTO: Elçin Murad
Müzakirə qapadılmışdır.