Konspiroloji nəzəriyyələrə görə, masonluq ən böyük və məxfi fəaliyyət göstərən, özünün əmlakı, çox milyardlıq büdcəsi olan beynəlxalq təşkilatdır.
Bildirilir ki, masonlar mason lojaları olaraq adlandırılan təşkilatlarda fəaliyyət göstərirlər. Hər bir mason lojası mərkəzi Baş lojaya tabedir. Hər bir ölkədə bir baş loja mövcuddur. Burada istisna kimi Amerika Birləşmiş Ştatlarının hər bir ştatında ayrıca baş lojaların olduğunu qeyd etmək lazımdır. Bir ölkədə fəaliyyət göstərən mason lojaları bir-biri ilə əlaqələr quraraq münasibətlərini genişləndirir, onların ümumi fəaliyyətləri isə baş loja tərəfindən koordinasiya edilir. Masonluq mərasimlərin və toplantıların gizli həyata keçirilməsi səbəbindən insanlar tərəfindən əsirlər boyu müzakirə edilib və daim maraq obyekti olaraq qalıb.
Bəziləri deyir ki, masonluq bütün insanlara barış və xoşbəxtlik arzulayır və bunun üçün inkişafı vacib sayır. Lakin çoxları da qeyd edir ki, masonluq dünyada siyasi çaxnaşmaların, humanitar fəlakətlərin yaradılması, onun idarə edilməsində çox maraqlıdır. Və bu məqsədlərini həyata keçirmək üçün müxtəlif taktika və strategiyalardan istifadə edirlər.
Masonluğun əleyhdarları bəyan edir ki, masonları dünyanın terror təşkilatları bir mərkəzdən idarə edir.
Tərəfdarları isə qeyd edir ki, masonluq, inkişaf üçün araşdırma və çalışmanın önəmli olduğunu və buna bir insan ömrünün yetməyəcəyini vurğulayır.
Bu kateqoriyadan olanların arqumenti belədir ki, mason olmağa çalışan insanın ömrü yetməsə də, insan olma, bütün insanlara sevgi bəsləmənin qüruru ilə bu idealı ürəyində, beynində səylə bəsləyərək mükəmməl insan olmağa çalışır.
Arxiv sənədlərindən bəllidir ki, müasir masonluq XVIII əsrin əvvəllərində İngiltərə və Avropada təşəkkül tapıb və qısa müddət ərzində dünyanın bir çox ölkələrinə yayılıb. Böyük Britaniya Ensiklopediyasının məlumatına əsasən hazırda Avropada 4 milyondan, Amerikada 5 milyondan çox mason fəaliyyət göstərir.
Həmçinin, bəllidir ki, onlar Fransa, İngiltərə, Avstriya, Amerika və s. dövlətlərin idarə olunmasında fəal iştirak edirlər. Parisin, Romanın, Milanın və s. şəhərlərin merləri mason təşkilatında fəaliyyət göstəriblər. O da bəllidir ki, mason mərkəzi-Ümumdünya İsrail ittifaqı Parisdə yerləşir. Bu mərkəzdən bütün sərəncam və göstərişlər dünyanın hər yerinə yayılmış mason lojalarına göndərilir.
Bəs demək olar ki, dünyanın hər yerinə yayılan masonlar və mason lojaları Azərbaycanda da varmı?
Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq ƏliyevAzərbaycanda masonların olmadığını bildirib:
“Mənə elə gəlir ki, Azərbaycan elə bir səviyyəyə gəlib çıxmayıb ki, Azərbaycanda masonların hansısa təşkilatı formalaşsın. Masonlar ümumiyyətlə Şərq zonasında olmayıblar. Əsasən Qərb, Avropa zonasında olublar. Masonların təşkilatı kiçik təşkilat deyil. Bu təşkilatın strukturu, bu strukturu idarə edən və bu struktrun vəzifələrini yerinə yetirən insanlar var. Ümumdünya mason təşkilatlarının hansısa bir qolu Azərbaycanın nəzarətini aparır. Ola bilməz ki, onlar belə bir böyük zonanı diqqətdən kənar qoysunlar. Bu mənada masonların Azərbaycanda təsiri var. Bunu heç kim dana bilməz. Onlar bütün dünyanı idarə edirsə dünyanın bir hissəsi kimi Azərbaycan da onların təsiri altında olur”.
Rafiq Əliyev sosial şəbəkələrdə tez-tez Azərbaycanda mason lojalarının olduğunu iddia edən yazılara da münasibət bildirib:
“Sosial şəbəkələrdə Azərbaycanda mason qrupları, mason lojaları var. Mən indiyənə qədər Azərbaycanda belə bir lojanın üzvü olacaq şəxsiyyətlər görməmişəm. Ola bilsin əvvəllər olub, amma zənnimcə bu gün elə şəxslər yoxdur”.