Çin Xalq Respublikasının Sian şəhərinin vitse-meri nümayəndə heyəti ilə birgə SDU-da oldu

1132

Çin Xalq Respublikasının Sian şəhərinin vitse-meri nümayəndə heyəti ilə birgə SDU-da oldu

Oktyabrın 20-də nümayəndə heyəti ilə birgə Sumqayıt şəhərində qonaq olan Çin Xalq Respublikasının Sian şəhərinin vitse-meri Van Syaolini İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun qəbulundan sonra şəhər icra hakimiyyətinin birinci müavini Teymur Səmədov və digər nümayəndələrlə birgə şəhərin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetini ziyarət ediblər.
Universitetin rektoru Rüfət Əzizov Çin Xalq Respublikasının Sian şəhərinin vitse-meri Van Syaolini və nümayəndə heyətini qəbul edib onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, hazırda Azərbaycanla Çin arasındakı dostluq münasibətləri bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla inkişaf edir. Həmçinin rektor SDU-nun fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışdı. Qeyd etdi ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilir, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilir. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti beynəlxalq əlaqələrini gündən-günə genişləndirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atır. Yüksəkixtisaslı kadr hazırlığı məqsədilə SDU dünyanın bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Van Syaolini səmimi qəbula görə rektor Rüfət Əzizova məmnunluğunu ifadə edib belə görüşlərin keçirilməsinin Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsinə və iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd etdi.
Görüşdən sonra qonaqlar universitetin inzibati binasına, burada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə, “Code Academy”yə , ayrı-ayrı auditoriya, laboratoriya və tədris otaqlarına baş çəkiblər. Sumqayıt Dövlət Universiteti ilə tanışlıq zamanı təhsil müəssisənin maddi-texniki bazası haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, universitetdə 6000-dən çox tələbə elmin sirlərinə yiyələnir. Gələcəkdə Sumqayıt Dövlət Universitetinin Çin universitetləri ilə əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər