Coratı turistlərin sevimli məkanına necə çevirə bilərik? – ARAŞDIRMA

1590
Etimologiyasındakı “cürət” sözündən də bir az cürətlənib, Coratı qədim insan məskəni adlandırmaq olar. Dəqiq olan budur ki, heç kim, heç bir tədqiqatçı bu yerin tarixini, yaşını dəqiq deyə bilmir.
Bəzi məlumatlara görə, Corat qəsəbəsinin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyniadlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş.
Coratın köhnə bağ yerləri – “Çalour”, “Dəhnə”, “Hacıdərəsi”, “Astanbəy”, “Möməli yeri”, “Həbib bağı” yaşlı sakinlər tərəfindən xatırlanmaqdadır. Deyilənə görə, “Dadaş bağı” İosif Stalinin inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yer imiş. Coratlı Hacıbaba Daşdəmirov burada onun təhlükəsizliyini təmin edib. Coratlıların bostan yerləri əsasən indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz qırağında olub.  Saray bağlarında, “Qurd dərəsi”, “Dovşan yatağı” adlanan yerlərdə, indiki 17-18-ci mikrorayonların ərazilərində qəsəbənin taxıl zəmiləri, üzüm və meyvə bağları olub.
 “Təsdim”, “Qurd dərəsi”, “Dovşan yatağı”, “Sarıqaya” adlanan yerlər indi də el arasında olduğu kimi adlandırılır.
Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən olub və Böyük İpək yolunun üzərində yerləşib. El arasında bu yola Karvan yolu, El yolu da deyilib. Coratda yeddi karvansara fəaliyyət göstərib. Sovet hakimiyyəti qurulandan sonra Coratda “Oktyabr” kolxozu yaradılıb. 1949-cu ildə Sumqayıt şəhərinin salınması ilə əlaqədar bu kolxoz ləğv edilərək əmlak və ərazisi Saray qəsəbəsindəki Voroşilov adına kolxoza təhvil verilib və Corat Sumqayıtın tərkibinə daxil edilib.
Corat ərazisində həm də bir çox abidələr var(mış). Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları… Təəssüf ki bu abidələrin bəziləri artıq yoxdur.
Corat qəbiristanlığındakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş “qardaş”larının yanına aparılaraq əcnəbi türistlərə nümayiş etdirilir.
Tarixi-memarlıq abidələri kimi Corat qəbiristanlığındakı “sandıq” qəbirləri, XVI əsrə aid hamam, XVII əsrə aid qəsəbənin daxilindəki hamam və hamamı su ilə təmin edən quyu, XVII əsrə aid məscid, min illik tarixi olan qədim məscid, Şah Abbas karvansarasının qalıqlarını, kənddəki pirləri göstərmək olar.
Ancaq çox təəssüflər olsun ki, biz bu qədim kəndi tursitlərin maraq dairəsinə sala bilməmişik. Problemin iki qaynağı var:
1) Ərazidəki abidələr bərbad vəziyyətdədir
2) Bu ərazi turizm marşrutlarına daxil deyil və maraqlı yer kimi tanınmır.
Bəs bu iki problem necə həll etməli?
Birinci məsələ ilə bağlı əsas öhdəliklər, şübhəsiz ki, dövlət strukturlarının üzərinə düşür. Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi, yəqin ki, daha çox danışmaq haqqında və borcundadır.
Məsələni bir qədər aydınlaşdırmaq qərarına gəldik.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirdilər ki, bəli, Coratdakı abidələr  şəhərimizə gələn turistlərin marağına səbəb ola bilər: “Turistlərin respublikamıza səfərlərinin artdığı bir zamanda min illərin yadigarları olan bu tarixi memarlıq abidələri əsaslı təmir və bərpa edilərsə, gələcəkdə turistlərin marağına səbəb olar və Sumqayıtda turizmin inkişafına, turist marşrutlarında Corat qəsəbəsinin təmsil olunmasına, turizm məkanı kimi tanınmasına müsbət təsir göstərər. Corat qəsəbəsində yerləşən bu tarixi abidələrin əsaslı təmiri və ya konservasiya işlərinin aparılmasını öyrənmək məqsədilə mütəxəssislər Sumqayıta dəvət edilmiş və gələcəkdə əsaslı təmir və konservasiya işlərinin aparılması Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur”.
Belə ümidverici, ancaq qeyri-müəyyən zaman köklənmiş cavabdan sonra Mədəniyyət və Turizm Nazirliyini də dinləmək istədik.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva “168 saat”a bildirdi ki, Coratdakı tarixi mədəniyyət abidələrinin restavrasiyası nazirliyin müvafiq şöbəsinin proqramına daxildir, yaxın gələcəkdə bu abidələr təmir ediləcək.
Bəs görəsən, turistləri, turizm şirkətlərini necə maraqlandıra bilərik? Coratı turistlərin sevimli məkanına çevirmək üçün nə etmək lazımdır? Axı hətta indiki vəziyyətində belə Corat müəyyən kəsimin diqqətini çəkməlidir – bəs nə üçün bu, baş vermir və nəhayət, bu marağın yaranması üçün hansı işlər görülməlidir?
Bu mövzuda, şəhər ictimaiyyətinin fikirlərini öyrənmişik. Respondentlərimizdən bəzilərinin təkliflərini, fikirlərini diqqətinizə çatdırırıq. Ümid edirik ki, bu təkliflər əlaqədar qurumlar üçün də maraqlı olacaq:
Sahib Fərzəliyəv,
Azərbaycan Memarlıq və İnşaat
Unversitetinin kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru:
– Ölkəmizin tarixini, qədimliyini sübuta yetirən onun tarixi-memarlıq abidələridir. Respublikamızın ərazisində tariximizin bütün mərhələlərini özündə əks etdirən minlərlə memarlıq abidələri mövcuddur. Hər bir xalqın tarixi abidəsi dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilir. Bəşər sivilizasiyanın inkişafında xalqımızın rolu və xidmətlərinin daşıyıcısı onun tarixi-memarlıq abidələridir. Memarlıq abidələrimiz tarixi əhəmiyyəti ilə yanaşı, estetik və iqtisadi dəyərə də malikdir. Onlar şəhərlərimizə, kəndlərimizə gözəllik verir, yeni nəslin estetik zövqünü formalaşdırmaqla bərabər, turizmin inkişafına, iqtisadiyyatın güclənməsinə xidmət edir.
Gəlin görək, bu gün tarixi-memarlıq abidələrimizi gənclərə lazımınca tanıda bilmişikmi, bu tarixi abidələrimizdən ölkəmizin tanınmasında, onun iqtisadi inkişafındakı rolundan onlara lazımınca məlumatları verə bilmişikmi? Təbii ki, yox. Aparılan sosioloji sorğular və tarixi memarlıq abidələrimiz haqqında gənclər arasında olan məlumatsızlıq bunu deməyə əsas verir. Bunun üçün gənclərdə milli-mənəvi dəyərləri formalaşdırmaq üçün tarixi-memarlıq abidələrinin tanıdılması istiqamətində onlar arasında geniş maarifləndirmə işinə ehtiyac vardır.
Respublikamızda 7000-dən artıq tarixi memarlıq abidəsi mövcuddur. Corat qəsəbəsinin tarixi memarlıq abidələri də bu sıradadır. Gənclərimiz və vətəndaşlarımız bu tarixi memarlıq abidələrini tanısalar, onda onları təbliğ də edərlər. Bu da öz növbəsində turizmin yol xəritələrindən birinə salınar. Bəlkə hələ bu tarixi memarlıq abidələrini aidiyyəti dövlət qurumlarına da tanıtmaq lazımdır?
Ayaz Abışov, 
Təhsil Nazirliyinin əməkdaşı:
– Coratda açıq havada muzey yaradılmalıdır. Yerli və beynəlxalq turist şirkətləri ilə əlaqə qurulmalıdır. Onları da maraqlandırmaq şərti ilə reklam edilməlidir.
Rüstəm Sadıqzadə,
Gənclər və İdman Baş İdarəsinin sektor müdiri:
– Turistlərin təşviqi üçün çox işlər görülməlidir, abidələrin təmiri, buklet və broşurların çapı və s. Reklam işi təşkil olunmalıdır.
Tərxan Paşazadə, 
Dini Qurumlarla İşlər üzrə Dövlət
Komitəsinin əməkdaşı:
– Corat təbliğ olunmayıb. Nəinki turistlər, nəinki sumqayıtlılar, hətta coratlıların özlərinin də (bəziləri istisna olmaqla) bu tarixi abidələrdən xəbəri yoxdur. Hesab edirəm ki, bu istiqamətdə ilk növbədə Corat bələdiyyəsinin aktiv fəaliyyət göstərməsi səmərəli nəticə verə bilər.
Emilya Səfərəliyeva,
Ekoloji Tərbiyə Mərkəzinin rəhbəri:
– Maarifləndirmə işləri aparılmadır.
Elmar Məmmədov,
YAP-ın Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri:
– Coratla baglı layihə hazırlanmalıdır. Tanıtım siyahısına Corat mətbəxini də əlavə etmək olar.
Təranə Xudabaxşıyeva,
radio aparıcısı:
– Turistləri maraqlandırmaq üçün öncə bizlər  – yerli əhali bu haqda geniş məlumata malik olmalıdır. Həmin abidələr bərpa edilməli, sonra abidə kimi qorunmalı,  həm də turist axını üçün işlər görülməlidir. Yoxsa təyyarədən düşən turist nə bilir Coratda abidə var?! Ümumiyyətlə, bizdə turizm üçün böyük potensial var, sadəcə, bu sahədə mütəxəssislər yoxdur.
Ülvi Məmmədov,
müəllim:
– Ümumiyyətlə, turizmin vəziyyəti ölkəmizdə olduqca acınacaqlıdır. Yaxın perspektivdə də bu sahənin inkişafına ümidim yoxdur. Çünki bir məsələni dəqiq bilirəm ki, müasiri olduğumuz zamanda azad bazar iqtisadiyyatı, rəqabət mühiti olmayınca, digər biznes sahələri kimi otellər, turizm şirkətləri məmur oliqarxların deyil, iş adamlarının əlində cəmləşmədikcə Corat və onun kimi yüzlərlə qədim tarixə malik məkanlarımız özünə turist cəlb edə bilməyəcək. Buklet, reklam, PR məsələləri sonrakı işlərdir.
Elnur Ağayev,
jurnalist:
– Fikrimcə, əvvəl Corat Azərbaycan səviyyəsində turizm üçün hazırlanmalıdır, bizlər oranı ziyarət etməliyik, Corat haqda minimum bilik və təsəvvürlərə malik olmalıyıq ki, sabah da kimisə dəvət edə bilək, sözümüz olsun. Hansısa bir məkanın turizmin PR-ı da aydındır ki, sərmayədən başlayır, ora sərmayə ayırmalısan ki, gəlir də əldə edə biləsən. Turizm üçün mümkün infrastruktur yaradılmalıdır, ardınca reklam-PR materialları hazırlanmalı – təbliğ-təşviq edilməlidir.
Əsas işi isə Coratın qədim balıqçılıq, heyvandarlıq (xüsusən dəvəçilik), bağçılıq-bostançılıq məşğuliyyət-ənənələri, mətbəxi, söz sənəti, Qədim İpək Yolunun üzərindəki ən mühüm məntəqələrdən biri olması, tarixi abidələri, insanları – şəxsiyyətləri, çimərlikləri istiqamətində qurmaq lazımdır. Coratı Sumqayıtın “İçəri Şəhəri”nə çevirmək olar.
İsmayıl Kərimov,
Prezident yanında İdarəçilik
Akademiyasının müəllimi:
– Birinci, qəsəbənin özünü bir abıra salmaq lazımdır. Bir az daha cəlbedici etmək lazımdır. Ondan sonra turistləri fikirləşək.
Ramil Zeynallı,
jurnalist:
– Coratın turizm imkanlarından öncə diqqəti qədim tarixi abidələrlə zəngin olan qəsəbənin tanıtımına, təbliğinə yönəltmək lazımdır. Bu qədim yaşayış məskəni yalnız bayramdan-bayrama yada düşür. Yaxşı ki, orada qapılar və qala divarları var. Yoxsa heç o da yada düşməz. Coratda mövcud olan tarixi abidələrlə bağlı hansı təbliğat materialları dərc olunub və yayılıb? Sistemli şəkildə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi vacibdir. Görəsən, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi bu istiqamətdə hansı işlər görüb? Suallar çox, cavab verən isə yox. Bu idarənin adındakı turizm sözü artıqdır.
Əli Əliyev, 
futbol təlimçisi:
– Çünki indiki vaxtda Corat kəndi cəmi 2 xüsusiyyəti ilə tanınır: Corat qutabı və nə yazıq ki, Coratın gəncliyini öz cənginə alan narkomaniya. Mən təkbaşına futbol komandası yaratdım, şəhər birinciliyindən tutmuş respublika birinciliyinəcən futbolda yer tutduq. Amma nə edə bilərik ki, narko-biznes idmandan irəlidir. Coratdakı hamam istifadəsiz və yararsızdır. Dayanacaqdakı məscidin yanındakı hamam da az qalıb uçsun.
Rövşən Əliyev,
ATV-nin əməkdaşı:
– Əvvəlcə, Corata öz qədimliyini qaytarmaq lazımdır. Qanunsuz tikililər sökülməli, yenilərinin tikilməsinə icazə verilməməlidir.
Turizm şirkətlərinin Coratı turizm marşrutlarına daxil etməməsini isə müəyyən qədər təbii qarşılamaq lazımdır. Buyurun, bu da turizm şirkətlərindən birinin menecerinin dedikləri: “Coratda turistə nə göstərə bilərik ki?! Uçub-dağılmış hamamı, qəbirstanlığı turistə necə göstərəsən axı? Bu, turist üçün diskomfortdur, maraqlı deyil. Heç bir şirkət buna getməz”.
 Vüsal Məmmədov,168saat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər