SDU-da “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə ekoloji maarifləndirmə tədbiri keçirilib

440

İyunun 5-də Sumqayıt Dövlət Universitetində (SDU) Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş ekoloji maarifləndirmə tədbiri keçirilib. Tədbir çərçivəsində universitet ərazisində təmizlik aksiyası təşkil olunub. Aksiya zamanı tələbələr universitetin həyətində və ətraf ərazilərdə təmizlik işləri aparıb, tullantıları toplayaraq ərazini təmizləyiblər.
Tədbirdə çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov Ümumdünya Ətraf Mühit Gününün əhəmiyyətindən bəhs edərək ətraf mühitin qorunmasının hər bir vətəndaşın üzərinə düşən mühüm məsuliyyət olduğunu vurğulayıb. O, bu istiqamətdə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin və ekoloji təhlükəsizliyin təmin olunmasına xidmət edən strateji təşəbbüslərin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, hər kəsi təbiətin qorunmasına daha həssas yanaşmağa çağırıb.
Sonra Mühəndislik fakültəsinin Kimya mühəndisliyi və Ekologiya kafedrasının dosenti Nərgiz Aşurova çıxışında tullantıların düzgün idarə olunmamasının ekosistemlərə, su və torpaq ehtiyatlarına ciddi ziyan vurduğunu bildirib. O, xüsusilə elektron və plastik tullantıların ekoloji tarazlığa mənfi təsir göstərdiyini qeyd edərək, ekoloji problemlərin həllində maarifləndirmənin, tullantıların çeşidlənməsi və təkrar emalın əhəmiyyətindən danışıb.
Aksiyanın sonunda universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli çıxış edərək ətraf mühitin qorunmasının hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifə olduğunu vurğulayıb. Rektor bildirib ki, Azərbaycan bərk məişət tullantılarının emalı sahəsində post-sovet məkanında qabaqcıl ölkələrdən biridir. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan bərk tullantıların emalı kompleksi bu sahədə mühüm nailiyyətlərdən hesab olunur. O bildirib ki, kompleksdə hər il 500 min tondan artıq bərk tullantı emal edilir. Emal prosesi nəticəsində isə 300 milyon kilovat-saat elektrik enerjisi əldə olunur.
Rektor aksiyanın təşkilatçılarına təşəkkürünü bildirərək belə tədbirlərin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər