“Dərmanlar niyə effekt vermir… Uşaqlar tez-tez ölümlə üz-üzə qalır” – Tanınmış pediatr ilginc faktar açıqladı (MÜSAHİBƏ)

1265
“İndi pediatrı görücü üsulu ilə seçirlər,  həkimləri tez-tez dəyişirlər”
Mövsümlə bağlı poliklinika və klinikalara valideynlər və uşaqların axını müşahidə edilir. Öskürək, zökəm, burun axması, qızdırmadan az qala başını itirmiş valideyn uşağın immunitetini qaldırmaq, ən yaxşı pediatrı, ən yaxşı dərmanı tapmaq və qısa müddətdə övladının sağalması üçün ən müxtəlif yolları seçir.
Medicina.az tanınmış pediatr və saytımızın məsləhətçi pediatrlarından olan Gunay Rəsulovaya anaların ən çox verdiyi sualları ünvanladıq. Həkim uşaq sağlamlığında yol verilən səhvlərdən danışdı, bəzi sirləri açdı.
– Doktor, son zamanlar analar dərmanların təsir etməməsindən şikayətlənir, adi qızdırmasalıcını belə, xüsusi aptekdən almağa, Avropadan gətirtməyə çalışır. Həkim olaraq, dərmanların sizin müalicələrini effektsiz etməsi barədə nə deyə bilərsiz?
 
– Bəli, əvvəlki illərə nisbətən biz dərmanların keyfiyyətinin, dozasının təlimatında yazıldığı kimi və müddətdə təsirinin olmaması barədə çox şikayətlər eşidirik. Səbəbini də bilmirik.  Biz  dərmanı yazanda molekulu yazırıq. Xəstə istəyirsə, xaricdən və ya güvəndiyi aptekdən o dərmanı ala bilər, bizə fərqi yoxdur.
Amma bir faktı deyim ki, mən xaricdə konfranslarda olanda, o ölkələrin əhalisində də  eyni şübhələrin olduğunu görürəm.  Və onlar da “bizdəki dərman deyil, sudur, Avropadakı dərmanlar yaxşıdır” deyirlər.
Məsələn, Türkiyədə öz dərmanlarına şübhə çoxdur. Deyirlər, öz istehsalımız olan parasetamol alıram effekt vermir, amma Almaniya istehsalı verir. Burda dərmanı istehsal edən şirkətin keyfiyyət standartlarına nə qədər riayət etməsi də vacibdir
Amma dərmanların təsir etməməsində fərdi həssaslıq məsələsi də var.
Eyni dərman bir insana təsir edə bilər, digərinə heç etməz, bir başqasında əks təsir verər.
Niyə dərmanlar uşağa təsir etmir?
Biz qızdırmasalıcı kimi ən məşhur parasetamol tərkibli siropu təyin edirik. 10 valideyndən 7-si deyir effektini gördük, 3-ü deyir yox. Əgər başqa aptekdən, yəni Almaniya istehsalı və daha baha satılan dərmanı alıb qızdırmanı salırsa, deməli, burda istehsalat problemi var.
Amma ola da bilər, o dərman da effekt verməsin. Burda fərdi həssaslıq rol oynayır. Ola bilər, o uşağa parasetamol tərkibli yox, ibuprofen tərkibli dərman təsir etsin. O demək deyil ki, problem dərmandadır.
Əgər xəstə deyirsə ki, bu dərman uşağın qızdırmasını salmadı, biz ayrı tərkibli dərman təyin edirik. Səbəblərini detallı araşdıranda isə məlum olur ki, qəbul zamanı çox səhvlər buraxılır. Uşağın çəkisinə uyğun dozanı  verməyib və ya dərmanı içərkən yarısını uşaq qaytarıb, töküb.
– Hazırda qızdırmasıcılar da çoxdur.  Uşaqlar üçün ən yaxşısı hansıdır, hansı ki, Avropada onu təyin edirlər?
– Qızdırmasalıcı kimi ilk və klassik seçim parasetamol tərkibli dərmanlar olur. Parasetamol özü və o tərkibdə siroplar. Amma uşağın çəkisinə görə uyğun dozada.
– Bəs nəyə görə Nurafen və başqa şam, siropları çox alırlar?
– Reklamına görə. Şüuraltı olaraq, bu ad artıq insanların beyninə yeridilib. Biz həkimlər reklamın gücünü göstərmək üçün bir Arieli, bir Colanı, bir də Nurofeni misal çəkirik. Düzdür, onların da  qızdırmalıcı effekti var, amma orda 4 effektdən biridir bu. Onlar iltihab əleyhinə, ağrıkəcisi kimi daha çox təyin edilir.
Nimesil isə 13 yaşdan yuxarı uşaqlara təyin  edilə bilər. Amma yenə də qızdırma varsa, parasetamol və ibuprofen tərkibli dərmanları növbəli şəkildə istifadə edə olunmalıdır.
Dərmanı verdikdən sonra gözləmək lazımdır. Analar dərmanı verir, 5 dəqiqədən bir ölçür.  Qızdırma düşmür, bir də dərman  verirlər. Bu çox təhlükəlidir. Doza aşılması zəhərlənmə verə bilər.
Qızdırma salmaq üçün qızıl qayda belədir:
1. Dərmanı uyğun dozada verdikdən sonra uşağın əynini soyundurun;
2. Otağın temperaturunu salın;
3. Bədəni ilıq su ilə silib, bol maye verin;
4. Dərmanın təsirini minimum 1 saat gözləyin. Dərmanın mədədən qana sovrulma, yarımparçalanma dövrü var.
Su çiçəyi olacaq bir uşaqda əvvəl qızdırma başlayır, sonra səpkilər çıxır. Valideynlər, nənələr uşağı yodlayır, spirtləyir, bankalayır, aspirinlə bədənini silir. Bu  üsullar çox dəhşətli fəsadlara yol açır.
Bizdə belə bir dəhşətli fakt qarşımıza çıxmışdı. Su çiçəyi çıxaran uşağın bədənini aspirinli spirtlə bədənini siliblər, uşaqda ağır Reye sindromu yaranmışdı. Reye sindromu beynin zədələnməsidir. Uşaq ölüm həddinə çatır. Eyni zamanda qaraciyərin kəskin zədələnməsi baş verir. Heç kimin də ağlına gəlmir ki, bu aspirindən olub. Belə uşaqları təcili reanimasiyaya gətirmək lazımdır.
Bədəni dərmanla silmək onu uşağa içirtmək kimi eyni təsirdir. Dəri ilə dərman  bədənə sovrulur.
Və yaxud ən çox rastlaşdığımız səhv:  eyni tərkibli, molekullu, amma müxtəlif adda, müxtəlif firmaların dərmanlarını alırlar, biri şamdır, biri sirop. 5-10 dəqiqə fasilə ilə sirop içirib, sonra şam qoyurlar. Beləliklə, doza həddi aşılır.
Bu zaman da  qaraciyərin zədələnməsi baş verir.
Ona görə valideyn həkimlə məsləhətləşmədən heç bir dərman preparatını uşağa verməməlidir. İlk 3 ay körpələrdə ümumiyyətlə, evdə qızdırmanı salmaq tövsiyə olunmur. Bu körpələrdə qızdırma  38-i keçdisə, dərhal xəstəxanaya çatdırılmalıdır. Hətta təcili yardımı da gözləmək də vaxt itkisidir. Ən yaxın məntəqəyə aparsınlar: dövlət və ya özəl fərqi yoxdur.
 
– Qruplarda çox zaman görürük, analar məsləhətli pediatr axtarırlar. Çox yazırlar ki, filan pediatra getdim, xoşuma gəlmədi, dəyişmək istəyirəm. Tez-tez həkim dəyişmək nə dərəcədə düzgündür və məsləhətli pediatr necə olmalıdır ki, anaların xoşuna gəlsin?
– İndi pediatr seçmək elçi gedib qız almaq mərasiminə bənzəyir. Sanki görücü üsulu ilə həkim seçirlər. Mənə də deyirlər ki, həkim sizin yanınıza gələnə kimi çox araşdırırdıq, soruşduq. Əslində, bu yaxşı bir şeydir. Amma bəzən o qədər primitiv səbəblərdən həkim dəyişmək istəyirlər ki… hətta həkim haqlı olur, valideyn onu qəbul etmək istəmir. Həkim dəyişmək sanki bir hobbiyə çevrilib. Həkimin danışığı xoşuma gəlmədi, qapını bağla dedi, zəngimi götürmədi, gecə yığdım cavab vermədi, whatsapp-da oxudu, cavab vermədi…
Yeri gəlmişkən, deyim ki, dünyada həkimin qarşısında elə bir borc, vəzifə yoxdur ki, xəstəyə whatsapp-da cavab yazsın. Oxuyub yazırsa, bu, xəstəyə böyük jestdir. Yazmasa heç kim qınaya bilməz. Xüsusən iş saatından sonra, axşam, gecə həkimə zəng etmək, nəsə soruşmaq olmaz.
Özəl durumlar olarsa, o istisnadır. İndi özəl klinikalarda çalışan həkimi xəstə özəl olaraq seçib, ona müəyyən məbləğ ödəyirsə, iş saatından sonra da narahat etməyə haqqı var. Amma bunun da etikası, çərçivəsi olmalıdır. Bu o demək deyil ki, xəstə həkimə gecə 12-1-də yazmalıdır.
Çalışmaq lazımdır ki, uşaq bir pediatrda təqibdə olsun. Onda o həkim uşağı daha yaxşı tanıyır, bilir, bələd olur.
Boy, çəki parametrləri pediatr kabinetində çəkilir. Bir pediatrın kabinetində boy, çəki bir az fərqli gələ bilər, digərində bir az aşağı-yuxarı… Tibbdə belədir ki, uşağın normal boy artımını dəqiqləşdirmək üçün eyni boy ölçənlə 3 ay izlənməlidir. Başqa yerlərdə başqa boyölçənlər çaşdırıcı ola bilər. Bu hələ primitiv səbəbdir.
Əgər həkimə inanıb getmisənsə, çalış güvən, etibarını itirmə.
Ardı var.
Aygün Musayeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər