Dünyasını dəyişən Hüman İsmayıllının babası : “Sağ çıxacaqlarına ümid edirdik”

1681

Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan azərbaycanlı tələbələrin nəşləri sabah Azərbaycana gətiriləcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dağıntı altında qalan Malatyadakı İnönü Universitetinin tələbələrinin – S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadənin 8 gün sonra, ötən gün nəşləri dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, iki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Oxu.Az-ın əməkdaşı dağıntılar altında qalaraq dünyasını dəyişən tələbələrin qohumları ilə danışıb.

Dünyasını dəyişən Hüman İsmayıllının babası Barat Səfərov nəvəsinin arzularının ürəyində qaldığını deyib:

“Hümanın 20 yaşı var idi. Kompüter mühəndisliyi ixtisasının sonuncu kursunda təhsil alırdı. Sonuncu dəfə yayda gəlib bizi ziyarət etdi. Yanımızdan çox mehriban ayrıldı. Son gəlişi olacağını bilə bilməzdik. Gəlib, hər kəs ilə sağollaşdı. Hümangil Sumqayıtda, mən Füzulidə yaşayıram. Mənim yanıma da gəlmişdi. Arzularından bəhs etmişdi. Dedi ki, “baba, magistraturaya hazırlaşıram. Amerika və ya Almaniyanı seçəcəyəm”. İngilis və alman dillərini öyrənirdi. Nəvəmin arzusu puç oldu”.

B.Səfərov hadisədən bir gün öncə Hümanın anası ilə telefonla danışdığını qeyd edib:

“Anası mənim qızımdır. Hümanın anası həkim, atası iqtisadçıdır. Ailədə 3 uşaq idilər. Özündən balaca 2 qardaşı var. Hüman ən böyük övlad idi. Hüman mənim ilk nəvəm idi. Onu nə arzularla ora göndərmişdik. Çox heyif.

Hadisədən bir gün öncə anası ilə danışıb. Anası deyib ki, “Hüman tətildir, niyə gəlmədin?” Deyib ki, “ana, magistraturaya hazırlaşıram. 20 günə görə, gəlmək istəmədim”. Anası Hümanın həmin günü bikef danışdığını deyir”.

Babası Hümanın sağ çıxacağına ümid etdiyini vurğulayıb:

“Dayısı gedib. Bu gecə 03:30 radələrində nəşi gətiriləcək. Sabah dəfndir. Sumqayıtda dəfn olunacaq. Anası özündə deyil, atası donub qalıb. Çox ağırdır. Namaz qılıb, oruc tutan, çox qabiliyyətli, savadlı uşaq idi. 20 yaşında dünyadan köçdü. Biz ümidlə sağ çıxacaqlarını gözləyirdik. İnana bilmirdik. Dünən saat 22:00-a qədər ümidimiz var idi. Tam sakit idik, lakin o xəbəri aldıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər