Deputat Prezidentin Naxçıvan səfərindən danışdı: “bizim növbəti tarixi nailiyyətimiz olacaq”

309

“Naxçıvan Muxtar Respublikası bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub. Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Muxtar respublikada ümumi daxili məhsul 10 dəfədən çox artıb”.

Bu sözləri Prezident İlham Əliyevin 2021-ci il 10 may tarixində Naxçıvan Muxtar Respublikasına səfərin şərh edərkən Milli Məclisini deputatı Müşfiq Məmmədli deyib.

M. Məmmədli bildirib ki, Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb: “Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir. Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır”.

O, regionda hərbi aerodromun və hərbi hospitalın açılışının Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisə olduğunu vurğulayıb:

“Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur. Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır. Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etmiş bu Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Günnüt əməliyyatı Naxçıvan Ordusunun əsl potensialını göstərdi”.

Zəngəzur dəhlizinin açılmasının strateji əhəmiyyət daşıdığını qeyd edən deputat bildirib ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır: “Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Horadiz-Ağbənd dəmir yolunun təməl daşı artıq qoyulub. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər