Dünyada qazın bahalaşması ölkəmizin valyuta gəlirlərinin artımına imkan yaradır

377

Dünya bazarında Avropa valyutası olan avronun məzənnəsi aşağı enməkdə davam edir. Bəzi mütəxəssislər tərəfindən bu eniş tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. Bütün bu proseslər isə sözsüz ki, dünya maliyyə bazarına təsirsiz ötüşmür. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu proseslərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:

– Dünya bazarında ABŞ dollarının getdikcə bahalaşması, avronun isə daha da ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərir?

– Hazırda dünyada ABŞ dollarının digər valyutalara, xüsusilə də avroya nisbətən bahalaşması müşahidə olunur. ABŞ Federal Ehtiyatlar Agentliyinin uçot dərəcəsini sərt artırmasını, Avropa Mərkəzi Bankının nisbətən yumşaq siyasətini, Ukraynada hərbi əməliyyatların davam etməsini, Avropa bazarlarında enerji qiymətlərinin artımını bu bahalaşmanın əsas səbəbləri kimi göstərmək olar. İqtisadi nöqteyi-nəzərdən ucuz avro ixracda Avropa Birliyi ölkələri üçün əhəmiyyətli üstünlük yaradacaq. Amma eyni zamanda idxalın bahalaşması inflyasiyaya təzyiqi artıracaq. Avropa Birliyi Azərbaycanın mühüm iqtisadi tərəfdaşıdır. Avronun dollara nisbətən ucuzlaşması idxalda Avropa məhsullarının payının daha da artmasına səbəb olacaq. Digər tərəfdən, yerli sahibkarlarımız üçün dollar ilə ixrac olunan bazarlara məhsul satışını artırmaq daha cəlbedici olacaq.

Avropa Birliyi Azərbaycanın mühüm iqtisadi tərəfdaşıdır. Avronun dollara nisbətən
ucuzlaşması idxalda Avropa məhsullarının payının daha da artmasına səbəb olacaq.

– Ötən həftə ərzində (11 – 15 iyul) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti 1,88 dollar və ya 1,6 azalıb. Azərbaycan neftinin qiyməti ilə bağlı gözləntilər nələrdən ibarətdir?

– Hazırda dünya bazalarında neftin qiymətində enmə müşahidə olunur. Bunun bir çox səbəbləri var. Əsas səbəblər kimi isə Çində pandemiyanın yenidən baş qaldırması ehtimalını, Ukraynada müharibənin uzanmasını, dünya bazalarında iqtisadi böhran gözləntilərinin daha da güclənməsini göstərmək olar. Beynəlxalq Valyuta Fondu (IMF) bu günlərdə 2022-2023-cü illər üçün dünyada iqtisadi artım proqnozlarını 3.6 faizə qədər azaldıb. Digər tərəfdən, bu günlərdə ABŞ-la Səudiyyə Ərəbistanı arasında əldə edilən anlaşmaya görə, 2 ay ərzində bazara hər gün əlavə 2 milyon barel neft çıxarılacaq. Bütün bu amillər neftin qiymətinin aşağı enməsinə təsir göstərəcək. ABŞ siyasətində əsas hədəf neftin bir barelinin orta qiymətinin 60 dollar həddinə çatdırmaqdır. Bu alınacaq, yoxsa yox? Bunu zaman göstərəcək, çünki bazar çox dəyişkəndir, dünyada situasiya o qədər mürəkkəbdir ki, proqnoz belə vermək çox çətindir. Azərbaycan dövlət büdcəsi yeni qəbul olunmuş büdcə qaydalarına uyğun olaraq neftin qiymətinin volatilliyindən əsasən sığorta olunub. Amma qiymətin düşməsi istənilən halda ölkəmizin bu məhsulun ixracından əldə etdiyi valyuta gəlirlərini azaldır.

Azərbaycan dövlət büdcəsi yeni qəbul olunmuş büdcə qaydalarına
uyğun olaraq neftin qiymətinin volatilliyindən əsasən sığorta olunub.

– Azərbaycandan Avropaya əlavə qazın tədarük edilməsinin ölkə büdcəsi və iqtisadiyyatı üçün nə kimi əhəmiyyəti olacaq?

– Azərbaycan Avropa Birliyi üçün etibarlı və mühüm qaz tədarükçüsünə çevrilməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu getdikcə artır. Avropa bazarlarında qazın qiymətinin tarixi maksimum həddində olması ölkəmizin bu məhsul ixracından mühüm valyuta gəliri əldə etməsinə imkan yaradır. Bu il ölkəmizin qaz ixracından gəliri 4.7 dəfə artıb. Bu, mühüm göstəricidir. Azərbaycan eyni zamanda Xəzərdəki digər yataqlardan da qaz istehsalını artırmaqla ixracın həcmini daha da artırmağı planlaşdırır. Avropa Birliyi ilə yeni imzalanacaq saziş regionun enerji ixracı siyasətində mühüm səhifə açacaq. Bütün bunlar isə hələ illər öncə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə qərar vermiş Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin nə dərəcədə strateji və uzaqgörən olduğunu bir daha göstərir.

İlhamə İSABALAYEVA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər