Çox keçmədən Kəlbəcər cənnət bir diyara çevriləcək

470

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb; – Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.   Kəlbəcərin kənd təsərrüfatında isə heyvandarlıq əsas yer tutub. 1980-ci illərdə Kəlbəcərdə 130 min baş iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlanıb. Kəlbəcər həm də iri tütünçülük rayonlarından biri olub. 1980-ci illərin statistikasına görə, burada ildə 660 hektar sahədə tütün əkilib.
Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı. Keçmiş sovetlər dövründə rayon ərazisində olan “İstisu” termal sular sanatoriya kompleksinə hər il mövsüm ərzində 20 min nəfərdən çox insan gələrək sağlamlıqlarını bərpa edirmişlər.  1991-ci ildə SSSR-nin parçalanmasından sonra digər respublikalar kimi Azərbaycan da öz nizamli ordusunu yarada bilməmişdi.SSSR-i rəhbərliyi tərəfindən süni surətdə yaradılan Qarabağ problemi nəticəsində,Ermənistan xarici xristian havadarları tez bir zamanda onun silahlı qüvvələrini formalaşdırmağa nail oldular.
Bu ərəfədə Azərbaycan siyasi böhran baş verirdi və xarici və daxili düşmənlər respublikanı parçalamağa cəhd edirdilər.Respublikanın siyasi elitasının sıralarında erməni mənşəli və ermənilərə qulluq edən vəzifəli şəxslərin sayı kifayət qədər idi.Vahid hərbi komandanlıq yox idi.
Ermənistanın silahlı qüvvələri xarici havadarlarının siyasi və hərbi köməyi ilə əlverişli şəraitdən istifadə edərək 1992-ci ilin may ayının 15-də Laçın və Şuşa rayonlarını işğal etdi.Kəlbəcər mühasirəyə alındı.Daxili və xarici düşmənlər bununla kifayətlənmədilər.Onlar daha da ağır hadisələr törətməyə hazırlaşırdılar.Belə bir obyekt Kəlbəcər rayonu idi.Ona görə ki,Kəlbəcər üç tərəfdən Ermənistanın əhatəsində qalmışdı.Respublika ilə yeganə əlaqə yolu çətin keçilən Murovdağ silsiləsi idi.Murovdağ rayon üçün “həyat yolu” idi.1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmış,o cümlədən illərlə tikilib qurulmuş dünya əhəmiyyətli “İstisu” sanatoriyası düşmənin əlinə keçərək darmadağın edilmişdi.1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açmışdı.
BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Bununla da, rəsmi İrəvanın hərbi cinayəti bir daha sübut olunmuşdur. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.Xalqımıza qarşı edilən bu haqsızlıqlar millətimizin əzmini iradəsini sındırmadı, əksinə onu daha gücləndirdi.Birinci Qarabağ savaşında 488 , Vətən müharibəsində isə 35 şəhid verən Kəlbəcərin bir güllə atılmadan azad olunması cənab İlham Əliyevin əzəmətli diplomatiyasının bariz nümunəsidir.Bunu o öz çıxışında da qeyd edib:
“İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atmadan Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və yenilməz sərkərdə əzmi ilə müzəffər ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni ildırım sürətilə necə məğlub etdisə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlayıb. Kəlbəcərdə həyata keçirilən bərpa işlərinin necə uzaq perspektivlərə səmtləndiyini, islahatların ən müasir dünya təcrübəsi və yeni texnologoyalar üzərində qurulduğunu aydın görmək üçün onlara nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev işğaldan azad olunan bölgələrə səfəri bir daha sübut edir ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizin bərpası, kommunikasiya sistemlərinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətlənməsi üçün əzmkarlıqla  çalışır. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir. “Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.Bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinin açılış mərasimində çıxış edərkən söyləyib.
Əzəli və əbədi yurdumuz Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunub.Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək. Kəlbəcərin təbii enerji potensialı. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilir. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.  Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.Dövlətimizin başçısı ilk öncə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, İstisu sanatoriyasının təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlini qoyub.  Ölkə rəhbərinin qayğı və diqqəti sayəsində Kəlbəcərdə quruculuq və bərpa işləri aparılır. Əminliklə demək olar ki, çox keçmədən Kəlbəcər cənnət bir diyara çevriləcək, neçə illərdən bəri məcburi köçkünlük həyatını yaşayan insanlar qəribsəmiş yurd yerlərinə qayıdacaqlar.

Mətanət Hacıyeva, 
Nizami Gəncəvi adına Kitabxana Klubun multimedia mütəxəssisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər